“ŞARKO KÜRD”ə azərbaycanlı Fatimə “işi”- “qanuni oğru”nun həbsinin əsl səbəbi

“Şakro kürd”ə azərbaycanlı Fatimə “işi”- “qanuni oğru”nun həbsinin əsl səbəbi

Zaxari Kalaşovun işi ilə bağlı bir neçə nəfər hüquq-mühafizə orqanın əməkdaşı da qandallandı; onu Rusiyanın ən yüksək gəlirli vəkillərindən biri Aleksandr Qofşteyn müdafiə edəcək 

 

Rusiya kriminal aləminin “marşalı” hesab olunan Zaxari Kalaşovun (“Şakro Molodoy”)  həbsi  gözlənildiyi kimi geniş rezonans doğurub.  Rusiyanın bütün tirajlı elektron KİV-ləri, o cümlədən “Rossiya-24" və digər telekanallar bu mövzuya geniş yer verib. 
 
Bu diqqət isə  ”Şakro kürd" kimi də tanınan “qanuni  oğru”nun tutulmasının daha ciddi səbəbləri olduğuna işarədir. Əlbəttə, ortada cinayət işi və iki ölü var. Amma ötən ilin dekabrında baş vermiş cinayət hadisəsinə görə “kriminal marşalın” aylar sonra həbsə alınması haqlı suallar doğurur. “Şakro” kimi kriminalların bir barmağının işarəsi ilə yüzlərlə qeyri-leqal dəstələr hərəkətə keçir, adamlar vurulur, həbsxanalarda “razborkalar”a son qoyulur və ya əksinə. Bu cür miqyaslı kriminal dairələrdə hər gün milyonlarla dollar dövr edir.
 
İyulun 13-də Tver Rayon Məhkəməsi “Şakro” haqda həbs qərarı verib.  “Qanuni oğru”nu Rusiyanın ən yüksək gəlirli vəkillərindən biri Aleksandr Qofşteyn müdafiə edir. O, qərardan şikayət verəcəyini deyib.
“Şakro”nun həbsi ilə bağlı xəbərlərdə daha bir diqqətçəkən məqam var. Məsələn, “Kommersant” onun həbsi ilə bağlı xəbərə “Şakro" gücünü hesablaya bilmədi" sərlövhəsi verib. Bu mesaj həm də o deməkdir ki, “kriminal marşal” haradasa ciddi səhvə yol verib, kimlərinsə yoluna çıxıb, kimlərəsə qarşı yanlış hərəkəti olub. 7 ay sonra onun Moskva ətrafındakı bağ evinə basqın təşkil edilməsi, silah və qumbara tapılması, 20-dək adamının həbsi, o cümlədən bunların hamısının çəkilib mərkəzi telekanallarda yayılması da belə düşünməyə əsas verir.
Bu barədə bundan əvvəlki yazımızda da qeyd etmişdik ki,  “Şakro” iki il əvvəl onu İspaniyadan gətirən  təyyarənin trapından düşən kimi Rusiya Daxili İşlər Nazirliyinə aparıblar. Bu xəbəri də mediada tirajlanıb. Məlumata görə, nazirlikdə “qanuni oğru” ilə nazir müavini səviyyəsində söhbət aparılıb. 
 
Ona bu səviyyədə marağın səbəbi barədə bəzi iddialar vardı. Əsas səbəb Aslan Usoyanın ("Ded Xasan”) ölümündən sonra Rusiya kriminalında yeni düzənin yaradılması ilə bağlı idi ki, bu məsələdə “Şakro” ciddi rol oynaya bilərdi. O, “Ded Xasan”ın varisi kimi tanınırdı və  yeni müharibələrə həvəsli qruplaşmaların  “ağzını bir yerə” yığa bilərdi. “Şakro” bu işdə bəzi qaydalar yarada bildi və kriminal aləmdə müharibələr səngidi. Amma son vaxtlar yenidən Rusiyanın bir sıra böyük şəhərlərində bazarlar və iri ticarət mərkəzlərinə nəzarət uğrunda savaşın başlandığı barədə xəbərlər yayılmaqdadır. Bu məsələdə də “Şakro”nun adı iri biznesmenlərlə hətta işbirliyində hallanırdı.  Belə görünür ki, “Şakro”nun 7 ay əvvəlki işə görə həbsi sadəcə, bəhanə ola bilər. Həm də qadına “pul cəzası” kəsmək, qadının borcuna görə silahlı münaqişə yaratmaq “Şakro” kimi avtoritetin nüfuzuna ciddi zərbədir.
Məlumata görə, “Elements” restoranının sahibəsi Janna Kim hadisədən dərhal sonra ondan zorla pul tələb edilməsi ilə bağlı şikayət ərizəsi verib. Bu iş üzrə də “Şakro”nun adı əvvəl gündən keçib. Məlumdur ki, hadisə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə “Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Fatimə isə öz növbəsində çoxdan tanıdığı “Şakro”ya  müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib.  Janna Kimin restoranına “Şakro”nun “italiyalı” ləqəbli  adamı Andrey Koçuykovun silahlı dəstə ilə gedərək qarşı tərəflə “razborka”ya çıxıb.
Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb. Daha bir maraqlı fakt. Bildirilir ki, iki nəfərin ölümü ilə nəticələnən hadisədən sonra Fatimə öz ölümünü səhnələşdirib-yaxınları güclü yanmış qadın cəsədini tanıyıblar. Bu müddət ərzində ölkə xaricində olan dizayner baş verən dekabr hadisələri ilə əlaqəsi olmamaqda Kimi inandırmağa çalışıb. Hər halda istintaqda əsas fiqurantı hazırda ortada yoxdur.
“Şakro”ya qarşı qəzəbin hadisəyə görə tutulan “İtaliyalı” ləqəbli avtoritetin azad olması da göstərilir. Belə ki, onun azadlığa çıxmasını Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları və Daxili İşlər Nazirliyinin bəzi tədqiqatçıları özlərinə təhqir kimi qəbul ediblər.
 
“Şakro”nun onun azadlığa çıxması üçün 1 milyon dollar verməyə hazır olduğu barədə məlumatlar var idi",- deyə Rusiya KİV-ləri yazır. Yeri gəlmişkən,  “Şakro”nun işi ilə bağlı bir neçə nəfər hüquq-mühafizə orqanın əməkdaşı da həbs edilib. 
“Kommersant” qəzetinin 13 iyul sayının məlumatına görə, cinayət axtarış şöbəsinin əməliyyatçısı İldar Şakirov,sahə müvəkkili Rinat Zinatullin hələ yanvar ayında bu iş üzrə həbs ediliblər. Onlar “Şakro”nun əməllərini ört-basdır etməkdə günahlandırılır. Bir neçə gün əvvəl isə  “qanuni oğru” ilə əlaqələrinə görə yüksək rütbəli zabit  Yevgeni Çijikov həbsə alınıb. O, məhz “Şakro”nun və ətrafının nəzarətdə saxlanması üçün görəvli olsa da, restorandakı məlum “razborka”nın qarşısını almayıb.
 
Aydındır ki, bu faktlar hamısı “Şakro” barədə mümkün cinayət işinə “tikiləcək”. Onun həbsinin pərdəarxası məqamları yəqin ki, yaxın günlərdə üzə çıxacaq.

 






Fikirlər