İQTİSADİ BÖHRAN KRİMİNAL DURUMA necə təsir edəcək? - "İŞSİZLİYİN 1% ARTIMI cinayətkarlığı 5% yüksəldir"

 

oqurluq-1.jpg

Quldurluğun çiçəklənməsi, maliyyə fırıldaqlarının artması, oğurluq, korrupsiya, inhisarçılıq — bütün bunlar BMT və İnterpol ekspertlərinin fikrincə, dünya böhranının yaranmasına səbəb olur. Amma böhran həm də eyni halların daha da çiçəklənməsini şərtləndirir.

İnterpol ekspertləri hesab edirlər ki, dünyada cinayətkarlığın çiçəklənməsi təkcə böhranı doğurmur, eyni zamanda böhranın özü dünyaya yeni cinayətkarları gətirir. Böhran işsizlik, iqtisadi və sosial həyatda depressiyanın üzə çıxması və nəhayət, ən ağlasığmaz kriminal elementləri ortaya qoyur.

İnterpolun İtaliyadan olan ekspertləri iddia edirlər ki, böhran narkotik ticarəti, insan alveri, almazın və qiymətli daşların qanunsuz dövriyyəsi, bahalı əlvan metalların və reaktiv maddələrin, qorunan irsin nümunələrinin (qiymətli rəsm əsərləri, heykəltaraşlıq nümunələri və s.) qaçaqmalçılığını, qanunsuz dövriyyəsini artırır.

2013-cü ildə İtaliyanın cənubunda kriminal durum son 15 ildə ən yüksək səviyyəyə çatmışdı. Qeydə alınan cinayətlər əvvəlki illərlə müqayisədə 37% idi. Ekspertlər bunu son illərdə Avropada yaşanan böhranla izah edirlər.

 

"İqtisadi böhranlar zamanı cinayətkarlığın artması təhlükəsi fövqəladə dərəcədə yüksəkdir"

 

Rusiya daxili işlər nazirinin keçmiş birinci müavini Aleksandr Çekalinin sözlərinə görə, artıq dəfələrlə yoxlanılmış düstur, tarixi kökləri olan məsələdir ki, işsizliyin 1 faiz artması cinayətkarlığın 5 faiz yüksəlməsinə səbəb olur. Çekalin hesab edir ki, işsiz qalan insan öz enerjisini bir şəkildə çıxarmalıdır.

"O, özünə məşğuliyyət tapmalıdır. Bu məşğuliyyət küçədə vaxtını boş-boşuna keçirmək də ola bilər, mobil telefonları oğurlamaq da", - deyə Çekalin Rusiyanın 1-ci televiziya kanalına bildirib.

ABŞ-ın sabiq konqressmenlərindən biri, Yel Universitetinin Hüquq məktəbinin yetirməsi, dairə prokurorundan tutmuş vəkillər kollegiyasının üzvlüyünə qədər bir çox postları tutmuş, ABŞ daxili işlər nazirinin hüquqi məsələlər üzrə köməkçisi, son illərdə daha çox özəl hüquq xidmətləri sahəsində çalışanGeri Hartın (Gary Hart) bu barədə fikirləri də maraqlıdır: "Böhran zamanı dünyanın kriminal coğrafiyası genişlənir. Böhran bizə təkcə iqtisadi cinayətlər sahəsində artımı vəd etmir. O, həm də tamah məqsədli və zorakı cinayətləri artırır".

Hart yazır ki, adamın həyat tərzi pozulanda, əsl həyat imtahanı başlayır: "İşsizliklə uzunmüddətli effektsiz mübarizə aparmaqmı, yoxsa cib soymaqmı? İlk dəfə ələ keçənə qədər ikincini etmək daha cazibəli görünür. Əgər soruşsanız ki, ələ keçmiş o adamı sonra nələr gözləyir, cavabı sadədir: məhbəs həyatı, gələcək iş karyerasının biryolluq zədələnməsi, böyük küçə həyatına qayıdış və nəhayət səfillik".

 

"Anti-böhran proqramından əvvəl anti-cinayət proqramları yaradılmalıdır"

 

Nə qədər qəribə olsa da, Hartı öz məqalələrində kəskin tənqid edən "The Washington Post"un əməkdaşı, jurnalist Eugene Joseph Dionne yazır ki, antiböhran proqramlarını düşünən hökumət nümayəndələri anticinayət proqramları barədə ümumiyyətlə düşünmürlər. "Halbuki antiböhran proqramından əvvəl anticinayət proqramları yaradılmalıdır ki, cəmiyyətdə böhranın yaratdığı qorxunu kriminal hadisələr daha da ağırlaşdırmasın", - deyən Dionnenin fikrincə, istər iqtisadi, istərsə də siyasi böhranlar dünyanın istənilən nöqtəsində kriminal elementləri fəallaşdırır.

"Uoll striti işğal et" (Occupy Wall Street) hərəkatı zamanı yaranmış siyasi iğtişaşlar 1 ay ərzində ümumilikdə Ştatlarda törədilmiş cinayətləri 3,1% artırmışdı. "Bunların bir-biri ilə nə kimi əlaqəsi var?" - deyə soruşsanız, "böhran təkcə cinayət törətməyə meylliləri deyil, onun psixoloji təzyiqi altında əzilənləri də bunu etməyə vadar edir", - Dionne yazır.

