“Azərbaycan Dəmir Yolları”dan könüllülər üçün təcrübə proqramı
“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib. Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a daxil olan xəbərdə bildirilir ki, proqram çərçivəsində xidməti müqavilə ilə cəlb ediləcək gənclərdən heç bir ixtisas və iş təcrübəsi tələb edilmir. Proqramda bütün ali məktəblərin bakalavr pilləsində təhsil alan gənclər iştirak edə bilərlər. Təcrübəçilərə aylıq 150 AZN xidmət haqqı ödəniləcək. Onlar işə başlamazdan əvvəl adaptasiya təlimi, fərdi inkişaf təlimləri (müsahibə bacarıqları təlimi, korporativ işgüzar münasibətlər təlimi, vaxtın idarə olunması, konfliktlərlə iş, stressin idarə olunması), SƏMTTE (Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya) təlimləri və fəaliyyət göstərəcəkləri sahə üzrə təlimlərə cəlb olunacaq. Proqramda 17-27 yaş aralığında olan fəal gənclərə üstünlük verilir. Gənclər qeyri-dərs vaxtlarında stansiya daxilində və xaricində xidmət göstərəcəkdir. Proqramda iştirak edəcək gənclərdə səmərəli ünsiyyət qurmaq bacarığı, nizam-intizamlılıq, məqsədyönümlülük, nəticəyönümlülük, komanda ilə işləyə bilmək kimi fərdi keyfiyyətlərin olması arzu edilir. Təcrübəçilərdən gözlənilən xidmətlər aşağıdakılardır: Dəmir yolu vağzalında vətəndaşların qarşılanması; Elektron lövhələrdən istifadə olunmasında sərnişinlərə köməkliyin göstərilməsi; Tablet və ya telefon vasitəsilə yaxınlaşan sərnişinlərə onlayn bilet almaqda köməkliyin göstərilməsi və ya kassalara yönləndirilməsi; Sərnişinlərdən gələn irad və təkliflərin dinlənilməsi, müvafiq qaydada qeydlərin aparılması; “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqədar müxtəlif sosial monitorinqlərin aparılması; Növbələrin təşkili; Qatarlarda və vağzallarda sorğuların keçirilməsi. Proqramın müddəti 3 ay davam edəcək. Həmin müddəti bitirən təcrübəçilərə təşəkkürnamə və xüsusi seçilən təcrübəçilərə fərqlənmə sertifikatı veriləcək. Müraciətlər bu il oktyabrın 7-dək qəbul olunacaq. Proqrama qoşulmaq istəyən tələbələr “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vakansiyalar” bölməsində “Təcrübəçi” vakansiyası üzrə müraciət edə bilərlər.