İQTİSADÇILAR DOLLARA GÖRƏ BİRLƏŞİRLƏR

Ruslan Atakişiyev: "Yaranan vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər"
 
"Dollarla krediti olanlara manatın məzənnəsindəki dəyişikliklər kompensasiya edilməlidir"
Dollar kreditləri ilə bağlı Prezidentə müraciət edilib. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məlumat yayıb. Onun sözlərinə görə, dollarla götürülən kreditlərə dövlət tərəfindən kompensasiyanın ödənilməsi məsələsini dəfələrlə gündəmə gətirmələrinə baxmayaraq, Mərkəzi Bank tərəfindən bu istiqamətdə hələlik heç bir addım atılmayıb:
"Son monitorinqlər göstərir ki, kreditlərin ödənilməsi ilə bağlı ciddi çətinliklər müşahidə edilir. Dollar kreditləri manat ifadəsində 2 dəfə artıb və bu da belə kredit götürənlərin sosial vəziyyətinə də neqativ təsir göstərir. Bütün bunları nəzərə alaraq, bir qrup iqtisadçı adından Azərbaycan Prezidentinə müraciət etdik".
Qeyd edək ki, müraciət artıq Prezident Administrasiyasına təqdim edilib. Müraciətdə deyilir: "Bu müraciətimizdə cəmiyyətimizi çox ciddi şəkildə narahat edən bir məsələnin reallıqlarını Sizə çatdırmaq istəyirik. Qaldırdığımız məsələ bu gün milyonlarla vətəndaşımızın taleyi, cəmiyyətin sosial sabitliyi və dövlətin təhlükəsizliyi ilə bağlıdır. Belə ki, keçən ilin fevral və dekabr aylarının baş verən manatın kəskin devalvasiyasından sonra bir çox vətəndaşlarımızın maddi vəziyyəti xeyli ağırlaşıb və eyni zamanda onların az olmayan hissəsi psixoloji gərginlik altına düşüb.
Apardığımız araşdırmalar göstərir ki, bu kreditlərin böyük əksəriyyəti sosialyönümlü kreditlərdir və insanlar onları, bir qayda olaraq, məişət problemlərinin həlli məqsədilə götürüblər. Ən doğru olanı isə budur ki, kredit almaq üçün müraciət edən insanlar əksər hallarda manatla krediti almaq mümkün olmadığına görə xarici valyutada kredit götürməyə məcbur olublar. Ehtiyac içində olan vətəndaşa bir çox banklarda krediti yalnız xarici valyutada almağın mümkün olduğu deyilib və insanlar başqa çıxış yolu tapmadıqlarından, məcbur olub bu təklifi qəbul ediblər.
Xarici valyutada gəliri olmayan bu insanlar bir il ərzində manatın məzənnəsində baş verən kəskin ucuzlaşmadan sonra indi xarici valyutada olan bu kreditləri ödəyə bilmirlər. Buna onların manatla olan gəlirləri imkan vermir. Keçən ilin fevral ayının 21-nə qədər kredit üçün aylıq ödənişi 200 manat olan bir vətəndaş indi həmin krediti bağlamaq üçün 400 manat xərcləməlidir. Bu isə real deyil. Çünkü onların gəlirləri bu miqyasda artmayıb. Bəziləri isə böhranla bağlı iş yerlərini itiriblər".
Müraciəti hazırlayanlar arasında Sabit Bağırov (Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun direktoru), Fikrət Yusifov (Ekonomiks İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri), Ruslan Atakişiyev (İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin rəhbəri), Vüqar Bayramov (İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri), Sirus Abbasbəyli (Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyinin rəhbəri), İlkin Qarayev (Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri), Qalib Toğrul (İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri), Azər Mehdiyev (İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri), Eyyub Hüseynov (Azad İstehlakçılar Birliyinin sədri) var.
Müraciəti imzalayanlardan iqtisadçı Ruslan Atakişiyev qəzetimizə açıqlamasında bildirdi ki, onların belə bir addım atmaqda məqsədi son bir il ərzində iki dəfə xarici valyutanın məzənnəsinin yüksəlməsi nəticəsində dollarla kredit götürənlərin maddi durumunun ağırlaşması ilə bağlıdır: "1-ci və 2-ci devalvasiyadan sonra dollarla olan kreditlər manat qarşısında iki dəfə bahalaşıb. Həmin insanların sosial durumunu nəzərə alıb ölkə başçısı İlham Əliyevə müraciət ünvanladıq. Müraciətdə insanların ağır vəziyyətdə olmasını qeyd etmişik. Həmçinin, onu da qeyd etmişik ki, yaranan vəziyyət vətəndaşlarla yanaşı, bankları çətin vəziyyətə salıb. Bəllidir ki, sosial durumu ağır olan ailələr xarici valyutada olan kreditləri praktik olaraq ödəyə bilmir. Bu kreditlərin qaytarılmaması bank sistemini bütövlükdə iflic vəziyyətinə sala bilər. Bəzi banklar isə yaranmış vəziyyətdən haqsızcasına istifadə edərək, müştərilərə kreditlərə güzəşt tətbiq etdiklərini deyib onlara müəyyən ödənişlər etdirir və sonradan ödənilən məbləğin 2/3 hissəsini kredit faizlərinə silirlər. Bir sözlə, bu gün bu sahədə tam anlaşılmaz bir özfəaliyyət hökmranlıq edir. Bu vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər.
Vətəndaşların dövlət qayğısına inamının möhkəmləndirilməsi, onların maraqlarının dövlət tərəfindən qeyd-şərtsiz təmin edilməsi üçün, fikrimizcə, dollarla krediti olanlara manatın məzənnəsindəki dəyişikliklər kompensasiya edilməlidir. Dövlətimizin qüdrəti və maliyyə ehtiyatları buna imkan verir. Bu cür kompensasiyalar dövlətə inamın sarsıntıya uğramasından daha az itki olar".






Fikirlər