NEFT MÜHARİBƏLƏRİ: SƏUDİYYƏNİN MƏQSƏDİ NƏDİR? – “İstəsələr, 70 dollara qaldırarlar”

“Səudiyyə Ərəbistanı nə vaxta qədər kollapsa oynayacaq?”

f7acf886aad2

Səudiyyə Ərəbistanı pul uğrunda döyüşür. Fars körfəzi ölkələri neftin qiymətini aşağı salmaqla Rusiya və İran kimi siyasi düşmənlərini və rəqiblərini zəiflətmək istəyir. Bu isə onun öz gəlirlərinə də neqativ təsir göstərir. Çünki bu cür müharibə və əhaliyə bəxş edilən “konyuktur hədiyyələr” böyük pullar hesabına başa gəlir.
Ona görə də Səudiyyə Ərəbistanının ticarət balansındakı kəsiri nəhəngdir. Yüz milyard dollar uçub gedib. Hazırda Səudiyyə Krallığı bu ruhda hələ beş il də davam edə bilər. Ancaq sonra ehtiyat əriyərək yoxa çıxacaq.

- Səudiyyəliləri kollaps gözləyir

”Commerzbank” bankının analitiki Oyqen Vaynberq belə fikirləşir ki, bütün bunlara baxmayaraq, səudiyyəlilər gələcəkdə də neftin qiymətinin düşməsinə və ya heç olmazsa, qiymətlərin indiki fəlakətli səviyyədə qalmasına oynayacaqlar. “Fokus online” ilə söhbəti zamanı o deyib: ”Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər və bununla da yanacağın qiymətinin 70 dollar həddinə qalxmasına imkan yaradar. Amma onlar hələlik buna getməyəcəklər”.
Vaynberq səudiyyəlilərin hərəkətlərini bu cür izah edir: ”Neft qiymətlərinin aşağı yuvarlanması Səudiyyə Ərəbistanının müstəqil qərarıdır. Hətta ola bilər ki, səudiyyəlilər belə bir vəziyyət yaratdıqlarına peşmandırlar. Ancaq bir şey aydındır ki, onlar böyük çətinliklər yaşayırlar. Son 15 il ərzində Səudiyyə Ərəbistanı 700-800 milyard dollar həcmində ehtiyat yığıb. Hətta əgər səudiyyəlilər 100 milyard və daha artıq itiriblərsə də belə, demək olar ki, onlar hələ əlverişli vəziyyətdədirlər. Səudiyəlilər öz məqsədlərinə çatmayana qədər illərlə oynaya bilərlər”.

- Səudiyyəlilərin məqsədi nədir?

Vaynberq hesab edir ki, Fars körfəzindəki monarxiyaların məqsədi, Rusiya, Meksika, İran və Norveç kimi digər neft hasil edən ölkələrin öz hasilatlarını azaltmasına nail olmaqdır.
Əgər bu baş verərsə və ABŞ-dakı hasilat nəzərəçarpacaq dərəcədə azalarsa, onda səudiyyəlilər yenidən neft qiymətlərinin OPEK çərçivəsində nəzarət olunması məsələsində israr edəcəklər.

- Bəs, bu nə zaman ola bilər?

Ola bilər ki, növbəti ildə onlar öz istədikləri məqsədə nail ola bilsinlər. Ucuz neft qiymətlərinin ağır nəticələri öz ölkələrində lazımı infrastruktur və investisiya həyata keçirən Venesuela və ya Rusiya kimi ölkələrdə artıq əhəmiyyətli şəkildə hiss olunur.Əgər digər ölkələr nə vaxtsa lazımı qədər neft hasil edə bilməyəcək duruma düşsələr, onda belə vəziyyətdən Səudiyyə Ərəbistanı xeyir götürüb, bazardakı yanacaq boşluğunu dolduracaq. Yəni Səudiyyə Ərəbistanı öz maliyyə ehtiyatlarından istifadə etməklə, rəqiblərinə nisbətən neft müharibəsində daha çox duruş gətirə bilər.

Belə bir perspektiv barədə kralın fəaliyyətləri də xəbər verir. İndiki ucuz neft qiymətlərinə baxmayaraq, kral özünün məclisə etdiyi qısa müraciətində səudiyyəlilərə iqtisadi böyümə vəd edib. Onun sözlərinə görə, indiki iqtisadi vəziyyətin öhdəsindən gəlmək üçün, Səudiyyə Ərəbistanının kifayət qədər maliyyə ehtiyatı var.

Ona görə də, “Commerzbak”ın analitiki Vaynberq Fars körfəzi dövlətlərində maliyyə böhranının əlamətlərini görmür. Digər tərəfdən isə, o qeyd edir ki, maliyyə üstünlüyündən başqa Səudiyyə Ərəbistanı rəqiblərindən düşüncə obrazına görə də fərqlənir: ”Mən Səudiyyə Ərəbistanının milli vayutasını devalvasiya edəcəyinə və ölkədəki sosial xərcləri azaldacağını düşünmürəm. Əgər bir neçə il ərzində itkilər yüksək olarsa, onda vəziyyət dəyişə bilər. Lakin yaxın gələcəkdə belə bir şeyin baş verəcəyi inandırıcı görünmür. Səudiyyə kral ailəsi uzunmüddətli perspektivə doğru yönəlib və onlar bir neçə nəsil irəlini düşünürlər. Bu xüsusiyyət onları, yalnız yaxın üç-dörd ili fikirləşən Rusiya və İran kimi ölkələrdən fərqləndirir”. (“Focus online”-Almaniya)

 






Fikirlər