TÜRKİYƏDƏ DOLLAR ŞOKU - Azərbaycanda nələr UCUZLAŞA BİLƏR...

Natiq Cəfərli: “Bu prosesin Azərbaycana təsirləri isə pozitiv olacaq, Türkiyədən gətirilən məhsulların qiymətində az da olsa ucuzlaşma müşahidə ediləcək”

Dünya bazarında ticarət müharibəsinin başlaması ilə bağlı narahatlıqlar, texnoloji avadanlıqların ehtiyat hissələri ilə əlaqədar qlobal azalma, o cümlədən geosiyasi proseslərin təsiri ilə dollar 4 lirəyə, avro isə 4,96 lirəyə qədər yüksəlib.

“CNN-türk”ün xəbərinə görə, qlobal proseslərlə yanaşı geosiyasi proseslərin də təsiri ilə martın 27-də 3.98 lirə səviyyəsinə yüksələn dollar dünən səhər saatlarında ilk əməliyyatda 0.45 faiz yüksələrək 4.0012 lirəyə qalxıb, daha sonra 4.0 lirə ətrafında dalğalanmağa başlayıb. 

Avro isə ötən gün 0.31 faiz artaraq 4.9643 lirəyə yüksəlib.

Dollar ötən həftənin son əməliyyat günü tarixində ilk dəfə 4.0 lirəlik məzənnəni geridə qoyaraq, 4.0368 lirəyə qalxıb. Avro da 4.9757 lirə rekord səviyyəyə yüksəlib və 5.0 lirəlik məzənnəyə doğru getməkdədir. 

Türkiyənin maliyyə mütəxəssisləri hesab edir ki, dolların kəskin yüksəlişinin səbəbi ölkədəki yüksək inflyasiya, xarici investisiyanın ölkədən çıxması, risklərin artması, geopolitik risk amillərinin ortaya çıxması və digər faktorların üst-üstə gəlməsidir. Məhz bu səbəbdən TL dəyər itirir. 

Картинки по запросу dollar lira

Qlobal səbəblərə gəlincə, ABŞ-ın Çindən idxal edilən məhsullara gömrük vergisi edilməsi və bunun qlobal ticarət müharibəsinə yol açması ilə bağlı narahatlıqlar ötən həftə etibarlı yatırım alətlərinə, ilk növbədə də dollara tələbi artırıb. 

“Report”un analitik qrupu hesab edir ki, Türkiyədə dolların məzənnəsi il ərzində artmağa davam edəcək, qısamüddətli perspektivdə isə 1 dollar 4,2-4,3 lirəyə qədər bahalaşa bilər. Dolların ilin sonundan etibarən gözlənilən bahalaşması prosesinin Türkiyədən də yan keçməyəcəyi gözlənilir.

Bu il Türkiyədə 1 dolların 5,5-6 lirə, 2022-ci ilə qədər isə 8 lirə olması mümkündür. Buna səbəb ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sürətlə artırması olacaq. Bununla yanaşı, LIBOR faiz dərəcələrinin gözlənilən artımı Türkiyənin maliyyə bazarı iştirakçılarının və şirkətlərinin borclanma xərclərini artıracaq. Bu da daxili bazarda faiz dərəcələrinin yüksəlməsinə, inflyasiyanın sürətlənməsinə, dollara tələbatın artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, Türkiyənin milli valyutasının dəyər itirməsi bu ölkənin ixrac imkanlarını artırmaqla yanaşı, yay fəsli öncəsi turizmin cəlbediciliyini də artıracaq. 

Azərbaycan da Türkiyənin mühüm ticarət tərəfdaşlarından biridir. Ölkəmizə Türkiyədən tekstil mallarından, geyim əşyalarından tutmuş ərzaq məhsullarına qədər bir çox çeşiddə mal idxal olunur. İki ölkə arasında ticarət əməliyyatlarının əsasən dollarla aparıldığını nəzərə alsaq, Türkiyə lirəsinin dollar qarşısında dəyərdən düşməsi Azərbaycan bazarlarında ucuzlaşmaya gətirib çıxara bilərmi?

Bundan əlavə, lirənin ucuzlaşması həmçinin bir çox ölkə vətəndaşlarının, o cümlədən azərbaycanlıların turist səfərləri üçün Türkiyəyə üstünlük verməsinə gətirib çıxara bilərmi?

Картинки по запросу ekspert Natiq Cəfərli 2018


“Yeni Müsavat”a danışarkən bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ölkəmizdə dolların inzibati qaydada sabit saxlanıldığını nəzərə alsaq, Türkiyədən gətirilən məhsullar ucuzlaşmalıdır: “Türkiyədə lirə ilə qiymətlərin hələ ki yüksəlmədiyini nəzərə alsaq, o cümlədən azərbaycanlı iş adamlarının bu ölkəyə dollar aparıb lirə ilə məhsul aldığını nəzərə alsaq, Türkiyədən gələn məhsullar ucuzlaşmalıdır. Düzdür, Azərbaycanda ucuzlaşma məsələsində heç də hər zaman bu cür iqtisadi məntiq işləmir. İqtisadi məntiq isə birmənalı olaraq onu deyir ki, Türkiyədə lirənin dəyərdən düşməsi fonunda Azərbaycanda dolların sabit qalması bu ölkədən idxal olunan məhsulların qiymətinə təsir etməlidir, nisbətən ucuzlaşmalıdır. Yəqin ki, yaxın həftələrdə qiymətlərin necə dəyişəcəyini müşahidə edəcəyik. Lakin hər şey lirənin hansı həddə qədər ucuzlaşmasından asılı olacaq”. 

İqtisadçının sözlərinə görə, Türkiyədə milli valyutanın dəyərdən düşməsinin səbəbi daha çox siyasi amillərlə bağlıdır: “Bu ölkə ətrafında geosiyasi vəziyyətin gərginləşməsi, Türkiyənin Suriya ərazisinə daxil olması, Avropa Birliyi ilə münasibətlərin gərginləşməsi, AB-yə son səfər zamanı müqavilələrin imzalanmaması bütövlükdə Türkiyə iqtisadiyyatına, o cümlədən lirəyə mənfi təsir göstərir. Bunun nə vaxta qədər davam edəcəyi bəlli deyil. Yəqin ki, hər şey siyasi konyukturdan asılı olacaq. Bu prosesin Azərbaycana təsirləri isə pozitiv olacaq. Türkiyədən gətirilən məhsulların qiymətində az da olsa ucuzlaşma müşahidə ediləcək”.

N.Cəfərli onu da vurğuladı ki, lirənin ucuzlaşması prosesi yay aylarında da davam etsə, Azərbaycandan Türkiyəyə gedən turistlərin də sayı artacaq: “Lirənin dəyərdən düşməsi Türkiyə turizminə və ixracatçılarına çox sərf edir. Onlar buna hətta sevinirlər. Bu, həm ölkəyə gələn turist sayının artmasına, həm də Türkiyə istehsalı olan məhsulların ixracatının artmasına səbəb olur. Ona görə də dollar 4 lirədən yuxarı olsa, Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında ciddi artım olacaq”.“Yeni Müsavat”

 






Fikirlər