Naxçıvan koridorunun regionda yaratdığı perspektivlər

Naxçıvan koridorunun regionda yaratdığı perspektivlər

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissəsi arasında nəqliyyat kommunikasiyalarının bərpa edilməsi regionda yeni mərhələnin başlanmasına zəmin yaradır.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvan Muxtar Respublikasının postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq:
"Bu region ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla vahid inkişaf proqramlarında yer alacaq, ölkə üzrə nəzərdə tutulan tədbirlərin icrası Muxtar Respublikada qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsinə, sahibkarlıq mühitinin yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun genişlənməsinə, yoxsulluq səviyyəsinin azalmasına gətirib çıxaracaq”.
Deputatın sözlərinə görə, Muxtar Respublikanın bölgədə bütün ölkələrlə geniş əməkdaşlıq platforması, yaxın iqtisadi əlaqələr üçün etimad mühiti bərqərar olacaq: "Bu bölgədə hamı üçün faydalı olan geniş və daha çoxşaxəli kommunikasiyaların, layihələrin həyata keçirilməsi üçün açıq qapı yaranacaq. Naxçıvanın zəngin iqtisadi resursları, əlverişli iqlim və təbiəti, geoiqtisadi mövqeyi, faydalı sərvətləri, mineral ehtiyatları dünya ölkələri üçün yeni imkanlar deməkdir.
Nəqliyyat və kommunikasiyalarının bərpası, yenisinin inşası Naxçıvana yeni nəfəs verəcək, Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqə yaradacaq. Bu amil Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Nəticədə Naxçıvan mərkəzi logisgtika qovşağı kimi inkişafını daha da sürətləndirəcək.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan işğalçılıq siyasətinə və ərazi iddialarına son verməklə bu dəhlizin imkanlarından yararlana bilər, tranzit daşınmalarından böyük gəlirlər əldə edə bilər. Bu isə bölgədə sülh və möhkəm sabitlik üçün güclü baza deməkdir. Beləliklə, Azərbaycanın etibarlı siyasi güc mərkəzi kimi regional nəqliyyat-logisitika qovşağında aparıcı rol oyanamaqla mövqelərini daha da gücləndirəcək, iqtisadi və sərmayə resurslarının şaxələndirilməsini təmin edəcək.
Qafqaz-Asiya-Avropa regionlarında siyasi-iqtisadi, mədəni-humanitar mənzərənin dəyişməsinə ciddi şəkildə təsir göstərəcəkdir. Eyni zamanda, zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Naxçıvan bölgəsi beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilmək imkanlarına malik olacaqdır”.






Fikirlər