«AEROPORTDA BAZAR AÇMISAN!» - Çay nə çay, bu «bazar»da, «bazar»da?..

Bazar açmaq yaxşıdır, yoxsa açmamaq?

1424937656_013Bu ayın 14-də elektron KİV-in yaydığı yığcam bir «retro» («Aeroportda bazar açmısan!») diqqətimi çəkdi. Söhbət «AZAL» dövlət şirkətinin prezidenti Cahangir Əsgərovdan gedir. Guya nə vaxtsa mərhum Prezident Heydər Əliyev keçirdiyi iclasların birində cənab Cahangiri danlayaraq, deyib: «Aeroportda bazar açmısan!»

Retronu «həzm» edən kimi dərhal ötən ilin sentyarında başıma gəlmiş xeyli utancverici bir hadisəni yadıma saldım. Təfərrüatı belədir: Tanışımla Rusiyanın şəhərlərindən birinə uçmaq üçün H.Əliyev adına Bakı Hava Limanına gəldik. Tanışım Gəncədən yol gəlib yorğun olmuşdu, həm də acmışdı. Uçuşa xeyli vaxt qaldığından, liman binasının ikinci mərtəbəsinə qalxdıq ki, yol yoldaşım bir-iki kökə yeyib, üstündən də bir-iki stəkan ətirli Azərbaycan çayı içsin…
Kafe-çayxanada «xidmət göstərən» («xidmət» yazdığıma görə, cənab Cahangirin açdığı bazarda «fəaliyyət göstərən» bu çayxanada «çay içib də feyziyab olmuş» sərnişinlərdən dönə-dönə üzr istəyirəm!) cavan qıza yaxınlaşıb, bir çaynik çay sifariş elədim. Tanışım da yemək üçün özünə bəzi qidalar aldı. Stol arxasına keçib, çayın «dəm alması»nı səbirsizliklə gözlədik…

Üstündən təxminən, yarım saat keçmişdi (baxmayaraq ki, tanışımın «dili ağzında yanırdı!»)… «çayçı qız» bizi səslədi: «Gəlin, çayınızı aparın» (daha bunun harası xidmət oldu? – bilmədim…). Gəldik və çayımızı apardq… boz-bulanıq bu mayeni stəkana süzərkən sözün gerçək mənasında, sarsıldıq! Çay, nə çay? Uzunçuluq etmədən, fikrimi qısaca ifadə edəcəm – ömrümdə hələ belə pis rəngli, pis qoxulu (ətirli yox haaa!!!) və ümumiyyətlə, heç bir dadı-təamı olmayan maye dadmamışdım! Yəni ki, stəkanımızdakı maye içiləsi bir nəsnə deyildi – aydındır ki, biz də onu içmədik…

Çayçı xanıma yaxınlaşıb «çay»ın qiymətini soruşduq. «Dörd manat» – deyə, qız utanıb-çəkinmədən üzümüzə baxdı. Qəzəbimdən az qaldım ki, canavar kimi zingildəyəm, sonra da qəhərlənib «minacat çəkəm»! Amma özümü tez də ələ alıb, qıza bunları dedim: Ay bala, belə çay dəmləməyi sənə kim öyrədib? Axı o, içməli deyil. Niyə bu ölkəni, bu xalqı rüsvay edirsiniz? Səni buraya kim işə götürüb? Bala, sən Allah, get özünə başqa bir iş tap, səndən çayçı-xidmətçi olmaz!!! Zavallı qız heç nə demədən, yazıq-yazıq gülümsəməyə çalışsa da, alınmadı – uşağın lap «ağzı əyildi»…

İndi üzümü bu tribunadan cənab Cahangirə tutub, soruşmaq istəyirəm: Ey gözəl insan, belə «bazar», belə çayxana, belə çayçı və belə «çay» kimə lazımdır? Heç olmasa, vicdanını (varsa!) qarşına qoyub da bir qədər fikirləş, noolar! Bu ölkəni, bu xalqı nə üçün rüsvayi-cahan edirsən?…

Sonra da yazdıqlarımdan aşağıdakı ibrətamiz nəticəni çıxartdım: Deməli belə – Azərbaycanın nəqliyyat sektorunda cənab Cahangir bir «bazar açıb», cənab Ziya avtovağzalda bir «bazar açıb», amma hər ikisi hələ də vəzifə başındadır. Digər bir nəqliyyatçı – «KASPAR» Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi cənab Aydın isə Dəniz vağzalında «bazar açmamışdı» deyə, vəzifəsini qəflətən itirdi!

Hörmətli oxucular, indi özünüz fikirləşin (çünki Artur müəllim daha qocalıb, fikirləşə bilmir!) – bazar açmaq yaxşıdır, yoxsa bazar açmamaq?(AzPolitika.info)

AzerTaym.az






Fikirlər