Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üzrə İş planına uyğun olaraq Koreya İxrac-İdxal Bankından kredit cəlb edilməklə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən "Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair səmərəlilik auditi aparılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının "7.2. Bakı şəhəri və qəsəbələri üzrə həyata keçiriləcək tədbirlər” bölməsinin "Kommunal xidmətlərin yaxşılaşdırılması” alt-bölməsinə ASC tərəfindən 2019-2023-cü illərdə "İçməli su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi”, o cümlədən "Pirşağı çirkab sutəmizləyici qurğularının tikintisinin davam etdirilməsi” tədbiri daxil edilib:
"Layihənin məqsədləri layihə ərazisində yaşayış standartlarının yaxşılaşdırılması və 40 000 kubmetr/gün gücündə olan Pirşağı Çirkab Sularının Təmizlənməsi Qurğusunun tikilməsi ilə Xəzər dənizinin suyunun keyfiyyətinin qorunmasından ibarət olub. Qeyd edilməlidir ki, Qurğunun 40 000 kubmetr/gün həcmində gücü ilkin olaraq təyin edilib, gələcəkdə Qurğunun gücünün 60 000 kubmetr/gün səviyyəsinə çatdırılması planlaşdırılaraq əlavə 20 000 kubmetr/gün güc üçün Qurğunun ərazisində müvafiq yer nəzərdə tutulub.
Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran və Maştağa, Abşeron rayonunun Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Məmmədli və Digah qəsəbələrində ictimai su obyektinin keyfiyyətinin qorunması, Layihə sahəsində suyun çirklənməsinin qarşısının alınması və Xəzər dənizində suyun keyfiyyətinin yaxşılaşdırılması, suyun istifadəsinin səmərəliliyinin artırılması, çirkab sularının təmizlənməsi qurğusunun tikintisindən sonra atılan suyun keyfiyyətinin yaxşılaşdırılması, təmizlənmiş sudan suvarma, landşaftın salınması və digər məqsədlər üçün istifadə edilməsi, məşğulluq imkanlarının artması, Qurğunun tikintisi, istismarı və təkmilləşdirilməsi ilə əlaqədar olaraq işsizliyin səviyyəsinin aşağı düşməsi, su ilə yayılan xəstəliklərin qarşısının alınması ilə vətəndaşların sağlamlığının yaxşılaşdırılması və s. layihənin əsas təsirləri kimi qeyd edilib.
Layihənin ümumi dəyəri 72,02 milyon ABŞ dolları, bundan kreditin məbləği 43,5 milyon ABŞ dolları (60,4%), hökumət (Azərbaycan tərəfinin) payının məbləği 28,52 milyon ABŞ dolları (39,6%) müəyyən edilib”.
"Hesablama Palatası tərəfindən aparılmış auditlə çirkab suların təmizlənməsi probleminin həlli məqsədilə layihədən öncəki vəziyyət və sonrakı şəraitdə dəyişməli olan mühitin qiymətləndirilməsi aparılıb. Qurğunun xidmət edəcəyi ərazidə çirkab sularının təmizlənməsi üzrə hazırkı şərait, eləcə də mövcud su təmizləyici qurğuların cari vəziyyəti Qurğuya ehtiyacı şərtləndirilib. Müvafiq Baş Plan üzrə işlərin görülməsi məqsədilə lazımi koordinasiyanın qurulmaması şəraitində Qurğunun fəaliyyəti üçün kənar texniki şəraitin yaradılması üzrə zəruri maliyyələşdirmənin aparılmaması səbəbindən həmin ərazidə su və kanalizasiya sistemi təchizatının çox aşağı səviyyədə olduğu müəyyən edilib. Qeyd edilənlər səbəbindən yaranmış şərait müvafiq Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflərə çatmamaqla yanaşı təmizlənmiş suyun keyfiyyət göstəricilərinin Texniki-İqtisadi Əsaslandırma sənədində göstəriləndən aşağı səviyyədə olması, Qurğunun zəmanət sınaqları keçirilmədən istismara qəbul edilməsi, eləcə də hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə işləməsinin mümkünsüzlüyü qənaətinə gəlməyə əsas verib.
Xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər səbəbindən əsas vəsait qismində deyil, kapitallaşdırılmış məsrəflər qismində uçota alınan Qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən 50%-dən çox su miqdarı, eləcə də həmin ərazidə su və kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının Qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verib.
Layihənin istismar müddətinin, eləcə də Qurğunun təchizatı üzrə daxili bazar qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə imkanlarının itirilməsiylə yanaşı, Qurğunun hissələrinin faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsi Qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaradıb. Qurğunun tam gücü ilə təyinatı üzrə işləməməsi layihənin iqtisadi, ekoloji və sosial məqsədlərinə, DİM üzrə milli və beynəlxalq göstəricilər arasında uyğunsuzluq həmin göstəricilərin dəqiqləşdirilməsinin vacibliyini göstərilib. Ümumiyyətlə, qeyd etmək istərdik ki, Qurğunun təyinatı üzrə tam gücü ilə fəaliyyət göstərməməsi Layihənin ekoloji, sosial, və iqtisadi məqsədlərinə nail olunmamaqla yanaşı, Qurğunun tikintisinə sərf olunmuş vəsaitlərin səmərəliliyinə də təsir etməklə həmin vəsaitlərin faydalılığı və nəticəliliyini azalda bilər”, - deyə qeyd edilib.