Azərbaycanda əlbir olub qiymətləri qaldıranlar kimlərdir...

"Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib. 

Prezident bildirib ki, bu sahədə ciddi nəzarət mexanizmi olmalıdır: “Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır".

Biz də öz növbəmizdə süni qiymət artımının nəticələri və onu yaradan səbəblər haqqında kiçik bir araşdırma etdik. Əvvəlcə onu qeyd edək ki, süni qiymət artımına nəzarət, istehlakçıların hüquqlarının qorunması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əsas vəzifələrindədir. 

Bu il məhsuldarlığın bol olmasına baxmayaraq bir sıra meyvə və tərəvəzlərin (pomidor, soğan, gilas və s.) qiymətlərində nəzərəçarpacaq dərəcədə süni qiymət artımına rast gəlindi. Masallı, Xaçmaz, Tovuz rayonlarında pomidor istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsullarını sahələrdə satdıqları qiymətlərlə həmin məhsulların paytaxtda satıldığı qiymətlər arasında böyük fərq var idi. Məlumat üçün qeyd edək ki, sahələrdə pomidorun kilosu 30-35 qəpiyə satıldığı halda paytaxtda yaxşı pomidor kilosu 2 AZN-dən aşağı qiymətə tapılmadı. Və ya Sabirabaddakı bostanlarda yemiş 10-12 qəpiyə satıldığı halda paytaxtda 30-70 qəpiyə satılmaqdadır. Bu alış-veriş zəncirində itirənlər istehsalçılar və alıcılar, qazananlar isə arada olan vasitəçilərdir. 

Süni qiymət artımının əsas səbəbi bazarlardakı işbazların kiçik və orta sahibkarların həmin bazarlara çıxmasına maneçilik törətmələridir. İnhisarçılar öz aralarında razılığa gələrək rəqiblərin bazarlara girişinə mane olmaqla süni qiymət artımı yaradırlar. Belə ki, bu və ya digər səbəblərdən istehsalçılar öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Sanki onlarla bazarlar arasında böyük bir sədd çəkilib. Vəziyyət belə olduğu təqdirdə həm istehlakçıların, həm də istehsalçıların hüquqları pozulur. Əgər istehlak bazarında azad rəqabət prinsipləri bərqərar olsa, qiymətlərin iqtisadi tənzimlənməsi baş verəcək və işbazlar qeyri-iqtisadi səbəblərdən qiymətlərə təsir göstərə bilməyəcəklər. Nəticədə iqtisadi inkişafa böyük zərbə vuran süni qiymət artımı məsələsi də birdəfəlik həll olunacaq. 

virtualaz.org






Fikirlər