"Lotu Quli"nin kirvəsinin MƏHKƏMƏSİ keçirilib

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

AzerTaym.az xəbər verir ki, M.Namazovun vəkili Təranə Hacıyeva məhkəməyə teleqram göndərərək ölkə xaricində olduğunu deyib.

Hakim Ramella Allahverdiyeva bu səbəbdən məhkəmənin noyabrın 22-nə təyin edildiyini elan edib.

Bildirək ki, T.Hacıyeva həmçinin "Lotu Quli"nin vəkilidir.

Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Xatırladaq ki, "Lotu Quli"nin yeznəsi Vidadi Hüseynov da narkotik ittihamı ilə həbs edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov "Bulaq"restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.






Fikirlər