Bir ayda banklardan çıxarılan pul - 284,8 milyon
"AzerTaym.az" azadlıq.info-ya istinadən xəbər verir ki, avqust ayında və sentyabr ayının əvvəlində daşınmaz əmlak bazarında aktivlik artıb. Bəzi hallarda qiymət artımları da müşahidə edilib. Buna baxmayaraq ümumi qiymət səviyyəsində artım olmayıb.
“Value and Sources” konsaltinq şirkəti bazarda aktivliyin artmasını banklardakı əmanətlərin bir hissəsinin daşınmaz əmlaka yönəlməsi ilə əlaqələndirir:
“Çünki daşınmaz əmlak bazarını pul vəsaitləri ilə “qidalandıra” biləcək başqa mənbələr yoxdur. İqtisadi aktivlik aşağı düşdüyündən əhalidə sərbəst pul vəsaitlərinin cəmləşməsi prosesi çox aşağı səviyyədədir. Bazarın kreditləşməsi sabit qalıb, gözləntilər isə neytral. Sentyabr ayının 2-ci yarısından aktivlik bazarda yenə aşağı düşmüşdü. Əvvəldə təhlil yazılarında qeyd etmişdik ki, artıq bir neçə aydır bank sektorundakı vəziyyət daşınmaz əmlak bazarında qiymətlərə dəstək göstərir. Bu dəstək qiymət artımına yox, qiymətlərin düşməsi tempinin azalmasına xidmət edirdi.
Hesab edirik ki, avqust ayı üzrə 284,8 milyon manatlıq azalmanın maksimum üçdə biri daşınmaz əmlak bazarına yönəlib. Əgər məbləğin yarıdan çoxu bazara yönəlsəydi bazarda əhəmiyyətli qiymət artımı müşahidə edilərdi. Bu daha aydın bir müddət sonra bilinəcək”.