Eldar Sabiroğlunun oğlu məhkəmə zalında həbs edildi - Hökm oxundu
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə R.Səfərova hökm oxunub. Məhkəmə kollegiyasının qərarı ilə Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib, o, məhkəmə zalında həbs olunub. Xatırladaq ki, dövlət ittihamçısı R.Səfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o azadlığa buraxılıb. R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.