«ELƏ BU QULDUR DƏSTƏSİNİN BAŞÇISI DA ODUR…» - Bakıda bir polis, əlbir olub bir MTN-çi ilə…

1ib6WdUhf8e1

Mənzili özündən xəbərsiz satılan vətəndaşın harayı: «Hər anımız qorxu-təlaş içində keçir!»

Redaksiyamıza daxil olmuş bir müraciəti ürək ağrısı keçirmədən oxuya bilmirsən – oxuduqca, düşünürsən: İlahi, ətrfımızda nə qədər yaramaz insanlar yayşayırmış!

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindki 26 saylı binanın 35-cı mənzilində yaşayan Cəfərova Yeganə Əbdülrəhim qızı yazır: «Təxminən, 2013-cü ilin noyabr ayında Əliyeva Zəhrabəyim Mirtalıb qızı ad-soyadlı bir qadın işlədiyim qadın salonuna gəldi. Ona lazımınca xidmət göstərildiyindən, mütəmadi olaraq salona gəlməyə başladı və bütün işçilərlə münasibət qurdu. O, mənim 3 uşaqla tənha yaşadığımı (evli olmadığımı) öyrənib, mənimlə də yaxın münasibət yaratdı…

Söhbətlərimizin birində Zəhrabəyim danışdı ki, atası Mirtalıb Gəncə şəhər Polis İdarəsində yuksək vəzifədə işləyir və Gəncə şəhərində ona atasından vəsiyyətnamə əsasında, yol qırağında böyük bir «tir park» qalıb. Daxili İşlər Nazirliyində işləyən general rütbəli İsmət Əliyev də onun bibisinin əridir. İndi həmin «tir park»ın üstündə bibisi ilə aralarında narazılıq yaranıb. Odur ki, atası həmin «tir parkı» öz adına keçirmək üçün Bakı şəhəri, M.Müşfiq küçəsi 2, mənzil 9 ünvanında yerləşən yaşayış sahəsini ucuz qiymətə satır. Məqsədi isə budur ki, sonradan «tip park»ı satıb, Bakıda bir neçə mənzil və obyekt alsın…

Bu söhbətdən sonra Zəhrabəyimin atası digər bir kişi ilə birlikdə iş yerimə gəldi. Tanışlıq əsnasında, Mirtalıb Əliyev Gəncə Polis İdarəsində işlədiyini, yanındakı dostunun – Səfərov Asim Rafiq oğlunun isə MTN-nin əməkdaşı olduğunu söylədi.Həmin gündən sonra Asim hər gün iş yerimə gəlib məni razı saldı ki, Mirtalıbın evini alım – guya ki, bahalı evdir və o da mənə kömək edəcək. Asimin təkidi ilə mən öz evimi Mirtalıbın mənzili ilə dəyişmək qərarına gəldim. Asim 1 otağa görə, məndən 30 min manat pul aldı.Pulu almağa gələndə, Rəşid adlı dostunu də gətirmişdi. Mən pulu verəndən sonra Zəhrabəyimin qeyri-qanuni yaşadığı və «Zyoma» ləqəbi ilə tanınan Zaman mənə bir neçə dəfə zəng edib dedi ki, Zəhrabəyim də, atası Mirtalıb da fırıldaqçıdır. Buna görə də mən, Zəhrabəyimi çağırıb məsələni ona danışdım və telefonu mikrofona qoyub Zamanla da danışdım. Hər şeyi özü eşitdi. Mən pulumu qaytarmağı ondan tələb etdim. Dedim ki, məni atanın yanına apar, pulumu versin, mənə sizin mənzil lazım deyil. O, «Toyota» markalı maşınında, vaxt qazanmaq məqsədilə bir neçə saat gəzdirəndən sonra, nəhayət məni evlərinə apardı. Evdə atası Mirtalıbdan başqa MTN əməkdaşı Asim Səfərov da var idi. Onlar əl-ayağa düşüb, mənə nəvaziş göstərərək, «Gəncə çörəyi, paxlava və qaymaqla» çay dəskahı verdilər. Bundan sonra mən, nə baş verdiyini xatırlamıram…

