MƏMUR ərini öldürən qadına cəza - 18 il həbs

“Məmur ərini öldürən qadına cəza - 18 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əri, Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli İsgəndərovu öldürməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Xalidə İsgəndərova 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı X.İsgəndərovanın 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuliİsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub.

X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.






Fikirlər