Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarını bu il də eyni şirkətdən satın alacaq.
Dövlət Məşğulluq Xidmətinin özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi "Aqri Kon” MMC olub.
Dövlət Məşğulluq Xidməti və "Aqri Kon” MMC arasında artıq müqavilə bağlanıb. Müqaviləyə əsasən, Dövlət Məşğulluq Xidməti özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün "Aqri Kon” MMC-nin hesabına 27 milyon 698 min 780 manat köçürəcək.Qeyd edək ki, Dövlət Məşğulluq Xidməti 2018-ci ilin avqustunda respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün "Aqri Kon” MMC və "Bis Co” MMC ilə müqavilələr bağlayıb. Konsorsiumun aparıcı təşkilatı olan "Aqri Kon” MMC ilə bağlanan bu müqavilənin 19 milyon 225 min 246 manatlıq dəyəri olub.
Xatırladaq ki, ötən müddət ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən Özünüməşğulluq Proqramı çərçivəsində Proqrama cəlb edilmiş insanlara verilən inək və qoyunlarla bağlı sıra iddialar irəli sürülüb. İnək və qoyun alan insanlar həmin heyvanların qoca, dişi tökülmüş, xəstə olduğunu iddia ediblər və həmin heyvanların görüntüləri sosial şəbəkələrdə, mətbuatda yayılıb. Nazirlik bir neçə belə halda təsdiqini tapmış faktlara əsasən heyvanların əvəzləndiyini bildirib.
Bəs, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti nə üçün dövlətin xüsusi həssaslıqla yanaşdığı bir Proqramın icrasına qalmaqalla yadda qalmış eyni şirkətlə müqavilə imzalayıb?
ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya açıqlamasında deyib ki, 2018-2019-cu illərdə Özünüməşğulluq Proqramına cəlb edilənlərin sayı və dövlətin vəsaiti hesabına aktivlərlə təmin edilən ailələrin sayı, miqyası xeyli genişlənib: "Məhz dövlət başçısının tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əgər ötən il 6 mindən çox ailəyə aktivlər verilibsə, bu il 10 mindən çox ailə Özünüməşğulluq Proqramına cəlb ediləcək. Proqramın əhatə dairəsi genişləndikcə, icrası ilə bağlı mexanizm təkmilləşdikcə, əhalinin həssas qruplarının, işsiz insanların bu Proqrama rəğbəti artır. Belə olmasaydı, nazirliyə bu il 45 min müraciət daxil olmazdı. Təbii ki, növbəlilik qaydasında və həssas qruplara, şəhid ailələri, məcburi köçkünlər, əlilliyi olan insanlara daha çox diqqət yetirilərək, bu Proqrama cəlb edilir və dövlətin hesabına aktivlər verilir”.
F. Talıblı qeyd edib ki, Özünüməşğulluq Proqramı çərçivəsində ötən il təxminən 30 min başadək mal-qara verilib: "Proqramın tərkibinə müxtəlif sahələr daxildir. Lakin regionlarda vətəndaşlar daha çox heyvandarlıqla məşğul olurlar. Bu baxımdan Özünüməşğulluq Proqramı iştirakçılarının təxminən 75-80 faizi kənd təsərrüfatı, heyvandarlıq sahəsi ilə məşğuldurlar. Ötən il paylanılan 30 min baş mal-qara ilə bağlı məmnunluq səviyyəsi yüksək olub. 30 min mal-qaradan yalnız 119 heyvanın, yəni paylanan heyvanların 0,4 faizinin qüsurlu olduğu müəyyən edilib. Həmin heyvanlarla bağlı bəzi vətəndaşlar sosial şəbəkələr, bəziləri mətbuat vasitəsi ilə şikayət edib. Bu faktların hər biri araşdırılıb və həmin heyvanlar dərhal dəyişdirilib. "Özünüməşğulluq Proqramı keçən il uğurlu icra edlmədi deyə yenidən eyni firma ilə müqavilə bağlanıb” fikrini qəbul etmirik. Bizim açıqladığımız rəqəmlər rəsmi rəqəmlərdir. 30 min baş mal-qaranın içərisində 119 baş qüsurlu, sağlam olmayan heyvanlar olub, onlar da dəyişdirilib”.
Nazirlik rəsmisi həmin müəssisə ilə yenidən müqavilənin qanuni əsasda bağlandığını vurğulayıb: "Qanunvericiliyə uyğun olaraq, ölkəmizdə müqavilə bağlanmazdan öncə tender elan edilir. Tender açıq elan edilir, İqtisadiyyat Nazirliyinin "tender.gov.az” saytında elan verilir. Bu sahədə fəaliyyət göstərən şirkətlər bu açıq tenderdə iştirak edə bilər. Qanunvericiliyə uyğun olaraq hansı şirkət düzgün təklif verir, o da qalib gəlir. Keçən il Özünüməşğulluq Proqramı necə uğurlu icra olunmuşdusa, bu il də uğurla icra olunacaq. Bu il daha bir yenilik var. Bu il Özünüməşğulluq Proqramına qoşulan hər kəs elektron sistem sistem vasitəsilə qeydə alınacaq. Hər birinin təlimlərə cəlb olunması, təlimlərin nəticəsində biznes-planlarını müdafiə etməsi, mal və məhsullarının təqdim edilməsi, həm videoçəkilişlər, həm fotoçəkilişlər, üstəgəl, Qida Təhlükəsizliyi Agentliyinin heyvanların sağlamlığına dair verdiyi müvafiq sənədlə mallar təhvil veriləcək. Elektron sistem nazirliyin saytına inteqrasiya ediləcək və ictimaiyyətə açıq olacaq. İstənilən jurnalist, vətəndaş o sayta daxil olaraq Özünüməşğulluq Proqramı çərçivəsində vətəndaşları hansı mal və məhsulla təmin olunduğunu, onun razılığını, Qida Təhlükəsizliyi Agentliyinin sənədini görmüş olacaq. Məqsədimiz şəffaflığı təmin etməkdir. Özünüməşğulluq Proqramının iştirakçılarının hər birinin ayrıca elektron kabineti yaradılacaq və oradakı məlumatlar ictimaiyyət üçün açıq olacaq”.
Fikirlər