"Cənub Qaz Dəhlizi layihəsinin bütün sahələrində qrafik üzrə iş aparılır"

 

SOCAR prezidenti: "Azərbaycan qazı Avropaya təyin olunan vaxtda çatdırılacaq

Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin icrası yüksək templə irəliləyir. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev xatırladıb ki, artıq layihə üzrə 10 mlrd. dollardan çox məbləğdə müqavilələr imzalanıb: "Həm Heydər Əliyev adına Dərin Özüllər Zavodunun sahəsində, həm başqa sahələrdə işlər başlanılıb. Dənizdə də, quruda da, Səngəçal terminalının genişləndirilməsi ilə bağlı işlər də sürətlə aparılır. Cənubi Qafqaz Boru kəməri boyunca yeni boru xəttinin tikintisi işlərinə həm Azərbaycanda, həm də Gürcüstanda başlanılıb. Borular sahələrə gətirilib, qaynaq işləri aparılır. Gürcüstanda kompressor stansiyasının tikintisinə başlanılıb".

SOCAR rəhbəri TANAP layihəsindən də danışaraq qeyd edib ki, bu qaz boru kəmərinin də tikintisi uğurla həyata keçirilir: "1 350 km hissədə borular sahələrə daşınıb, 400 km boru istehsalçılar tərəfindən təhvil verilib və sahələrə daşınır. Lot-1, Lot-2 və Lot-3 ərazisində qaynaq işləri aparılır. Artıq proqrama uyğun və hətta qrafiki biraz da qabaqlamaqla işlər görülür".

R.Abdullayev həmçinin qeyd eidb ki, Trans-Adriatik boru kəməri (TAP) layihəsi üzrə də işlərə başlanılıb: "Albaniyada boru xətti yolunun düzəldilməsi həyata keçirilir. Yunanıstanda işlərin başlanılmasına hazırlanır. Dəniz işlərini həyata keçirmək üçün layihə başa çatıb. Tender prosedurası aparılır. Qrafik üzrə Cənub Qaz Dəhlizi layihəsinin bütün sahələrində iş aparılır və Azərbaycan qazı təyin olunan vaxtda Avropaya çatdıracağıq".






Fikirlər