Bahalaşmanın əsas səbəbləri NƏLƏRDİR?

Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Ekspertlər qeyd edirlər ki, bunun müxtəlif səbəbləri var. Dünya bazarında cərəyan edən iqtisadi proseslər, eləcə də ölkə daxilində yanacağın qiymətinin artması fonunda məhsulların bahalaşması baş verir. Qiymət artımı adekvat olmalıdır. Amma bəzi işbazlar psixoloji təsirləri nəzərə alaraq, daha çox gəlir əldə etmək üçün qiymətləri süni şəkildə qaldırırlar.

"Kommersant.az"ın məlumatına görə, ölkə üzrə son bir neçə aydır ki, ərzaq və qeyri ərzaq məshullarının qiymətində artım müşahidə edilir. Xaricdən idxal olunan məhsullarla yanaşı, yerli aqrar məhsullar da bahalaşıb.

Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, pandemiya səbəbindən dünyanın aparıcı şirkətləri itirdikləri vəsaiti kompensasiya etmək üçün qiymətləri qaldırıblar. Azərbaycanın istehlak etdiyi məshulların 65 faizi digər ölkələrin hesabına təmin edilir, bu səbəbdən də qiymət artımı qaçılmazdır. Bununla yanaşı hazırda müşahidə edilən artımlar iqtisadi artımdan çox psixoloji artım sayılır.

Bəzi sahibkarlar məhsulların bahalaşmasını əksər hallarda yanacağın qiymətinin artması ilə əsaslandırırlar. Millət vəkili qeyd edib ki, yanacağın qiymətinin artmasının qiymətlərə təsiri normaldır və başadüşüləndir. Amma bu tendensiya məhsulun maya dəyərindəki yanacağın qiymətindəki paya adekvat olmalıdır. Başqa sözlə desək, xurma və şəkər tozunun istehsalında yanacağının payı fərqlidir. Artımlar da bununla uyğunluq təşkil etməlidir. Vüqar Bayramov vurğulayıb ki, bəzi işbazlar qiymət artımının psixoloji təsirlərindən istifadə edib, daha çox gəlir əldə etmək üçün qiymətləri süni şəkildə qaldırırlar.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 3 faizə qədər artıb. Müəyyən dövrlərdə meyvə-tərəvəz məhsullarında da aylıq artımlar qeydə alınıb. Xüsusilə paytaxda satışa çıxarılan bu məhsullar yerindəki qiymətlə müqayisədə 3 dəfəyə qədər bahadır.

Ekspertlərin fikrincə qiymətləri optimallaşdırmaq üçün məhsulların birinci əldən bazara çıxarılması təmin edilməlidir. Bununla yanaşı əlavə stimullaşdırıcı tədbirlərlə bazar oyunçularının sayını artırmaq və daha rəqabətli mühit formalaşdırmaq lazımdır. Müəyyən dövrlərdə təşkil edilən yarmarkalar keyfiyyətcə yeni formatda insanların istifadəsinə verilməlidir.

Xəzər Xəbər






Fikirlər