Gələn ildən dəmir yolu nəqliyyatında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün "ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi istiqamətində pilot layihə həyata keçiriləcək.
Dəmir yolu üzrə ekspert Yasin Mustafayev "Finans.az"a bildirib ki, "ASAN Railway”in dəmir yolu nəqliyyatında səmərəliliyin daha da artırılmasına çox fayda verəcək.
"Asan Railway" layihəsi bənzəri olmayan bir konsepsiyadır. Ən azından mənim şəxsi araşdırmamda bu istiqamətdə dünya ölkələrində analoji fəaliyyətlə rastlaşmamışam. Dəmir yolu prinsip etibarı ilə sərnişin və yük daşımada qrafik üzrə, yəni təyin olunmuş vaxt çərçivəsində hərəkət edir. Bu reqlament çox vaxt istifadəçilərin vaxtı ilə üst-üstə düşmür və baxmayaraq ki, maddi, təhlükəsizlik, ekoloji və rahatlıq baxımından sərfəlidir,- dəmir yolu xidmətindən imtina edərək alternativ vasitələrə əl atılır. "ASAN Railway" bu baxımdan sərnişin və yükdaşımada şərtləri asanlaşdırılmış bir sistem təklif edir.
Qeyd etdiyim kimi, bu bir konsepsiyadır və necə effektiv olacağını zaman göstərəcək. Amma ilkin analizlər göstərir ki, bu layihə kifayət qədər insanlarda marağa səbəb olub. Səyahət, turizm, yükdaşıma və sair sahələrdə faydalı olacağı planlaşdırılır. Bu işlər çərçivəsində online növbə, sifariş, ödəmə və s. xidmətlərin təşkil olunduğu təqdirdə daha da diqqətçəkən olacaq və populyarlıq qazanacaq. Həmçinin istehsal ediləcək "taksi”lərdə texnologiyanın nailiyyətlərindən istifadə olunaraq sərnişinlərin rahatlığı üçün internet, əyləncə oyun avadanlığı, qida, içki və digər ehtiyaclar üçün şərait yaradıldığı təqdirdə böyük müştəri kütləsinin diqqətini üzərinə çəkəcək. Belə olan halda məsələyə "daha çox daşınma daha çox inkişaf” prinsipi ilə baxsaq, iqtisadiyyatın inkişafında və dəmir yollarının səmərəliliyinin daha da artırılmasında çox faydası olacaq".
Xatırladaq ki, bu il dekabrın 13-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət”), "Azərbaycan Dəmir Yolları" QSC və "İdrak Texnoloji Transfer” MMC arasında "ASAN Railway" layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memarandumu imzalandı. Bütün sınaqlardan keçdikdən sonra 2020-ci ilin sonlarında ilk prototip hazırlanacaq və pilot layihə olaraq istifadəyə veriləcək. Qatarın detallarına qədər burda istehsalı təşkil olunacaq, layihənin digər ölkələrdə də tətbiqi gözlənilir. "ASAN Railway" vasitəsilə həm sərnişin daşıma xidməti, həmçinin yükdaşımalar həyata keçirilə bilər.