2013-cü il, dekabrın 2-də axşam saatlarında gördüm ki, mən öz evimizin həyətindəyəm. Özümü pis hiss edirdim. Birtəhər özümə gəlib, «podyezd»ə girmək istəyəndə, gördüm ki, Mirtalıb Əliyev, Asim Səfərov və Rəşid kimi tanıdığım Məzahir Rəhimov bizim həyətdə dayanıb mənə baxa-baxa söhbət edirlər. Onların nə barədə danışdığını eşitsəm də anlaya bilmirdim. Səsləri uzaqdan gələn kimi görünürdü – anlaşılmaz idi. Özümü zorla idarə edirdim. Birtəhər içəri daxil oldum. Vəziyyətim bir qədər də pisləşdi – mədəm ağrıyırdı, qusurdum…

Paltarımı soyunub yatağıma girmək istəyən zaman venamda iynə yeri olduğunu gördüm. Mirtalıba, Asimə və Zəhrabəyimə zəng edib, nə iynə olduğunu soruşdum. Dedilər ki, bizim evdə halın pisləşdi, biz də həkim çağırdıq – həkimin vurduğu iynənin yeridir. Halım bir qədər də pisləşdi və hiss etmədən yuxuya getdim…

Vəziyyətim düzələrkən, çantamı açıb gördüm ki, içində alqı-satqı sənədləri var. Bu barədə Mirtalıba zəng vuranda, dedi ki, narahat olma, bir həftə gözlə, Müşfiq küçəsindəki 4 otqalı ev sənindir – sənin adına sənədləşdirəcəm. Bundan sonra Zəhrabəyim gəldi və bizi həmin evə apardı və dedi ki, ev sizindir – atam sənədləri düzəltmək üçün Gəncəyə gedib, bir həftəyə gələr. Günlər, aylar keçsə də Mirtalıb gəlmədi. Biz 4 ay Müşfiq küçəsindəki həmin mənzildə yaşadıq…

Bir gün işdən evə dönərkən qapıya yapışdırılmış belə bir bildiriş gördüm: «Mənzilin açarları dəyişdirildiyi üçün evi boşaldın» – Qismət müəllim. Mən bu barədə Mirtalıba və Asimə zəng vurdum. Onlar dedilər ki, arxayın ol, yoluna qayacağıq. Bir gün Məzahir Kərimov həyat yoldaşı ilə iş yerimə gəlib evi boşaltmağımı tapşırdı. Mən evi satmadığımı, alıcını taımadığımı və evi qaytaracağımı dedim. Onlar evdən çıxartmaq üçün məni Yasamal məhkəməsinə verdilər. Məhkəmə, «alqı-satqı var, evi boşaltmalısan» – deyib, onların xeyirinə qərar verdi…

Bir gün işdən qaydıb qapını açmaq istədim – açılmadı. Bu zaman özünü Qismət müəllimin sürücüsü kimi təqdim edən Elçin adlı şəxs mənə zəng vurub dedi ki, Vergilər Nazirliyinin arxasındakı MTN-nin yaşayış binasının qabağına gəl – əşyaların bu binanın 5-ci mərtəbəsindəki bir otağa yığılıb. Mən, hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinə və Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim. Prokurorluq, Mirtalıb Əliyev və Asim Səfərov barədə 2014-cü il dekabrın 31-də dələduzluq maddəsi ilə cinayət işi qaldırdı. Buna baxmayaraq, Asim məsuliyyətə alınmadı. Mirtalıba isə Gəncə şəhərində Nazənin adlı bir qadını elə həmin yolla aldadaraq, 17 (on yeddi) min manatını aldığı üçün Ağır Cinayətlər üzrə Məhkəmədə cinayət işi açılsa da, o, kimlərinsə köməkliyi ilə qorunur və barəsində bir qərar verilmir…

