DÜNYA YENİ BÖHRAN ASTANASINDA: neftin qiyməti sürətlə düşür – Azərbaycanı nə gözləyir?

 

1483095294_191-4ABŞ-la Çin arasında başlayan ticarət müharibəsi ölkəmizi də təhdid edir

Dünyanın iki nəhəng iqtisadiyyatına malik ABŞ-la Çin arasındakı ticarət müharibəsi fonunda dünya neft bazarında qiymətlərin sürətli enişi davam edir. Avqustun 7-də bu ilin yanvarından bəri ikinci dəfə dünya bazarında “Brent” markalı neftin 1 barelinin qiyməti 58 dollardan aşağı düşüb.

Dünən gün ərzində ucuzlaşma davam edib – 57.45 dollar.

Bloomberg-in məlumatına görə, bu qiymətə birjalarda sentyabr-oktyabr ayları üçün müqavilələr bağlanıb. Ucuzlaşma Azərbaycan neftindən də yan ötməyib. Belə ki, dünya bazarında “Azeri Light” (CIF) markalı neft də ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,51 dollar azalaraq 58,81 dollara bərabər olub.

Neftin ardınca dünya birjalarında sıxılmış qazın (LNG) da qiyməti kəskin ucuzlaşmağa başlayıb. Caspianbarrel Agentliyinin məlumatına görə, dünən 1 BTU (Britaniya termik vahidi) 2.107 dollardan 2.098 dollara düşüb: “Min kubmetrə çevirdikdə, bu, təqribən 80 dollar edir. Əvvəllər qiymət adətən 4-5 BTU arasında dəyişirdi, yəni 150-160 dollar”.

Qeyd edək ki, hələ ki bazardakı enmə prosesini dayandıracaq müsbət siqnallar yoxdur. Əksinə, açıqlanan məlumatlar neftin qiymətinin enməsi prosesini daha da sürətləndirəcək xarakterlidir. Bu məlumatlardan biri qlobal iqtisadi artımın proqnozlaşdırılandan aşağı həddə olmasıdır. Xüsusilə neftə tələbatı artıran Çin iqtisadiyyatında böyümənin yavaşıması bazara ciddi təsirə malik siqnal hesab olunur. Belə ki, bu ilin 2-ci rübündə Çində ÜDM-in artımı 6,2 faiz təşkil edib ki, bu, 1992-ci ildən bəri ən aşağı rəqəmdir. 2018-ci ilin yekunlarına əsasən Çində ÜDM-in artım tempi 6,6 faiz olmuşdu, bu da 1990-cı ildən bəri ən aşağı səviyyədir.

Analitiklər hesab edirlər ki, ABŞ-ın Çinlə başlatdığı ticarət savaşının getdikcə kəskinləşməsi Asiya nəhəngində iqtisadi azalmanın sürətlənməsinə səbəb olacaq. Bu isə bazarda tələbin kəskin azalması deməkdir. Digər tərəfdən, əksər analitik mərkəzlər dünyanın yeni qlobal iqtisadi böhran ərəfəsində olduğu qənaətindədir. Hesab olunur ki, yeni qlobal böhran artıq 2020-ci ildən başlaya bilər. Böhranın əsas səbəbi kimi tsiklik inkişaf dövrünün başa çatması, yeni tənəzzül mərhələsinin başlanması zamanının yetişməsi göstərilir. Böhranlar tarixinə nəzər yetirsək, əksər böhranlar arasında 7-11 illik fasilənin olduğunu görmək mümkündür. Bu isə 2008-2009-cu illər böhranından sonrakı artım dövrünün sona çatmaqda olduğu deməkdir.

Analitik mərkəzlərin hesablamalarına görə, ABŞ iqtisadiyyatı 10 ildir ki, davamlı olaraq böyüyür – bu, son 150 ildə ilk dəfədir. ABŞ fond bazarı bu inkişafın önündə gedir. S&P indeksi 2009-cu ilə nisbətən 4 dəfə artaraq, tarixi maksimuma çatıb, Dow Jones indeksi isə 3,7 dəfə artıb. Bundan  əlavə, dünya ölkələri bu artımlar fonunda öz vəsaitlərini risklərdən sığortalamaq üçün qızıla investisiyaları kəskin artırıblar. Nəticədə qızılın 1 unsiyasının qiyməti 1500 dolları keçib. Qızıla investisiyaların artması yeni böhranın ilk əlamətlərindən biri hesab olunur.

Hesab olunur ki, növbəti böhran əvvəlki bütün böhranlardan daha kəskin ola bilər. Buna kapitallaşma səviyyəsinin yüksək olması gətirib çıxaracaq. Belə ki, dünya səviyyəli bir çox şirkətlərin kapitallaşması ayrı-ayrı dövlətlərdən daha yüksək həddədir. Bu isə böhranda itkilərin daha böyük olmasına gətirib çıxara bilər.

Qlobal böhrana gətirəcək ikinci amil kimi dünya ölkələrinin xarici borclarının ifrat həddə çatması hesab edilir. Məsələn, ABŞ-ın xarici borcu ölkə ÜDM-nin 80 faizi həddinə – 22 trilyon dollara çatıb, artım davam edir. Və təhlükəli məqam budur ki, bu borcun 20 faizi Çinin əlindədir. Ticarət savaşında ciddi zərər görəcəyi təqdirdə Çinin ABŞ-ın borc kağızlarından imtina etməsi Vaşinqtonu tarixində görmədiyi böhrana sala bilər.

Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində də dövlət borcu yüksək həddədir. Bu ölkənin 30 illik davamlı iqtisadi artımının arxasında ÜDEM-in 300 faizinə çatan borc dayanır.

Daha təhlükəli bir məqam budur ki, kapitallama və dövlət borcunun artımı qlobal istehsalın azalması ilə müşayiət olunur.

Dünya üzrə inflyasiya göstəricisi 2 faizdən aşağıdır. Bu isə qlobal istehlakçı tələbinin azaldığını göstərir. Tələbin azalması isə ardınca təklifin artmasının qarşısını alır.

neftin qiyməti ile ilgili görsel sonucu

Nəhayət, Çinin bank sektorundakı problemlər qlobal böhranı başladacaq amillərdən biri ola bilər. Çində bank sistemi ciddi şəkildə problemli kredit böhranı yaşayır. Dövlət proqramları çərçivəsində verilmiş yüz milyard dollarla kreditlər geri qaytarılmır, bu isə bank sektorunda kəskin problemlər yaradır. Son 3 ildə Çin hökumətinin bankları dəstəkləmək üçün atdığı addımlar gözlənilən nəticəni vermir: “ölü” kreditlərin miqdarı hədsiz dərəcədə çoxdur.

Böhranın haradan, hansı ölkədən başlanması əsas deyil. Əsas odur ki, ABŞ, Avropa Birliyi və Çinin əlində böhranın təsirlərini yumşaldacaq rıçaqlar faktiki olaraq mövcud deyil. Belə ki, uçot dərəcələri tarixdə ən aşağı həddədir: Avropada 0 faiz, ABŞ-da 2-2,25 faiz. Bu isə böhran dövründə mərkəz bankların manevr imkanlarını sıfıra endirir.

Təcrübə göstərir ki, təbii sərvətlərdən asılı olan ölkələr dünya böhranından daha çox təsirlənirlər. Bu baxımdan, gəlirlərinin 90 faizə yaxınını neft-qaz satışından əldə edən Azərbaycan üçün həm ABŞ-Çin ticarət savaşı, həm də qlobal böhran gözləntiləri müsbət siqnallar hesab olunmur. Bu şəraitdə Azərbaycanın makroiqtisadi sabitliyi saxlamaq, büdcə gəlirlərini təmin etmək və sair istiqamətlərdə yürüdəcəyi siyasət ciddi şəkildə müzakirə olunmaqdadır.

İlham Şaban ile ilgili görsel sonucu

Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, bu ilin 7 ayında Azərbaycan neftinin orta satış qiyməti 66 dollardan yuxarı olub: “Əvvəla, bu il ərzində neftin qiymətinin 60 dollardan aşağı düşməsi halı bir neçə dəfə təkrarlanıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, Uralsk markalı neftin 7 ayda orta qiyməti 65 dollardan yuxarı olub. Bu halda, Azərbaycan nefti minimum 66,5 dollar olub. Bu isə büdcədə nəzərdə tutulandan 11 faizdən də yüksək göstərici deməkdir. Bundan sonra dünya bazarında qiymət gərək 2 ay da 60 dollardan aşağı olsun ki, orta qiymət gəlib 60 dollardan aşağı düşsün. Bu isə 3-cü rübün sonuna qədər qiymətin proqnozlaşdırılan həddə olması deməkdir”.

Ekspertin fikrincə, bu halda, Azərbaycan hökumətinin büdcəyə yenidən baxmasına hər hansı ehtiyac qalmır:“Hökumət onsuz da həmişə büdcə xərcləmələrində ehtiyatlı siyasət yürüdür. Yəni ilin son aylarında qiymət 60 dollardan aşağı olsa belə, büdcə dəyişikliyinə ehtiyac yaranmayacaq. Əgər qiymət enişi uzunmüddətli olsa belə, Azərbaycanın Dövlət Neft Fondu var. Növbəti il üçün büdcə hələ yenicə hazırlanır. Hesab edirəm ki, 55 dollar Azərbaycan hökuməti üçün comfort qiymətdir. Hökumət gələn il üçün neft istehsalı həcmini də nəzərə almaqla rasional büdcə tərtib etməklə çətinliklərin qarşısını ala bilər. Mütləq şərt deyil ki, büdcə xərcləri bu il 24 milyard olubsa, gələn il də o qədər olsun. Bu il bir sıra xərctutumlu layihələr, islahatlar başa çatıb, beş böyük zavod işə salınıb. Bu il dövlət kreditlərlə bağlı SOCAR-a yardım edirdi. Gələn il buna ehtiyac qalmır artıq. Yəni xərcləri optimallaşdırmaqla neftin qiymətinin ucuzlaşması halında belə Azərbaycan vəziyyətdən itkisiz çıxa bilər, yetər ki, hökumət hərtərəfli hesablamalar aparmaqla büdcə tərtib etsin”.(musavat.com)

 






Fikirlər