“Təklif edirəm ki, BANK rəhbərlərini Milli Məclisə yığaq və soruşaq ki...”

 “Təklif edirəm ki, bank rəhbərlərini Milli Məclisə yığaq və soruşaq ki...”

Vahid Əhmədov: “Problemli kreditlərlə bağlı məsuliyyəti heç bir qurum öz üzərinə götürmür”

 

İqtisadçı ekspert Vüqar Bayramov ötən gün “Yeni Müsavat”a açıqlamasında problemi kreditlərin həlli ilə bağlı maraqlı təkliflər səsləndirib. İqtisadçı qeyd edib ki, dollarla olan bütün kreditlərə görə vahid məzənnənin müəyyənləşdirilməsi çətin olsa da, hökumət 5000 dollara qədər olan kreditlərə görə konkret məzənnə müəyyənləşdirə bilər, məsələn, bu 1.05 ola bilər.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da bildirdi ki, komitə hökumətə problemli kreditlərin həlli ilə bağlı təkliflər paketi göndərib, lakin 4 aydır ki, deputatların müraciətinə cavab verilməyib. Məclis üzvü bu durumdan narahatlığını dilə gətirib: “Problemli kreditlərin həlli ilə bağlı mənim və Əli Məsimlinin hökumətə təklifləri var. Bu təkliflər rəsmi şəkildə hökumətə təqdim olunub və biz bu barədə mətbuata da məlumat vermişik. İki aydır təkliflərə həmin qurumlar tərəfindən baxılır. Ancaq çox təəssüf ki, hələlik hər hansı reaksiya yoxdur. Bizim təkliflərimizdə söhbət yalnız problemli kreditlərdən getmir. Gələcəkdə də  bank sisteminin fəaliyyəti ilə bağlı atılacaq addımlardan gedir”. 
Problemli kreditlər məsələsinə gəlincə, V. Əhmədov bildirdi ki, bu məsələdə məsuliyyəti heç bir tərəf öz üzərinə götürmür: “Dövlət başçısının  bu məsələyə baxılması ilə bağlı göstərişi var. Biz də prezidentin iqtisadi islahatlar üzrə köməkçisinə, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka təkliflər göndərmişik, ancaq təəssüf ki, bu məsuliyyəti heç bir tərəf öz üzərinə götürmür, müraciətimizə cavab vermirlər. Azərbaycan bank sisteminin sağlamlaşdırılması bu gün bir nömrəli məsələdir. Biz arxayın idik ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə müəyyən işlər görəcək. Düzdür, bankların diaqnostikasını apardı, müəyyən problemləri üzə çıxartdı. Amma biz bank sistemində ciddi islahatlar görmürük. Bankların bağlanması problemi həll etmir. Biz təklif etmişdik ki, banklar birləşdirilsin, yeni banklar yaradılsın, onların kredit portfeli böyük olsun. Təkliflərimiz çoxdur, lakin hələ də baxılmayıb. Yəqin ki, Milli Məclisin sentyabrın 15-də başlayan iclasında bu məsələlər çox ciddi şəkildə müzakirəyə çıxarılacaq”. 
Problemli kreditlərin həcminin artmasına toxunan deputat bu vəziyyətin Azərbaycanda maliyyə bazarına mənfi təsir etdiyini vurğuladı: “Biz problemi vətəndaşlar, banklar və Mərkəzi Bankın, dövlətin arasında bölüşdürmüşük ki, heç kim əziyyət çəkməsin. Vətəndaşlar da vaxtı-vaxtında kreditləri qaytarmaq imkanına malik olsunlar. Əks halda, problemli kreditlərin məbləği aybaay artır, artıq 1,5 milyard manata gəlib çatıb. Bəzi banklar var ki, müəyyən  güzəştlərə gediblər. Ancaq bu, hamısına şamil deyil. Mən son bir ayda 200-dən çox şikayət almışam, onları Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklara  göndərmişəm. Bəzilərinə müsbət cavab alırıq, bəzilərinə isə banklar riayət etmir, insanları məhkəməyə verirlər, kredit ödəməyə məcbur edirlər. Bu gün (dünən-red.) Qubada 156 nəfər şikayətçi qəbul etmişəm. Onun 30-40 nəfəri banklarla  əlaqədar müraciət edir, kreditləri qaytarmağa imkanları yoxdur. Problemli kreditlər həm də Azərbaycanın maliyyə bazarı üçün problem yaradır. Son vaxtlar Maliyyə Nazirliyi, Mərkəzi Bank, palata müəyyən addımlar atmaq istəyirlər ki, manatı qoruyub saxlasınlar.  Hazırda Mərkəzi Bank yumşaq devalvasiya prinsipi ilə manatın devalvasiyasını həyata keçirir, mən də bununla razıyam, başqa yol yoxdur”. 
Vahid Əhmədov hazırda bank sisteminin sağlamlaşdırılması məsələsini dövlətin qarşısında duran bir nömrəli vəzifə kimi qiymətləndirdi: “Kreditlərin qaytarılmaması isə əmanətlər üçün problem yaradır. Digər bir səbəb isə odur ki, biz devalvasiyalardan sonra bu günə qədər insanları bank sisteminə inandıra bilməmişik. Yəni bu məsələ açıq qalıb. İnsanlar banklara inanmırlar, əmanətləri bankda saxlamırlar. Başqa yandan, əmanətlərdə dollarizasiya prosesi davam edir. 
Bizim təkliflərimizdən biri də problemli kreditlər üzrə faizlərin hesablanmasının dayandırılmasıdır. Bu təkliflərdən hansının qəbul olunacağını bilmirik. Bizim müraciətimizdən 4 ay vaxt keçir. Ancaq millət vəkili kimi rəsmi müraciətimizə bir ay müddətində cavab almalıydıq. Milli Məclisdə də mən bu məsələyə ciddi toxunmuşam, Milli Məclisin sədrinə də bu məktubu ünvanlamışam. Mən hətta təklif etdim ki, bank sistemini Milli Məclisə yığaq və soruşaq ki, niyə problemlər bu qədər dərinləşir, problemli kreditlərin faizləri artır, miqdarı artır.  Bankların özündə də problemlər var, biz onları da nəzərdə tutmuşuq. Cənab prezidentin bank sisteminin sağlamlaşdırılması ilə bağlı göstərişi nə qədər tez yerinə yetirilərsə, maliyyə vəziyyəti bir o qədər yaxşı olar". 






Fikirlər