Bir məsələ də maraq doğurur ki, Qismət müəllim MTN-də işləyir və mənə təqdim olunan 4 otaqlı ev də onun imiş. Elə bu quldur dəstəsinin başçısı da odur.Şikayətlərimlə bağlı Yasamal rayonunda 3 müstəntiq dəyişdim. Ona görə ki, müstəntiqlər işi qərəzli şəkildə uzadırlar. Niyə belə etdiklərini soruşanda, mənim işimi aparan müstəntiq Elnur Abdullayev bildirdi ki, onlara yüksək vəzifəli bir məmur təzyiq göstərir. Sonra həmin şəxsin Daxili İşlər Nazirliyinin generalı – Mirtalıbın qohumu İsmət Əliyev olduğunu öyrəndik…

Müstəntiq Elnur Abdullayev alqı-satqı müqaviləsini məhkəmə ekspertizasına göndərdi. Sonra isə məni yanına çağırıb, ekspertə vermək üçün 5 min manat istədi. Pulum olmadığını bildikdə, mənə Rəşid kimi təqdim edilən Məzahirdən 10 min manat alıb, ekspertin qərarını onun oğlu Orxana aldı. Qeyd edim ki, sən demə, Məzahir və Orxan mənim bina qonşum imişlər. Amma mən onları tanımamışam…

Mən evin «alqı-satqısı»nı ləğv etdirmək üçün Yasamal məhkəməsinə müraciət etdim. Bu dəfə də Məzahir qərarı pulla öz xeyrinə aldı. Bundan sonra Apellyasiya Məhkəməsinə şikayət etdim. Məhkəmə bank qəbzini ekspertizaya göndərdi. Ekperiza rəy verdi ki, qəbzdəki imza mənim deyil. Buna baxmayaraq, pulun gücünə, qərar Orxan Kərimovun xeyrinə verildi. Hakim mənə məsləhət gördü ki, çeki verən Texnikabankı məhkəməyə verim…

Hörmətli redaktor! Dəfələrlə Yasamal rayon Polisinə, Yasamal rayon Prokurorluğuna, Yasamal rayon Məhkəməsinə, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Prezident Administrasiyasına müraciət etsəm də bu dələduz dəstədən pulumu və evimi ala bilmirəm! Onlar mənim kimi bir neçə nəfəri də bu yolla aldadıb, çölə atıblar. Həmin şəxsləri də tanıyıram. Onu da öyrəndim ki, Mirtalıb Əliyevin və qızı Zəhrabəyimin mənə MTN əməkdaşı kimi təqdim etdiyi Səfərov Asim Rafiq oğlu Bakı Dövlət Universitetində müəllim, Rəşid isə Bakının poliklinikalarından birində uşaq həkimi işləyir! Evimin sənədləri onların adına keçirilsə də mən öz evimdə yaşayıram və indiyədək onlardan heç kim məni narahat etməyib. Amma bilirəm ki, evim Orxan Məzahir oğlunun adına sənədləşdirilib. Ona görə də onlar istədikləri vaxt gəlib bizi evdən çıxaracaqlar, yaxud da özümə və uşalarıma bir xətər yetirəcəklər. Hər anımız qorxu içində keçir, uşaqlarım küçəyə çıxmağa qorxurlar! Hətta döyüləndə belə, tanış səs eşidilməyənə qədər uşaqlar qapını açmağa qorxurlar…

Hörmətli redaktor! Gözəl qanunlarımız olduğu halda, vəzifələrinə yaraşmayan ləyaqətsiz işlərlə məşğul olan dələduzların ifşa olunub, layiqli cəza almaları və 3 övladla kimsəsiz bir ananın harayını eşidib qəzetinizdə dərc etməklə ictimailəşdirməyinizi, bununla da ailəmizin təhlükəsizliyinin təmin edilməsinə yardımçı olmağınızı xahiş edirəm».

Nə deyəsən, kimə deyəsən ki, bu ölkənin qanun-hüquq keşikçiləri sanki kütləvi halda etinasızlıq, bəziləri isə ləyaqətsizlik girdabına baş vurublar! Düşünməmək olmur – nəhayət, bütün bunlara “DUR!” deyən biri olacaqmı?…

AzPolitika.info

 






Fikirlər