DƏLƏDUZLUQ: Paytaxt sakinini aldadıb 21 minini aldı

Dələduzluq: Paytaxt sakinini aldadıb 21 minini aldı - Aradan çıxdı

Paytaxt sakini Kəlbəlizadə Rüfət Elçin oğlu dələduzluğun qurbanı olub. Vətəndaşın sözlərinə görə, Famid Dəmirov adlı şəxs onun külli miqdarda pulunu mənimsədikdən sonra aradan çıxıb.

 Rüfət Kəlbəlizadə yaşadığı problemlə bağlı Nizami rayonu 25-ci Polis Bölməsinə müraciət edib. Lakin hələ də bir nəticə yoxdur:

“2020-ci il avqustun 18-i “Chevrolet” markalı avtomobil aldım. 1-2 ay onu təmir etdirdim, lakin maşının bəzi detallarını tapa bilmədim. Həmin vaxt-noyabr ayında Famid Dəmirov mənə, “Ver, bu avtomobili satım, yerinə eyni məbləğə başqa bir avtomobil alaq”,-dedi. Mən də razılaşdım və avtomobili satmaq üçün ona verdim. Müəyyən qiymət danışdıq, amma həmin qiymətə satılmadığı üçün qiymətdə endirim etdik, maşını 18 500 manata satdı, amma mənə  16 min manat pul verdi. Daha sonra dekabrın 7-i mənə, “Sən ziyan eləmisən, əlindəki 16 min manata yaxşı maşın almaq olmayacaq, pulu ver, mən öz biznesim üçün istifadə edim, 5-6 maşın alıb-satdıqdan sonra dəyən ziyan ödənəcək”,-dedi. Bildirim ki, avtomobili 18 800 manata almışdım. Mən də aldanaraq 16 min manatı ona verdim. Ardıcıl 3-4 avtomobil alıb-satdı. Bundan sonra onunla bağlı dələduzluq faktlarına rast gəldim. Kimlərsə onu axtarırdı. Həmin vaxt artıq alqı-satqıdan 21 min manat pul yığılmışdı. Mən də ona bu məbləğim mənə bəs etdiyini deyərək pulumu istədim. O isə nə maşını, nə də pulumu verdi. Üstəlik, hədə-qorxu gəldi. 21 minə o, 3 “Opel” markalı avtomobil aldı. Mənim işdə olmağımdan istifadə edərək pulumla aldığı 3 avtomobili və öz avtomobilini birlikdə 17 minə sataraq qaçıb".

Şikayətçi deyir ki, bu hadisə fevralın 5-i səhər radələrində olub. O, hadisədən saat 3-də xəbər tutub: "Günorta saat 4-də 25-ci Polis Bölməsində izahat yazdım. Biz dələduz şəxsi şikayət etmişik, lakin polislər bilmədiyim səbəbə görə onu axtarışa vermirlər. Onun barəsində cinayət işi açmaq istəmirlər. Məsuliyyətsiz yanaşdıqları üçün fevralın 8-də 102-yə zəng vurdum, amma nəticə yoxdur. Bölmədə məni sahibkar kimi qeyd ediblər, halbuki mən avtomobilimi ona satmaq üçün vermişdim, yəni sahibkar filan deyiləm. O, özünü maşın mütəxəssisi kimi təqdim etmişdi, kirayə qaldığı evi də özü evi kimi göstərmişdi. Mənə kömək məqsədilə yaxınlaşdığına görə mən pul verdiyimi sənəddə əks etdirmədim. Fevralın 10-u Daxili İşlər Nazirliyinə şikayətə getdim. Daha sonra vəkillə danışıb Prezidentə, Baş Prokurorluğa, DTX-ya müraciət etdim. Hazırda cavab gözləyirəm, xahiş edirəm, mənə kömək etsinlər, pulum geri qaytarılsın, dələduzluqla məşğul olan bu şəxs saxlanılsın və başqa insanlar da zərər görməsin"  /Yenisabah.az 

 

Dələduzluq: Paytaxt sakinini aldadıb 21 minini aldı - Aradan çıxdı






Fikirlər