Uzaq müharibənin yaxın təsiri: "Bahalaşma davam edəcək"

 Uzaq müharibənin yaxın təsiri:

“Qeyri-ərzaq məhsulu təchizatı, tədarükü, pərakəndə satışı ilə məşğul olan insanlar da ərzaq məhsulunun istehlakçısıdırlar. Onun xərci artırsa, mənfəət norması da artmalıdır. Xərc mənfəət normasının üzərinə əlavə edilir. O da qiymətləri bahalaşdırır”.

Bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

O, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycanın istehlak bazarının, demək olar ki, bütün sektorlarında idxal malları ilə bərabər, yerli istehsal mallarının bahalaşmasına münasibət bildirib:

“Bəzən bazarda inflyasiya riskləri olmadığı halda belə sahibkarlar addım atmağa çəkinir. Çünki rəqabət və şirkətlərin reputasiya məsələsi var. Buna görə də, qərarlar qəbul edə bilmirlər. Xüsusən ərzaq məhsullarında və ya hökumətin özünün inhisarçı olduğu xidmətlərdə məhsulların satış qiymətləri artanda belə tendensiya formalaşır. Sahibkarlar da bu tendensiyadan çox rahat şəkildə istifadə edirlər. Onlar da qiymətlərini artırırlar”.

R. Həsənov qeyd edib ki, bazarda qeyri-müəyyənlik olduğu təqdirdə bahalaşma davam edəcək:

"Kimsə iddia edə bilməz ki, bunun sənə aidiyyatı yoxdur. Hətta yanacağın qiymətinin bahalaşmasının bərbərin xidmətinə belə təsiri var. Çünki istehlakçıdır. Həyatında, ailə təsərrüfatı xərclərində istifadə edir. Nə qədər ki, bazarda qeyri-müəyyənlik, gələcəyin proqnozlaşdırması ölkə daxili və xaricində mümkün deyil, müxtəlif təzyiqlər, pozulmalar var, bu bahalaşmalar davam edəcək”.






Fikirlər