30 min ailə niyə evsiz qalıb? - Sahibkarlar torpaq tapa bilmir, vətəndaşlar qonşunu seçir
İlin əvvəlindən qiymətlərin artması fonunda hazırda ənənəvi olaraq mənzil bazarında stabillik hökm sürür. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Musavat.com-a bildirib ki, yay aylarında çox zaman bağ evlərinin qiymətində artım qeydə alınır. Amma bu il bağ evlərinin qiyməti əvvəlki illərlə müqayisədə elə də artım göstərmədi:
"Hazırda 1 otaqlı evlərin qiyməti layihəsindən və yerləşmə mövqeyindən asılı olaraq 50-70 min manat arasında, 2 otaqlılar 65-90 min manat, 3 otaqlılar 80-150 min manat, 4 otaqlılar isə 90-180 min manat arasında dəyişir. Xüsusilə də metro yaxınlığında olan, mərkəzə yaxın mənzillərin qiyməti daha bahadır. Məsələn, "Nərimanov" metrostansiyasının yaxınlığında olan 3 otaqlı evin qiyməti əgər 120 min manatdırsa, "Əhmədli" metrostansiyası yaxınlığında olan mənzilin qiyməti 100 min manatdır. Mərkəzə yaxın hissə ilə bir qədər kənar arasında qiymətlərdə 20-25% fərq olur. 1 otaqlılarda isə bu fərq təxminən 10-15% ətrafında olur. Məsələn, "Neftçilər" metrostansiyası yaxınlığında 1 otaqlı ev 50-55 min manatdırsa, "Nərimanov" metrostansiyasının yaxınlığında bu qiymət 65-70 min manat təşkil edir. Ərazilər üzrə ən ucuz qiymətlər hazırda Qaradağ, Suraxanı və Sabunçu rayonlarındadır. Ən bahalı mənzillər Nərimanov, Nəsimi və Səbail rayonlarında yerləşir".
"Torpaq bazarında qiymət artımı bahalaşmaya bir qədər təkan verdi" Tikinti materiallarının qiymətinin artımı da bağ evlərinin dəyərini nisbətən çoxaltdı. Bu il torpaq bazarında 1 sot üzrə qiymət 2000 manatdan başlayaraq 500 min manata qədər dəyişir. Son vaxtlar müşahidə olunan tendensiya odur ki, bina tikən sahibkarlar artıq şikayətlənirlər ki, şəhər mərkəzində boş torpaq sahəsi tapmaq mümkün deyil. Hətta 1 sotu 250 min manata torpaq sahəsi istəyən sahibkarlar var ki, onlar onu tapmaqda çətinlik çəkirlər.
Qiymətlər hansı istiqamətdə dəyişəcək? "İlin sonuna doğru qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırmaq çətindir. Adətən sentyabr ayında yenidən artım müşahidə olunur. Yeni tədris ilinin başlaması ilə kirayə qiymətləri də artır. Bu da evlərin qiymətlərinə təsirsiz ötüşmür. İlin sonunda da biz bu artımı hiss edə bilərik. Çünki həm tikinti materiallarının qiymətinin qalxması, həm də torpaq bazarında qiymətlərin artması tikintilərə birbaşa təsir edən amillərdir. Xüsusilə də yeni bina inşa edən sahibkarlar 1 kvadratmetri 2000 manata təklif etsələr belə, mənfəətlərinin az olduğunu düşünürlər. Güman ki, növbəti illərdə yeni tikililərdə qiymətlərin 2000 manatdan da yüksək olacağını görəcəyik".
" "Böyük Qayıdış" qiymətlərin düşməsinə səbəb olmayacaq" Çünki əhalinin sayı artır. 5-10 ildən sonra Qarabağda həyat tam axarına düşdükdən sonra bu haqda danışmaq olar. Hesab edirəm ki, həmin ərazilərdəki qiymətlər digər regionlarımızdakı kimi olacaq, hətta artacaq. Azərbaycanda il ərzində təxminən 60-65 min, hətta bəzi illərdə 80 minə yaxın ailə qurulur. Tikilən evlərin sayı isə buna uyğun olmur (bəlkə də yarısına çatmır). Ona görə də tələbat yüksəkdir. Bu da onu deməyə əsas verir ki, "Böyük Qayıdış"la əlaqədar qiymətlərdə azalma olmayacaq.
Azərbaycanlılar niyə qonşu ölkələrdə ev alır? "Azərbaycanlıların qonşu ölkələrdə mənzil alma səbəblərini sırf əhalinin maddi rifahının yüksəlməsi ilə əlaqələndirirəm. Vətəndaşlarımız Türkiyədə, Rusiyada, Gürcüstanda mənzil alırlar. Səbəblər fərqlidir - təhsil alma, iş, həmin ölkələrdə biznes qurmaq. Doğrudur, bu, kütləvi hal almayıb - il ərzində 1000-2000 vətəndaş. Türkiyədə ev alıb onu kirayə verən vətəndaşlarımız da var".