“Böyük amnistiya”nı vacib edən səbəblər:Həbsxanalarda rekord sayda məhbus var – ARAŞDIRMA

hebsxana16Son günlər 28 May Respublika Günü münasibətilə amnistiya elan olunması ilə bağlı məlumatlar yayılmaqdadır

Strateq.az bu məsələ ilə bağlı  əlavə məlumatlar əldə edib. Əldə etdiyimiz məlumatlara görə, artıq cəzaçəkmə müəssisələrində amnistiya aktının elan olunması ilə bağlı müəyyən sənədləşmə işləri üçün hazırlıqlar başlanılıb. Amnistiya ilə əlaqədar cəzaçəkmə müəssisələri tərəfindən məlumatlar, statistika müvafiq qurumlara  təqdim edilib.

Gözlənilən növbəti amnistiya əvvəlkilərlə müqayisədə daha çox adama şamil oluna bilər.

Sonuncu dəfə millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə  Milli Məclis tərəfindən Amnistiya Aktı 2013-cü il 7 may tarixində verilib. 9 min şəxs bu Amnistiya Aktının təsirinə düşüb. 2000-dən çox məhkum cəzaçəkmə yerlərindən azad olunub.

Qeyd edək ki, növbəti amnistiya üçün obyektiv səbəblər də var. Azərbaycanda son illər məhkumların sayının artması tendensiyası müşahidə olunur.  Bu isə narahatlıq doğurmağa bilməz.  Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropda 4-cü yeri tutur.

Bu il 8 martda Avropa Şurası Avropa ölkələrindəki həbsxanaların vəziyyəti ilə bağlı hesabatını açıqlayıb. Hesabatda qeyd olunur ki, Rusiyadan sonra əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə, 305 nəfərlə Litva, 240 nəfərlə Latviya, 238 nəfərlə Azərbaycan, 227,9 nəfərlə Gürcüstan, 225 nəfərlə Estoniya, 204 nəfərlə Ukrayna gəlir.

Türkiyədə hər 100 min nəfərə düşən məhbus sayı 197,5,  Moldovada 201,3, Polşada 203,5 nəfərdir.  Avropa Şurasına üzv ölkələrdə hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. Hesabatda qeyd olunur ki, 2014-cü ilin məlumatına görə Azərbaycanda azadlıqdan məhrum olunmuş şəxslərin sayı  22579 nəfər təşkil edib.

Ümumilikdə isə Avropa ölkələrində 2011-ci ildən bəri cəzaçəkmə yerlərində hər 100 yerə düşən məhkum sayında azalma müşahidə olunur. 2001-ci ildə bu göstərici 99, 2013-cü ildə 96, 2014-cü ildə 94 olub. 2014-cü ildə Avropa Şurası ölkələrində hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. 2013-cü ildə isə bu göstərici 134 idi.

Məhbus sayının artması eyni zamanda iqtisadi problem kimi də qiymətləndirilir. Azərbaycanda hər il təxminən 80 milyon manatdan çox yalnız məhbusların saxlanması xərclərinə sərf edilir. Bura penitensiar xidmətin institusional xərcləri aid deyil. Bu məbləğə yalnız məhbusların qidalanması, geyimi, məişət şəraiti üçün və s. çəkilən xərclər daxildir.

Avropa həbsxanalarında da  hər məhbus  üçün gündəlik ayrılan məbləğin də miqdarı azalmaqdadır. Orta hesabla bu göstərici 99.1 avrodan 96.7 avroya qədər azalıb. 2012-ci ilin məlumatına görə Rusiyada gündəlik hər məhkum üçün 2.2 avro, Belarusda isə 2011-ci ildə 1.48 avro, Qırğızıstanda 2014-cü ildə 1.55 avro xərclənib. Qazaxıstanda isə bu məbləğ 5 avrodan çoxdur.

Ötən il fevarl ayında “EXO” qəzetinə müsahibəsində Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov bildirmişdi ki,  ölkədə hər bir məhkuma xərclənən pulun miqdarını dəqiq demək çətindir: “Bir neçə il bundan öncə bu məbləğ ildə 4 min manat idi, yəni hər bir məhkuma gündə 10,9 manat düşürdü. Amma dövlət büdcəsi dəyişir, onunla bərabər məhkumlara sərf olunan xərc dəyişir”. Bu il aprelin 24-də parlamentin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsində keçirilən dəyirmi masada millət vəkili Çingiz Qənizadə bildirib ki, “ölkədəki bütün cəzaçəkmə və istintaq təcridxanalarında 24 minə qədər məhkum var. Bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir”.

Ç. Qənizadə qeyd edib ki, hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır: “Bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var. Bunun da nəticəsində məhkumların sayı xeyli aşağı düşəcək. Məsələn, hazırda qüvvədə  olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrumetmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur. Onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamasına”.

Mövzu ilə bağlı söhbətlərşdiyimiz ekspetlər qeyd etdilər ki, Azərbaycanda son illər penitensiar sistemdə xeyli islahatlar aparılıb.  Ötən il Avropa Şurası və Avropa Komissiyasının Ədliyyə Nazirliyi ilə birlikdə Azərbaycanın penitensiar sistemində islahatların həyata keçirilməsi üzrə birgə proqram başa çatıb. Yeni həbsxanalar tikilib. Məhbusların həyat şəraitində yaxşılaşma müşahidə olunur.  Onların hüquqlarının daha yaxşı təmin olunması ilə bağlı qanunvericilkdə islahatlar aparılıb. Həbsxanalara ictimai nəzarət təsisatları yaradılıb. Bütün bunlar Azərbaycanla bağlı müsbət amillər kimi qeyd olunur. Lakin əhalinin hər 100 min nəfərinə düşən məhbus sayının artması artıq ciddi narahatlıq yaradır və Azərbaycan əlyehinə istifadə olunur. Bu baxımdan növbəti böyük amnistiyanın elan olunması ən yaxşı çıxış yolu ola bilər.






Fikirlər