“MTN işi” bəzi bələdiyyə sədri və icra nümayəndələrinin də “başını yeyəcək”
Sabiq generalların torpaq işğalına onlar bələdçilik edib Hazırda istintaqı davam edən “MTN işi” ilə bağlı xeyli sayda bələdiyyə sədri və icra nümayəndəsinin də həbsi gözlənilir. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb bələdiyyə sədri və icra nümayəndələrinin MTN generallarının torpaq və əmlak zəbtində bələdçi qismində çıxış etməsidir: “MTN işi” ilə bağlı aparılan araşdırmalar çərçivəsində ləğv edilən bu qurumun general-polkovnik heyətinin çoxlu sayda daşınmaz əmlaka, yüz hektarlarla torpaq sahəsinə, saysız-hesabsız villa və restoranlara sahib olduğu üzə çıxıb. Araşdırma nəticəsində ortaya çıxan digər bir ilginc reallıq isə MTN generallarının torpaq işğalında bələdiyyə sədri, icra başçıları və icra nümayəndələrinin bu məsələdə vasitəçi qismində yaxından iştirak etməsi gerçəyidir. Belə ki, bütün ölkəyə qənim kəsilən MTN generallarının xoşuna gəlmək, onların rəğbətini qazanmaq, ən əsası qəzəbinə tuş gəlməmək üçün bu məsələdə onlara yaxından kömək edən bələdiyyə sədri və icra nümayəndələri ciddi qanunsuzluqlara vəsilə olub. Təmsil etdikləri kənd, qəsəbə və rayonlardakı torpaq sahələrinə yaxşı bələd olduqları üçün torpaq əldə etmək, kənd təsərrüfatı obyektləri inşa etmək istəyən MTN generalları ilk növbədə bələdiyyə sədri və icra nümayəndələrinin yanına adam göndərir, onlardan ən yaxşı torpaq sahələrinin yerini xəbər alır, habelə həmin şəxslərdən bu torpaq sahələrini onların və ya yaxınlarının adına rəsmiləşdirməsini tələb edirdi. Generalların bu tələbini bir qayda olaraq “baş üstə” kəlməsi ilə cavablandıran adıçəkilən yetkililər dövlət balansında olan torpaqları MTN generallarının adına sənədləşdirir, bəzi hallarda ayrı-ayrı vətəndaşlara məxsus torpaqların da zor gücünə onlardan alınıb “paqonlu işğalçılar”a verilməsini təmin edib. Məhz bu səbəbdən də yaxın gələcəkdə bəzi bələdiyyə sədri və icra nümayəndələrinin həbsxanada sabiq generallarla eyni və ya yanaşı kameraları bölüşdürəcəyi ehtimalı böyükdür”.