Azərbaycanda əkinə yararlı iri Azərbaycanda əkinə yararlı iri torpaq sahələrini zəbt edən məmurların siyahısı hazırlanır. Bu barədə 365.az-a Kənd Təsərrüfatı Nazirliyinə yaxın mənbələrdən məlum olub.
Məlumatda bildirilir ki, adıçəkilən nazirliklə bərabər, İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi bir neçə aydır belə torpaq sahələri ilə bağlı araşdırma aparırlar. "Təftişin ilk nəticələri tükürpədicidir. Belə məlum olur ki, əksəriyyəti yüksək vəzifəli şəxslər olmaqla, əkin sahələrini ələ keçirib orada dəbdəbəli villalar ucaldan xeyli şəxs var. Hazırda yüzminlərlə hektar əkinə yararlı torpaq faktiki olaraq ya təyinatı üzrə tamamilə istifadəsizdir, ya da orada şəxsi mülklər, imarətlər inşa olunub”, - məlumatda vurğulanır.
Qeyd edək ki, bu torpaq sahələri ilə bağlı məsələyə son vaxtlar ölkə başçısı İlham Əliyevin çıxışlarında da tez-tez toxunulur. Sonuncu dəfə bu il sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən böyük torpaq sahələrinin daha da səmərəli şəkildə dövriyyəyə buraxılacağını bildirib. Ölkə başçısı qeyd edib ki, məsələ ilə bağlı bu il çox ciddi təftiş aparılır: "Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir”.
Prezident bundan əvvəlki çıxışlarında böyük torpaq sahələrini zəbt edənlər arasında məmurların da olduğunu, hətta onlardan bir çoxunun adlarının da aşkarlandığını demişdi.
Bu isə saytımıza daxil olan məlumatın doğruluğunu təsdiqləyir. İstisna deyil ki, həmin məmurların adları məhz Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri ilə Əmlak Məsələləri Dövlət Komitəsinin birgə yoxlamaları nəticəsində üzə çıxarılıb.
365.az-a verilən məlumatda o da qeyd olunur ki, Azərbaycanda hətta on minlərlə hektar torpaq sahəsini ələ keçirmiş yüksək çinli məmur var. Bu qədər böyük torpaq sahəsinin onun nəyinə gərək olduğunu demək çətindir, bilinən odur ki, başda bəzi nazirlər, nazir müavinləri, icra başçıları olmaqla zəbt olunan iri torpaqların əhəmiyyətli qismi əkilib-becərilmir. Baxmayaraq ki, onlara məhz əkin adı ilə yiyələniblər.
"Hazırda belə şəxslərin siyahısı hazırlanır, bu isə bir çox məmurlara baha başa gələ bilər. İllərdir əkinə yararlı böyük torpaq sahələrini ələ keçirmiş, onu əkin məqsədilə istifadəsiz saxlamış, bu da azmış kimi, həmin torpaqlardan başqa məqsədlər, məsələn, şəxsi imarətlər, villalar tikmək üçün yararlanmış belə məmurların sərt cəzalandırılması mümkündür. Həmin torpaqların onların əlindən alınacağı dəqiqdir, amma onlar yalnız bu torpaqları deyil, vəzifələrini də itirə bilərlər”, - deyə mənbəmiz əlavə edib.