“Torpaq Siracəddin“, “balıq Bəhram“ və Saatlının ruzisiz qalmış kəndliləri

“Torpaq Siracəddin“, “balıq Bəhram“ və Saatlının ruzisiz qalmış kəndliləriSaatlının icra başçısı Siracəddin Cabbarov şəhid ailələrinə qan uddurur, ləğv olunmuş Torpaq Şöbəsi isə “torpaq satır”

Ölkə.az-ın redaksiyasına Saatlı rayonunun Azadkənd kəndindən şikayət məktubu daxil olub.

Bir qrup kənd sakini rayonun icra başçısı Siracəddin Cabbarovun qanunsuz əməllərindən cana gəldiyini yazır.

Belə ki, icra başçısı kənd sakinlərinin əkin sahələrini yararsız vəziyyətə qoyub. Şikayətçilər deyir ki, icra başçısı kəndin çölündə yerləşən və kəndin qrunt sularının axdığı gölü Bakı şəhərində yaşayan Bəhram adlı şəxsə satıb. Kəndin qrunt suları bu gölə yığılır, göldən isə birbaşa Mil-Muğan Kollektoruna axırmış. Bəhram isə gölün Mil-Muğan Kollektoruna axınının qarşısını alıb və gölü özəlləşdirib, balıq vətəgəsi düzəldib. Amma indiyə qədər bu vətəgədə balıq da saxlamayıb.

Beləliklə Bakı sakininin artıqtamahlığı və icra başçısının özbaşınalığı bir kəndin sakinlərini bu il ruzisiz qoyub. Çünki gölə yığılan sular axmadığı üçün qrunt suları əkin sahələrində göllənir və əkini sıradan çıxarıb zay edir.

Şəhid atası Ataman Hacıyev yazır ki, yeganə qazanc yeri olan əkin sahələrini zinə suları basdığından bu il bütün zəhməti hədər gedib:

"İndi yanacaq baha olduğu üçün traktorlar yeri çox baha qiymətə şumlayır. Evdə son qəpiyimizə qədər traktorlara verib yeri şumlatdırdıq, malalatdırdıq. Aylarla, ailəlikcə günün qabağında qan-tər içində işlədik, amma sonda zinə suları bütün məhsulumuzu zay etdi. Bir nəfərin ucbatından bütün kənd zülüm çəkir. Belə qanunsuzluq olmaz axı".

Şəhid qardaşı Mais Qurbanov da Bəhramın balıq sevdasından əziyyət çəkənlərdəndir. O, deyir ki, əkin sahələri sıradan çıxıb. Zinə suları onun həm həyətyanı sahəsini, həm də çöldəki əkin sahələrini tamamilə yararsız hala salıb.

Qarabağ döyüşçüsü Babək Hacıyev isə əkin əkmək üçün götürdüyü krediti ödəyir. Əkinin isə ancaq zəhmətini çəkib, bəhrəsini görməyib: "Kredit götürüb əkin əkdim. Zinə suları bütün əkinimi, taxılımı məhv etdi. Aylarla çəkdiyim zəhmət hədər getdi. İndi hər ay 32 faizlə kredit ödəyirəm".


Elşad Cabbarov, Cəfər Cəfərov və digər kənd sakinləri iddia edirlər ki, Bəhram onlara bu gölü 2013 –cü ilin dekabr ayında Saatlı rayonunun torpaq şöbəsindən aldığını deyib. Lakin bu gölün yarısı kənd bələdiyyəsinin ərazisi olduğu üçün torpaq şöbəsinin bu sahəni satmaq hüququ yoxdur. Üstəlik, Prezidentin 2003-cü il 23 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları"na əsasən bələdiyyə torpaqları hərraca çıxarılıb satılmalıdır.

Bəhram əslində yaxınlarına, dostlarına torpağı icra başçısı Siraqəddin Cabbarovun özündən aldığını deyir. Sadəcə, şikayətçilərə torpaq şöbəsinin adını ona görə hallandırır ki, artıq bu şöbə ləğv olunub. Yəni Saatlı İcra Hakimiyyətinin başçısı rayon əhalisi ilə belə oyun oynayr. Belə ki, satdığı torpaqların indiki sahibləri icra başçsının deyil, torpaq şöbəsinin adını verməklə özlərini sığortalayırlar. Çünki haqqı tapdanmış insanlar olmayan bir qurumdan hara və kimə şikayət edəcəklərini bilmirlər.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq






Fikirlər