Beynəlxalq Bank problemi pambıqçılığı məhv edir
Bunu virtualaz.org saytının Şirvan bürosunun müxbiri ilə söhbətində “CTS AQRO” MMC-nin Salyan pambıq istehsalı və tədarükü məntəqəsinin direktoru Səxavət Səmədov deyib.
S.Səmədovun sözlərinə görə, “CTS AQRO” MMC-nin Salyan pambıq istehsalı və tədarükü məntəqəsi pambıq istehsalı və tədarükü ilə məşğuldur.Bu məqsədlə 2015-ci il mövsümü üzrə 665 hektar sahədə pambıq əkən Salyan və Neftçala fermerləri ilə müqavilələr bağlanıb.
Müqavilənin şərtlərinə uyğun olaraq fermerlərə şum, mala, səpin və digər aqrotexniki xidmətlər, toxumluq çiyidin təminatı da daxil olmaqla və s. işlərin görülməsi üçün 173 minmanatdan artıq vəsait avans olaraq verilib. Qalan vəsait isə mərhələ-mərhələ ödənilməli imiş.
“Hazırda sahələrdə bol pambıq məhsulu yetişib. Amma Beynəlxalq Bank ətrafında yaranmış problemlər “CTS AQRO” MMC-nin fəaliyyətini iflic vəziyyətinə salıb. Əgər “CTS AQRO” MMC-yəbir həftə ərzində maliyyə dəstəyi verilməsə, pambığın satın alınmasına vəsait ayrılmasa,yetişdirilmiş 1000-1500 ton xam pambıq sahələrdə qalıb zay olacaq. Bunun nəticəsində isə pambığın yetişdirilməsinə xeyli vəsait xərcləmiş və hazırda minlərlə manat avans borcu olan 71 fermer ailəsinin güzəranı daha da pisləşəcək” - deyə S.Səmədov bildirdi.
“CTS AQRO” MMC-nin təmsilçisi deyir ki, fermerlərin yeganə ümidi ölkə prezidentinədir.Onlar inanır ki, pambıqçıların yığım və tədarük üçün vəsait problemi yalnız dövlət başçısının müdaxiləsi ilə həll oluna bilər.
Onu da deyək ki, 12 rayonda 10 min hektara yaxın sahədə pambıq əkini üçün fermerlərlə müqavilə bağlamış “CTS AQRO” MMC-nin bütün zavod və məntəqələrində eyni xoşagəlməz vəziyyət yaranıb - pambığın tədarükünə və satınalınmasına vəsait tapılmır.