Bu yolda yeni körpülər salınıb - FOTOLAR
Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib. Yol boyu tələb olunan yerlərə su ötürücü boruların quraşdırılması tələb olunduğu üçün yol oyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Mövcud küvetlər tam dolduğu üçün, həmçinin yolun yuxarı maillik olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi üçün beton küvetlərin tikintisi tələb olunduğu üçün 5 min paqon metr uzunluğunda yeni dəmir-beton küvetlər inşa olunub, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istinad divarları tiklib. Qeyd edək ki, layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.