AZƏRBAYCAN YENƏ DÜNYA BANKINDAN KREDİTLƏR ALIR - İki ildə 1,1 milyard faiz ödəmişik
Dünya Bankı (DB) “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinin icrasının müddətini uzatmağı planlaşdırır. Bankdan mətbuata verilən açıqlamaya görə, 2014-cü ildən bəri həyata keçirilən layihənin müddətinin 2021-ci il iyunun 30-dək uzadılması planlaşdırılır: “Layihənin əvvəlcədən 30 iyun 2020-ci ilə qədər reallaşdırılması nəzərdə tutulmuşdu. Amma qalan vəsaitlərin tam istifadəsini təmin etmək və Sumqayıtdakı məhkəmə kompleksinin, eləcə də DATA mərkəzlərinin istifadəyə verilməsi məqsədilə layihənin müddətinin uzadılması təklif olundu. Bununla yanaşı, DB komandası layihədəki tərəfdaşları ilə bu tarixin 31 dekabr 2020-ci ilə təxirə salınma imkanını müzakirə etməyi planlaşdırır”. Layihənin həyata keçirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB - DB-nin struktur vahidi) xətti ilə Azərbaycana 100 milyon ABŞ dolları həcmində kredit ayrılması təsdiq edilib. “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinin məqsədi ayrı-ayrı ədliyyə xidmətlərinə çıxışların yaxşılaşdırılması, xidmətlərin şəffaflığını və səmərəliliyini artırmaqdır. Layihə dörd komponentdən ibarətdir. Birinci komponent məhkəmə xidmətlərinin göstərilməsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bu da öz növbəsində iki alt komponenti əhatə edir: məhkəməyə çıxış və elektron məhkəmə xidmətlərinin genişləndirilməsi.
İkinci komponent institusional potensialın, effektivliyin, eləcə də monitorinq və qiymətləndirmənin möhkəmləndirilməsinə istiqamətlənib. Buraya əsas ədliyyə orqanlarının əsaslı siyasi qərarlar qəbul etmək və və islahatlar aparmaq sahəsindəki imkanlarını artırmaq üçün texniki yardım, təlim və məsləhət xidmətləri daxildir. Üçüncü komponent məhkəmə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsini, o cümlədən altı məhkəmə binasının və məhkəmə kompleksinin tikintisi və yenidən qurulmasını əhatə edir. Dördüncü komponentə layihənin idarəedilməsi və koordinasiya, Ədliyyə Nazirliyinin layihələri idarə etmək, izləmək və əlaqələndirmək imkanlarını gücləndirmək, o cümlədən audit - layihənin maliyyə hesabatı, ekoloji və sosial təminatlara uyğunluq və məlumatların icrası daxildir. Qeyd edək ki, bu il Azərbaycan Dünya Bankından daha bir layihənin icrasına vəsait almaq niyyətindədir. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi özünüməşğulluq proqramına dəstək layihəsidir. Azərbaycan hökuməti bankdan bu layihə üçün 100 milyon dollar istəyib və qurumdan müsbət cavab alıb. Bankın Direktorlar Şurasının martda keçiriləcək iclasında kredit xəttinin açılmasına dair qərarın qəbul olunması gözlənilir. Maraqlıdır ki, Azərbaycan hökuməti Dünya Bankından cəlb etməyi düşündüyü böyük məbləğdə bir borcdan isə imtina edib. Belə ki, hökumət ökədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması layihəsi çərçivəsində Dünya Bankından 66,7 milyon dollar kredit almaq haqqında razılaşmış və bu kreditin 15,5 milyon dollarını alıb istifadə etmişdi. Azərbaycan tərəfi kreditin qalan və daha böyük hissəsini almaqdan imtina edib. Bununla da layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən 2019-cu ilin sonuna dəyişdirilib.
