Komitə sədrindən torpaqları qamarlayan məmurlara MESAJ: “Heç kim özü ilə o dünyaya aparmayacaq”
Dünyanı cənginə alan koronavirus pandemiyası dövründə gündəmə gələn əsas məsələ insanların ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Sərhədlərin bağlanması fonunda idxal-ixrac əməliyyatlarının məhdudlaşdırılması bu problemi bir az da qabardıb. Azərbaycan isə illər əvvəl aqarar sektorda əldə etdiyi uğurları bərpa edə bilmir. Buna əsas səbəblərdən biri də əkinə yararlı torpaqların oliqarx məmurlar tərəfindən zəbt olunmasıdır. Heç kimə sirr deyil ki, Azərbaycanın bəzi rayonlarında 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların oliqarxlar tərəfindən zəbt edilməsinə diqqət çəkərək, "ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır", deyə bildirmişdi: “Koronavirus olmasa belə, biz...” Problem barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, hər qarış torpaqdan istifadə edilməli, ondan məhsul götürülməlidir: “Bu, ərzaq təhlükəsizliyi üçün olduqca vacibdir. İldən ilə əhalinin sayı, xaricə ixrac edilən məhsulların həcmi, insanların ərzağa olan tələbatı artır. Biz həm özümüzü ərzaqla təmin etməliyik, həm də məhsulu xaricə çıxartmaqla ölkəyə valyuta gətirməliyik. Ona görə də ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə işlər intensivləşdirilməlidir. Hazırda bu istiqamətdə işlər gedir. Bəzi yerlədə torpaqların üzərində əvvəlki kimi məmur istismarı azalıb. Mən özüm də bunun şahidi olmuşam. Ötən il Azərbaycanda 67 min ton artıq pambıq istehsal etdik, məhsul istehsalı 29,5 sentinerə çatdırıldı. 201 min ton üzüm, 3 milyon tondan artıq taxıl istehsal etdik ki, bunun da 2 milyondan artığı buğdadır. Ona görə də əkinə yararlı torpaqların hamısından istifadə olunmalıdır. Ölkə başçısı dəfələrlə xatırladıb. Yerlərdə müvafiq orqanlar tərəfindən əkinə yararlı torpaların kəndliyə geri verilməsi istiqamətində işlər aparılır. Torpaqların əkin dövriyyəsinə cəlb olunmasının nəticəsidir ki, biz lazım olan bir çox sahələrdə-çayçılıqda, tərəvəzçilikdə, taxılçılıqda artıma nail olmuşuq. Amma problem hələ də tam olaraq aradan qaldırılmayıb. Ayrı-ayrı məmurların əlində olan torpaqlar var ki, nə sahibləri istifadə edir, nə kiməsə istifadəyə verirlər. Torpağı götürmüsən, yararsız hala salmaqdansa, kəndliyə icarəyə ver, yaxud özün rəhbərlik et ki, insanlar əkin-biçinlə məşğul olsunlar. Biz indidən addımlar atmalıyıq ki, bir neçə ay sonra qıtlıqla üz-üzə qalmayaq. Lap koronavirus təhlükəsi olmasa da belə, biz müharibə şəraitində yaşadığımızı unutmamalıyıq. Müharibə şəraitində yaşayan ölkə qida təhlükəsizliyini mütləq təmin etməlidir. Təcavüzkar ölkə müharibə elan edə və sabahı gün döyüşlər başlaya bilər. Bu zaman bizim bəzi ölkələrlə iqtisadi əlaqələrimiz kəsilə bilər. Ölkədə çətinlik yarana bilər. Ona görə hamı bu barədə fikirləşməlidir. Ölkə rəhbərinin qətiyyətli addımları nəticəsində bu işlər görülür. Mən ümid edirəm ki, bir neçə ilə dövriyyədən kənarda əkinə yararlı torpaq qalmayacaq”. “Heç kim torpağı özü ilə aparamayacaq” Komitə sədri oliqarx məmurlara dünyanın fani olması ilə bağlı mesaj da verib: “Mən hər kəsi birliyə səsləyirəm. İndilərdə Ağcabədidən yaxşı bir xəbər aldım. Deməli 130 mağaza pulsuz çörək aksiyasına start verib. Sosial işçilər tənha adamlara həmin mağazalardan çörək aparırlar. Bu çətin günlər insanları birləşdirir. Bizim yeraltı-yerüstü sərvətlərimiz çoxdur deyə ona arxayın olmuşuq. Koronavirus “Biz hər şeydən xaliyiq” fikrinin tamamilə yanlış olduğunu göstərdi. Pandemiya göstərdi ki, insan onun qarşısnda acizdir, elm acizdir, təbabət acizdir. Bu döyüş deyil, müharibə deyil, amma onu bioloji müharibə adlandırmaq olar. Birdən-birə ölkələr nə vəziyyətə düşdü. Biz hamımız birliyimizi göstərməliyik. Əgər xəstə insan bilirsə ki, hər gün onun evinə puluz çörək gələcək, o nə qədər sevinir. Digər tərəfdən bu, gənclər üçün bir dərsdir. O cümlədən, bəzi insanlar, məmurlar, zənginlər düşünməsin ki, torpağı özü ilə o dünyaya aparacaq. O torpaqlar imkanı olmayan, bacarıqlı insanlara, kəndlilərə verilməlidir ki, torpaq yaşasın, ölkənin iqtisadi gücü artsın, vətəndaşın ərzaq təhlükəsizliyi təmin olunsun”.
"Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq, kənd təsərrüfatında istifadəyə yönəldiləcək".