"Ali Məhkəmə Əmanətlərin Sığortalanması Fondunun və Maliyyə Bazarlarına Nəzarət Palatasının bərbad fəaliyyətini təsdiqlədi”.
Qaynarinfo xəbər verir ki, bunu bank üzrə müxətəssis, hüquqçünas Əkrəm Həsənov deyib. O, bildirib ki, hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə Ali Məhkəmə ləğv prosesində olan "Bank Standard”ın Kreditorlar Komitəsinin şikayətini qismən təmin edib.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı qismən, 2018-ci ilin I rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 3.8, 4.1, 4.2-ci bəndlərinin və 2018-ci ilin II rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 4.1, 4.2-ci bəndlərinin təsdiq edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib.
"Ölkə tarixində bu ilk hadisədir. Ləğv Planları ilə bağlı əvvəllər də şikayət versəm də, təsdiq edilmirdi. Nəhayət, Kreditorlar Komitəsinin sədri qismində son şikayətim təmin edildi. Bununla da, Əmanətlərin Sığortalanması Fondunun bərbad fəaliyyəti təsdiq olundu.
Artıq 2019-cu ilin ikinci yarısıdır, amma "Bank Standard”ın isə heç ötən il üzrə təsdiqlənmiş Ləğv Planı yoxdur. Fond özbaşınalıq edir!. Çünki Fondun tərtib etdiyi həmin Planda xeyli savadsız və qanunsuz müddəalar var. Faktiki olaraq, Fond kreditorlar üçün deyil, bizə məlum olmayan məqsədlər üçün çalışır. İndi təsəvvür edin ki, Kreditorlar Komitəsi olmayan və ya passiv olan ləğv edilən banklarda Fond hansı oyunlardan çıxır”.
Ə. Həsənov bildirib ku, Ali Məhkəmə şikayəti tam təmin etməsə də, bir sıra mühüm məqamları nəzərə alıb: "Ən əsası, Ali Məhkəmə qeyd edir ki, apellyasiya məhkəməsi "iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər ilə bağlı məsələyə və müsbət xalis aktivlər ilə bağlı məsələyə yenidən qiymət verməlidir”.
Məsələ burasındadır ki, ləğv prosesində olan bankların əmlakını savadsız və qanunsuz idarə edən Fond xərclərini göstərmir, halbuki xərcləri həmin bankların hesabına çəkir. Fond və ona himayə edən Maliyyə Bazarlarına Nəzarət Palatası o qədər savadsızdır ki, Planda bankın xalis aktivlərə malik olduğunu göstərir. Müflis bankın xalis aktivi ola bilməz!. Ali Məhkəmə buna da diqqət yetirib.
Bu qərar mühüm presedentdir: deməli, kreditorlar ləğvedici olan Fondun fəaliyyətini mübahisələndirə və uğur qazana bilər. Əslində, Fondu düzgün işləməyə vadar etməyin yeganə yolu budur. Kreditorlar bilməlidir ki, pullarının mühüm hissəsini qaytarmaq istəyirlərsə, yalnız bu yolla getməlidirlər, göydən 3 alma düşməyəcək!.
Şadam ki, Komitə sədri kimi fəaliyyətimi belə uğurlu addımla bitirə bildim. Bundan sonra da həm "Bank Standard”ın, həm də digər müflis bankların kreditorları bu istiqamətdə fəaliyyət göstərməlidirlər. Fondu məcbur etmək lazımdır ki, müflis bankların:
1) əmlakını tez və baha satsın (pərdəarxası sövdələşmələrə getməsin);
2) verdiyi kreditləri tez və tam qaytarsın (əsassız və pərdəarxası güzəştlər etməsin);
3) bütün bunlara az xərc çəksin və bütün xərcləri üzrə tam hesabat versin (müflis banklardan qohum-əqraba və dost-tanış üçün yem yeri kimi istifadə etməsin).
Təəssüf ki, hələlik belə deyil və Fond min cür oyundan çıxır. Ümid edirəm ki, hüquq-mühafizə orqanları Fondun fəaliyyəti ilə yaxından məşğul olacaq! Artıq əllərində məhkəmə qərarı da var”.