TÜRK LİRƏSİ “üzü üstə”, manata “MAŞALLAH” ...
Türkiyə lirəsi yenidən dollar və avro qarşısında kəskin dəyər itkisinə məruz qalıb. Belə ki, son iki gündə dolların məzənnəsi 2 faiz möhkəmlənərək 4,6 lirəni, avronun məzənnəsi isə 5,4 lirəni keçib. Qeyd edək ki, ötən həftə dollar 4,5 lirəyə yüksələn zaman Türkiyə Mərkəzi Bankı qeyri-sağlam qiymət dəyişikliklərinin gözləndiyini və bununla bağlı lazım olan addımların atılacağını bəyan etmişdi. Bu açıqlama bazarlarda faizlərin qaldırılacağına dair rəy formalaşdırmış, nəticədə dolların kursu 4,4 lirəyə düşmüşdü. Lakin Mərkəzi Bankın açıqlamasından keçən bir həftə ərzində uçot dərəcəsinin qaldırılmaması gözləntilərin aradan qalxmasına, lirəyə təzyiqlərin güclənməsinə və onun yenidən dəyərsizləşməsinə səbəb oldu. Türkiyə mətbuatının yazdığına görə, Mərkəzi Bankın artım qərarı verməməsində iqtidarın faiz yüksəlişinə qarşı olması mühüm rol oynayır. Lirənin dəyər itirməsinin səbəbləri
Türkiyə mətbuatında ekspertlər tərəfindən lirənin ucuzlaşmasının bir neçə səbəbi qeyd olunur. Bunlardan biri Türkiyənin cari ticarət saldosu ilə bağlıdır. Belə ki, mart ayında cari ticarət saldosunun (mənfi) proqnozlaşdırılan 4,8 milyard dollardan yüksək olması onun maliyyələşdirilməsi imkanlarına dair təşvişləri artırıb. İllik cari saldo isə 55,3 milyard dollardan yuxarıdır. Lirəni dəyərsizləşdirən daha bir amil erkən seçki qərarıdır. Bu, ölkədə siyasi qərarsızlıq vəziyyəti yaradıb. Bu isə investisiyaların demək olar ki, dayanmasına, xaricilərin isə öz vəsaitlərini ölkədən çıxarmağa başlamasına səbəb olub. Uzun müddətdir davam edən fövqəladə vəziyyət rejiminin hər dəfə yenidən uzadılması beynəlxalq reytinq agentliklərinin bu ilin birinci rübü ərzində Türkiyənin kredit reytinqlərini kəskin endirməsinə gətirib çıxarıb. Belə ki, endirim qərarlarında fövqəladə vəziyyət rejiminin investisiyalara mənfi təsir göstərdiyi açıq qeyd olunur. Reytinqlərin endirilməsi isə lirəyə daha bir təzyiq deməkdir.
Daha bir mühüm səbəb, əlbəttə, dünyada dolların bahalaşması prosesidir. FED-in uçot dərəcələrini artırmaq qərarları Türkiyə də daxil olmaqla inkişaf etməkdə olan ölkələrdən vəsait axınına səbəb olub. FED-in son artım qərarı isə Türkiyədən vəsait axınını daha da gücləndirib. Eyni zamanda İtaliyada martın 4-də keçirilən seçkilərdən bəri hökumət qurula bilməməsi avronun dollar qarşısında dəyər itirməsinə gətirib çıxarıb. Bu amil, həmçinin dolların bütün dünyada bahalaşması Türkiyə lirəsinin dəyərsizləşməsini bir qədər də sürətləndirib. Bütün bunlarla yanaşı, lirənin dəyərsizləşməsinin daha bir səbəbi Türkiyədə bir sıra mühüm iqtisadi göstəricilərdə azalmanın qeydə alınmasıdır. Məsələn, belə ki, bu ilin birinci rübündə Türkiyə iqtisadiyyatına birbaşa investisiyaların məbləği 9,4 faiz azalaraq 164,5 milyard dollara düşüb. Banklarda lirə və digər valyutalarda olan depozitlərin məbləğində də azalma baş verib.
Buna baxmayaraq, bir sıra göstəricilərdə müsbət dəyişikliklər var. Belə ki, Türkiyə Mərkəzi Bankının məlumatına görə, ilk rübdə Türkiyənin xarici borcu 11,7 milyard dollar azalaraq 443,7 milyard dollar təşkil edib. Ölkənin xaricdəki aktivləri 1,1 faiz artaraq 230,5 milyard dollar, xaricdəki öhdəlikləri isə 1,4 faiz azalaraq 674,2 milyard dollar təşkil edib. Amma müsbət göstəricilər lirəyə təzyiqləri azaltmaq, onun dəyərsizləşməsini önləmək üçün yetərli deyil. Onu da qeyd edək ki, Türkiyə valyutasının dəyərsizləşməsi fonunda Azərbaycanda manatın möhkəmlənməsi prosesi gedir. Belə ki, ötən həftə avro son bir ildə ilk dəfə 2 manatdan aşağı düşüb. Manatın dollar qarşısında məzənnəsi isə hökumət tərəfindən sabit saxlanmaqdadır. Neftin dünya bazar qiymətinin 80 dollar ətrafına çatması Azərbaycan hökumətinin manat/dollar məzənnəsini hələ uzun müddət indiki həddə saxlaması üçün əlverişli zəmin yaradır. Belə bir şəraitdə Türkiyə lirəsinin dəyər itirməsi Azərbaycanda xüsusilə qonşu ölkəyə mal ixrac edən sahibkarlara mənfi təsir göstərməyə bilımir. Nəzərə almaq lazımdır ki, bu ilin birinci rübündə Azərbaycanın qeyri-neft ixracında Türkiyə 97,6 milyon dollarla ikinci yerdə gəlir. Türkiyəyə aparılan məhsullar isə orada lirə ilə satılır. Bu isə ora məhsul ixrac edənlərin zərərlə üzləşməsinə gətirib çıxara bilər. İxracla yanaşı, Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə böyük həcmdə investisiya yatırıb. İnvestisiyalar xarici valyutada olsa da, oradakı bütün fəaliyyətlər yerli valyuta ilə reallaşdırılır. Lirənin dəyərsizləşməsi həm də Türkiyədə inflyasiyanı sürətləndirir. Bu kimi amillər isə qonşu ölkəyə yatırılan investisiyaların səmərəliliyini azalda bilər.Türkiyə valyutasının dəyərsizləşməsi fonunda Azərbaycanda manatın möhkəmlənməsi prosesi gedir