Oliqarxlara yaxın 3 şirkət ləğv olunur: Vergilər Nazirliyi
Oliqarxlara bu və ya digər formada yaxın olan üç şirkət ləğvetmə mərhələsinə daxil olub. “Balitor”, “Avion” və “Petrol-Servis” şirkətlərinin ləğv edilməsi barədə məlumat Vergilər Nazirliyinin rəsmi orqanı olan “Vergilər” qəzetində dərc edilib. Hər üç şirkətin direktoru eyni şəxs – Sadiq Əliyevdir. İlk iki şirkət Bakı şəhəri Süleyman Rüstəm, ev 9, m. 4 ünvanında yerləşir. Kommersiya şəxslərinin dövlət reyestrinə əsasən, “Balitor” MMC-nin təsisçisi “Solos” MMC-dir. Hər iki şirkət 2010-cu ildə Kommersiya hüquqi şəxslərinin dövlət reyestri ictimaiyyət üçün açıq olanda təsis edilib. Amma onda da “Solos” MMC-nin təsisçisinin (təsisçilərinin) adı açıqlanmayıb. Amma onun direktoru olan Əşrəf Kamilov ən azı iki holdinqə (Akkord və Synergy Group) nəzarət edir. Onun “AtaBank”, “Bank VTB (Azerbaycan)” və başqa şirkətlərdə də payı var. (Turan) “Solos” MMC-nin direktoru vəzifəsi bu gün vakantdır. Ə.Kamilov bir müddət Vergilər Nazirliyində işləyib. “Avion” MMC-nin təsisçisi kimi 2009-cu ildə Səid Əliyev çıxış edib. O da Vergilər Nazirliyində işləyib və Kamilovla biznes münasibətləri olub. Bu şirkətlərin (“Balitor”, “Avion”) fəaliyyəti barədə heç nə məlum deyil. “Petrol-Servis” 2012-ci ildə Vergilər Nazirliyinin poliqrafiya məmulatının çapı üzrə tenderinin qailibi olub. Müqavilənin qiyməti 61 min 792,71 manat təşkil edib.