Dünya Bankından verilən məlumata görə, Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51,196 milyon dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib. Layihənin dayandırılmasından sonra gələcək işlərin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçiriləcək. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlığa başlayıb. 25 ildən yuxarı tərəfdaşlıq müddəti ərzində bankın ölkəyə yatırdığı investisiyaların ümumi məbləği 54 layihə çərçivəsində 3,5 milyard dollardan artıq olub. Bu layihələr dövlət sektorunun idarəçiliyi, səhiyyə və təhsil sistemlərindən tutmuş maliyyə və infrastruktur kimi müxtəlif sektorları əhatə edir. Bankla əməkdaşlıq birgə strategiya olan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) üzərində qurulur. Hazırkı ÖTÇ 2015-2020-ci illəri əhatə edir. Hazırda Dünya Bankı Azərbaycanın dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə və Azərbaycan Dəmir Yolları QSC-nin institusional potensialının müasirləşdirilməsinə yardım edir. Bank həmçinin 2001-ci ildən etibarən Azərbaycanın yol sektorunda müxtəlif layihələri maliyyələşdirir. Dünya Bankı tərəfindən Azərbaycanın nəqliyyat sektoruna 1,8 milyard dollardan artıq investisiya yatırılıb. Böyük Bakının Su Təchizatı Sisteminin Yenidənqurulması Layihəsi bankın Azərbaycanda ilk layihələrindən idi. Çirkab sutəmizləyici qurğuların bərpası və şəbəkənin təmir olunması ilə bu layihə Bakının supaylayıcı sisteminin tamamilə çökməsinin qarşısını alıb. Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi yeni su və kanalizasiya şəbəkələrinin tikintisi, su və çirkab sutəmizləyici qurğuların inşası və bu sahədə kommunal xidmət müəssisələrinin maliyyə dayanıqlığının gücləndirilməsinə yardım edir. 1992-ci ildən etibarən bu sektora 700 milyon ABŞ dollarından artıq vəsait yatırılıb. Bank Azərbaycan Dəmir Yolları QSC, Azərsu ASC və digər kommunal dövlət müəssisələri daxil olmaqla, onların Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun avtomatlaşdırılmış mühasibat sisteminə keçidinə yardım edir. Dünya Bankı Azərbaycanda nərə balığı kürüsünün istehsalı potensialının bərpası sahəsinə Xəzər regionunda ən iri və müasir balıqartırma zavodunun tikintisinə; Abşeron yarımadasında civə və neftlə çirklənmiş konkret sahələrin təmizlənməsinə, o cümlədən ətraf mühitin idarə olunması sahəsində Azərbaycanın tənzimləyici və institusional potensialının artırılmasına dəstək verib. Bundan əlavə, Bank Təhlükəli Tullantılar Poliqonunun tikintisini dəstəkləyib, bu poliqon Azərbaycanda yeganə belə müəssisədir və beynəlxalq standartlara tam cavab verir. Bank Bakının Balaxanı qəsəbəsində ən iri bərk məişət tullantıları ərazisinin təmizlənməsi layihəsini maliyyələşdirib. Dünya Bankından kreditlərin alınmasına baxmayaraq, Azərbaycan hökuməti ümumilikdə xarici borclanmanı azaltmaq xətti yürüdür. Belə ki, xarici dövlət borcunun 01.07.2019-cu il tarixə kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan məbləği 12 milyard 195,1 milyon ABŞ dolları təşkil edib ki, bu da həmin ilin əvvəli ilə müqayisədə 102,2 milyon ABŞ dolları və ya 0,83 faiz azdır. 2019-cu ilin 1 iyul tarixinə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 8 milyard 920,1 milyon dollar təşkil edib. Ölkənin xarici dövlət borclarına xidmət xərcləri də ötən illərə nisbətən azalmaqdadır. Belə ki, 2020-ci ildə dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərə 1 milyard 828,2 milyon manatın sərf olunması nəzərdə tutulub. Həmin məbləğ 2020-ci il dövlət büdcəsi gəlirlərinin təqribən 7,6 faizini, xərclərinin isə 6,8 faizini təşkil edəcək. 2019-cu ilin proqnoz göstəricisi ilə müqayisədə bu il üçün dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 506,6 milyon manat az nəzərdə tutulub. 2020-ci il üçün xarici dövlət borcu üzrə ödənişlər 1 milyard 695,0 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 92,7 faizinə, dövlət büdcəsi gəlirlərinin 7 faizinə, dövlət büdcəsi xərclərinin 6,3 faizinə bərabərdir Xarici dövlət borcu üzrə ödənişlər 2018-ci ildə 2 milyard 132,4 milyon manat, 2019-cu ilə isə 2162,2 milyon manat olub. Dövlət büdcəsinin layihəsindən aydın olur ki, cari ildə xarici dövlət borcu üzrə ödənişlərin 517,9 milyon manatını (xüsusi çəkisi 30,6 faiz) faiz ödənişləri, 1 milyard 177,1 milyon manatını (xüsusi çəkisi 69,4 faiz) əsas borc üzrə ödənişlər təşkil edəcək. 2019-cu ildə bu məbləğlər müvafiq olaraq 601,8 milyon manat (xüsusi çəkisi 27,8 faiz), əsas borc üzrə ödənişlər isə 1 milyard 560,4 milyon manat (xüsusi çəkisi 72,2 faiz) nəzərdə tutulmuşdu(musavat.com).