Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı edilən sui-qəsdin təfərrüatları məlum olub.
AzToday.az alman mediasına istinadən xəbər verir ki, dekabrın 1-i axşam saatlarında Berlinin Kudamm (Kurfürstendamm) rayonunda "Şeyx Həmzət”ə qarşı həyata keçirilən sui-qəsd zamanı 2 nəfər ölüb. Belə ki, "Şeyx Həmzət”ə silahlı hücum edən killerlərin biri atışma zamanı öldürülüb, digər killer isə ələ keçməmək üçün özünə açdığı atəş səbəbindən xəstəxanada keçinib:
"Baş vermiş cinayətin hələlik səbəbləri aydın deyil. Bununla bağlı istintaq komissiyası təyin edilib. Hadisə ilə zamanı ölənlərin cəsədləri bu gün yarılacaq. Şübhəlilərdən biri Almaniyada yaşayan alban əsilli şəxs olub. Şübhəli öz-özünə atəş açıb və xəstəxanaya catdırılsa da həyatını xilas etmək mümkün olmayıb”.
Alman polisinin yaydığı məlumatda qeyd edilir ki, cinayətin səbəbləri araşdırılmağa başlanılıb, qısa müddətdə hadisənin baş vermə səbəbləri və cinayətin sifarişçiləri aydınlaşdırılacaq.
Hadisə ilə bağlı "Şeyx Həmzət” alman polisi tərəfindən dindirilib və avtoritetin ailə üzvlərinin qorunmasına qərar verilib.
Baş vermiş sui-qəsdin arxasında "Şeyx Həmzət”in kriminal aləmdəki düşmənlərinin durduğu ehtimal olunur.
Qeyd edək ki, kriminal aləmdə "Şeyx Həmzət” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. Rövşən Lənkəranskinin 2016-cı ilin avqustun 18-də İstanbulda qətlə yetirilməsindən sonra onun tərəfdarları Həmzət Qastəmirovun ətrafında toparlanmağa başlayıb. Bu baxımdan "Şeyx Həmzət” daim Lənkəranskinin düşmənlərinin hədəfindədir.