“Armatur istehsalında birbaşa metallomdan istifadə olunur” – Ekspertdən sensasion açıqlama
“Azərbaycanda binalarda daha çox dəmir-beton konstruksiyalardan istifadə olunur və daha sonra monolit tökülür. Monolitdə də armatur-sement-beton istifadə olunur. Bu iki sahə isə Azərbaycanda monopoliyadadır. İnhisarçı şirkətlərdən biri hazırda həbsdə olan Rasim Məmmədovun “Baku Steel Company” zavodu idi. Çünki istənilən halda monopoliya varsa, keyfiyyət aşağı düşür. İkincisi isə “Qaradağ sement” şirkətidir ki, bunu da hazırda “Holcim” idarə edir. Bununla da Azərbaycana digər ölkələrdən olan istehsaçıların bazara girişi məhdudlaşır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert, vaxtilə polad istehsalatı ilə məşğul olmuş iş adamı Nazim Bəydəmirli deyib. O, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanda son illərdə tikilən binaların, habelə tikintidə istifadə olunan armaturun keyfiyyət problemindən söz açıb. N. Bəydəmirliyə görə, dünya praktikasından hamıya bəllidir ki, monopoliya harada varsa, məhsulun keyfiyyətindən ağız dolusu danışmaq olmaz: “İstənilən halda belə şübhələr var. Hansı ki, armatur istehsalı birbaşa metallomdan istifadə olunur və Azərbaycanda dəmir filizindən bu sahədə istifadə olunmur. Eləcə də bir çox ölkələrin əksəriyyətində dəmir təkrar emal olunur və burada heç bir problem yoxdur. Ancaq onun istehsalı zamanı təbii ki, müvafiq texnoloji addımların hamısı gözlənilməlidir və onun tərkibi feroərintilərsiz müasir standarta cavab verməlidir. Ancaq həmin binaların istismara qəbul olunması, eynilə tikilməkdə olan binanın hər bir mərtəbəsinin yoxlanılmasına Azərbaycanın müvafiq qurumları cavabdehdir. Hətta təhlükə mövcud olan zaman onlar tikintini dayandırmalıdırlar. Bu baxımdan, Azərbaycanda binaların keyfiyyəti ilə bağlı vətəndaşlarımızın narahatçılığını mən də bölüşürəm”. İqtisadçı hesab edir ki, Bakı şəhərində həm tikinti normalarına riayət olunmur, həm də şəhərsalma məcəlləsi qaydaları pozulub: “Çünki belə hadisələr baş versə belə, həmin yerə müvafiq maşınlar girə bilməyəcək. Çox sıxlıq yaradılıb, hətta səkilər belə zəbt olunub. O ki qaldı zəlzələyə, Azərbaycanda sonuncu ən şiddətli zəlzələ 2000-ci ildə baş verib. O vaxtı Bakıda bu qədər tikinti “boom”u yox idi. Azərbaycanda məmur monopoliyasının törətdiyi ən böyük fəsadlardan biri də korrupsiyadır ki, həmin binalar tikiləndə və yaxud istismara veriləndə, böyük ehtimalla, rüşvət verilərək onun keyfiyyətinə baxılmasının və yoxlanılmasının qarşısı alınıb. Yaxud buna kifayət qədər diqqət yetirilməyib. O, nümunə də göstərib:
“Bir də ki, 2019-cu ildə yanan binayla bağlı guya müvafiq sertifikatlar verilmişdi, eləcə də araşdırmalar aparılmışdı və s. Ancaq nəticə nə oldu? Bəllidir. Ona görə də vətəndaşlarımız bu məsələdə həssas davranmalıdırlar, çünki mənzil məcəlləsi onlara bu ixtiyarı verir”. Müsahibimiz onu da vurğulayıb ki, burada əsas problemlərdən biri də budur ki, bizdə bina tikilir və təmir olunmamış, “podmayak” vəziyyətdə vətəndaşa satılır: “Kommunikasiyalar çəkilən zaman isə sütunlar, rigerlər zədələnir, müxtəlif boruları filan deşib çıxarmaq lazım gəlir və s. Beləliklə, bu normalar həm də vətəndaşlar tərəfindən belə pozulur. Yaxud sovet binalarındakı artırmalar və s. Burada “n” qədər səbəb sadalamaq olar, amma dediyim kimi, burada armatur və beton keyfiyyəti vacibdir və bununla bağlı sadaladığım problemlər də, gərək, nəzarətdə ola”.