Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozu stabil qiymətləndirildi
COVID-19 pandemiyası və neftin qiymətinin ucuzlaşması ilə bağlı yaranmış yeni sosial-iqtisadi reallıqlar şəraitində Moody's Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sektoru ilə bağlı təhlillər aparıb. Bankdan verilən məlumata görə, sektordakı vəziyyət, perspektivlər, mümkün risklər qiymətləndirilib. Bu təhlillər çərçivəsində ölkənin bank sektorunda əhəmiyyətli mövqeyə malik Azərbaycan Beynəlxalq Bankının bəzi reytinqlərinə də yenidən baxılıb. Agentlik Bankın kredit ödəmə qabiliyyəti reytinqini (Baseline Credit Assessment), eləcə də yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini stabil qiymətləndirib. Yerli və xarici valyutada depozitlər üzrə həm uzunmüddətli, həm də qısamüddətli Qarşı Tərəfin Risk Reytinqi (CRRs) və Qarşı Tərəfin Risk Qiymətləndirməsi (CR) isə NP səviyyəsində qərarlaşıb. Moodys Azərbaycan Beynəlxalq Bankının kapitalının adekvatlığı əmsalının 2019-cu ilin sonuna 33,1% səviyyəsində olduğunu diqqətə çatdırır. Müəyyən edilmiş normadan təxminən üç dəfə yüksək olan bu göstəricinin bank üçün kifayət qədər güclü təhlükəsizlik mövqeyi yaratdığı bildirilir. Hesab edilir ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə vəziyyəti, kapital mövqeyi hər hansı neqativ təsirlərə qarşı onun dayanıqlığını təmin edəcək. Agentlik ekspertlərinin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankına qoyulmuş depozitlərə dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Bu, həm də bankın irimiqyaslı və aparıcı bank olması, sistem əhəmiyyəti daşıması ilə bağlıdır. Moodys-in rəyində o da göstərilir ki, indiki şəraitdə Azərbaycan Beynəlxalq Bankının idarə olunması vəziyyəti, bankda tətbiq edilən korporativ idarəetmə qaydaları ilə bağlı agentliyin hər hansı narahatlığı yoxdur. "AzerTaym.az"