"Bu qərarın yanlış və kökündən səhv olduğunu düşünürəm”.
"AzerTaym.az" bildirir ki,bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli xaricdən gömrük ödənişi olmadan poçt və daşıyıcı şirkətlə fiziki şəxslərə gətirilən malların dəyərinin 300 dollara endirilməsi qərarını şərh edərkən deyib. Ekspert hesab edir ki, bu qərarın mahiyyəti valyutaya təlabatın süni şəkildə azaldılması cəhdidir:
"Bütün dünya indi onlayın ticarətə keçib, xaricdən sifarişlər getdikçə populyarlaşır. İnsanlar şəxsi ehtiyaclarını belə xaricidən sifarişlə həyata keçirirlər. Poçt xidməti və iri dünya markalı şirkərlər vasitəsi ilə sifariş verirlər. Dünya hökümətləri buna yol açır, bunun üçün imkanlar yaradır, bizdə isə tərsinədir”.
Natiq Cəfərli bildirib ki, bu qərarın verilməsi ilə insanları incidirlər:
"Əgər mənə 1000 dollarlıq sifariş lazım olacaqsa, onun 300 dollarını öz adıma, digər 300 dollarını isə başqalarının adına rəsmiləşdirməliyəm. Niyə insanları qanunlardan yan keçməyə məcbur edirlər? Bu, anlaşılan deyil. Verilən qərar nə məntiqlə, nə də hökümətin liberal iqtisadiyyata keçidlə bağlı bəyanatlarıyla üst-üstə düşür. Yeganə məqsəd valyutaya olan tələbin süni şəkildə aşağı çəkilməsi cəhdidir. Bu qərar iki istiqamətə təsir göstərəcək:
1. Qanunu pozmadan ondan yan keçmək imkanları yaradacaq, insanlar sadəcə əziyyət çəkəcək. 2. Yerli ticarət şəbəkələri, əsasən elektrotexnika şəbəkələri var ki, onlar məmnun qalacaqlar. Çünki əvvəllər insanlar 1500 manata qədər telefonu xaricdən sifariş edirdilərsə, indi bunu edə bilməyəcəklər. Bahalı, daha yüksək dəyərə malik telefonların ölkə bazarında qiyməti qalxacaq. Çünki insanların fərdi sifarişləri o qiymətin tənzimlənməsində müsbət rol oynayacaq. Bunu qadağan edirsənsə, məhdudlaşdırırsansa həmin şirkətin xeyrinə çalışırsan. Onların qiymətlərinin yüksəlməsi üçün daha da şərait yaradırsan”.
"Qanun” nəşrlər evinin rəhbəri Sahbaz Xuduoglu da bu dəyişiliklərdən daha çox aşağı təbəqənin ziyan çəkəcəyini qeyd edib:
"Gömrük qaydaları yenə sərtləşdi! 310 dollara aldığınız telefona 36% rüsum necə ödəyəcəksiz? Yəni, biz indiyədək xaricdən özümüz üçün 1500$ məbləğində mal ala bilərdik və buna görə heç bir rüsum ödəmirdik. Hökumətin yeni qərarına əsasən, rüsumsuz məbləğ 800 $-a endirilib. Bu vaxta qədər e-ticarətlə poçt yolu ilə 1000$ məbləğində mal gətirə bilərdik, bu məbləğ də 300$-a endirilib. Yuxarıda qeyd olunan məbləğlər aşılarsa, bizdən əlavə olaraq 36% rüsum tələb olunacaq. Xatırladım ki, 2015-ci ildə Prezident fərmanla vətəndaşlar üçün rüsumsuz məbləği 10 000$ müəyyən etmişdi. Təəssüf ki, Prezidentin həmin fərmanı yalnız bir neçə ay qüvvədə qaldı. Rüsumsuz məbləğin aşağı salınması kimlərə sərf edir? Əlbəttə ki, ilk növbədə böyük şirkətlərin marağındadır. Onlar istəmirlər ki, sən özünə xaricdən telefon, kamera, televizor, yaxud hər hansı bir əşya alasan. Bu normanı tətbiq etməklə səni yerli şirkətlərin diktəsini qəbul etməyə məcbur edirlər. Əlbəttə, DGK da burda maraqlı tərəfdir. 310 dollarlıq nəsə alacaqsansa, dərhal 36% rüsum ödəməli olacaqsan. Bu dəyişiliklərdən daha çox kimlər ziyan görəcək? Əsasən, aşağı təbəqə. Xariclə əlaqəli xırda biznes quranların yolu bağlanır. Vətəndaş məcburən monopolist marketlərə gedib, onların baha, keyfiyyətcə şübhəli mallarını almağa məcburdur. Bu qərar həm də elektron ticarətin inkişafına ciddi zərbədir”.
Fikirlər