Rusiya Federasiyası İctimai Palatasının üzvü, vəkil Anatoli Kuçerena isə əmindir ki, sosial vəziyyətin kriminal hərəkətlərə yol vermək üçün bəhanəyə çevrilməsinə imkan vermək olmaz: "Amma böhran zamanında cinayətkarlığın səviyyəsinin artmasını gözardı etmək təhlükəlidir. Bundan daha təhlükəlisi isə böhran vaxtı cinayətkarlığın tendensiyaya çevrilməsidir. Müşahidələr və faktlar göstərir ki, böhran heç kəsi cinayətə təhrik eləmir. Sadəcə adamlar düşünürlər ki, böhrandırsa, demək ağıla gələn hər şeyi etmək olar. Böhran vaxtı cinayətlərin sayının artmasına səbəb adamların böhranı "özbaşınalıq, nəzarətsizlik və məsuliyyətsizlik dövrü" kimi başa düşmələridir".

"Hüquq-mühafizə orqanlarının rolunun gücləndirilməsi bu sahədə asayişi tənzimləmir və cinayətkarlıqla bağlı rəqəmləri azaltmır. Amma böhranla bağlı spekulyasiyalara da geniş meydan vermək lazım deyil", -deyə Kuçerena bildirir.

Sosial məsələlər üzrə rusiyalı ekspert Valeri Fyodorov isə hesab edir ki, iqtisadi problemlərlə cinayətlər arasında dəmir bağlılıq yoxdur. "Bu, əlaqələr dəyişə bilər və daha çox dövlətin apardığı siyasətdən asılıdır. Əgər oturub sakitcə baxsaq ki, işsizlik necə artır və insanlar oğurluq yolu ilə çörək əldə etməyə çalışır, onda cinayətin səviyyəsi hər işsizliyə görə 5% deyil, 10-12% artacaq", - deyə Fyodorov bildirib.

Xarici KİV-lər məlumat verirlər ki, son illərdə Yunanıstanda baş verən iqtisadi böhran cinayətkarlığın səviyyəsinin yüksəlməsinə səbəb olub. 2015-ci ilin avqustunda Yunanıstanın xarici borcları ilə bağlı problemin qızğın müzakirəsinin getdiyi vaxtlarda işsizlik 8-10% artmışdı, cinayətkarlıq isə 20%-ə qədər.

 

"Psixoloji durumu gərgin olan insan ən xırda məsələyə görə cinayət törədə bilər"

 

Bəs son zamanlar manatın devalvasiyası, neftin qiymətlərinin sürətlə aşağı düşməsi fonunda Azərbaycanda yaranmış böhran ölkənin kriminal durumuna necə təsir edəcək?

mhmud-2.jpg

Sputnik-in bu barədə sualını cavablandıran sabiq polis rəisi, polkovnik, Elmi-praktik Hüquq Mərkəzinin əməkdaşı Mahmud Hacıyev deyib:

"Son bir ildə Azərbaycanda 2 dəfə irihəcmli devalvasiya baş verib. Bu özü ilə bərabər sosial-iqtisadi problemlər də yaradır. Bunun fonunda sosial gərginliklər, maddi imkansızlıq, işsizlik halları artır. Bütün bunlar isə kriminal halların çoxalmasına səbəb olur".

M.Hacıyevin fikrincə, sosial-iqtisadi vəziyyətin ağırlığı insanların psixoloji durumuna da təsir edir və nəticədə bundan doğan cinayətlər də artır: "Psixoloji durumu gərgin olan insanlar adi şeylərdən, səs tonunun qaldırılmasından belə, cinayət törədə bilərlər. Çox sadə səbəblər kifayət edir ki, psixoloji gərginliyi olan adamlar küçə davalarına, məişət münaqişələrinə girişsin, bıçaqlama, qəsdən adam öldürmə, bədənə xəsarət yetirmə, ictimai asayişin pozulması adi hal alsın. Psixoloji durumun gərgin olması ailədaxili münaqişələrə də yol açır. Evdə ərlə arvad, valideynlə övlad, ailənin digər üzvləri arasında münaqişələr, ailədaxili zorakılıq halları artır. Bütün bunlar aksiomadır. Dünyanın hər yerində böhran vəziyyətlərində cinayətkarlığın səviyyəsi artır". 

Ekspertin sözlərinə görə, indi bəziləri reallıqdan uzaq fikirlər səsləndirlə bilərlər: "Kimlərsə pafoslu çıxışlar edə bilərlər ki, daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçib, asayişə ciddi nəzarət var, cinayətkarlığın artmasının qarşısının alınması üçün kompleks tədbirlər görülür və s. Bunlar əsassız çıxışlardır və cinayətkarlığın artmasının qarşısını almaq gücündə deyil. Böhran zamanında mütləq tamah yolu ilə törədilmiş cinayətlərin sayında artım olur. Bura şəxsi əmlakın, dövlət əmlakının oğurlanmasından tutmuş soyğunçuluğa qədər bütün cinayətlər daxildir".

Keçmiş rəis hesab edir ki, insanlar arasında sosial-iqtisadi problemlərin yaratdığı gərginliyi azaltmaq, cinayətkarlığa təşəbbüslərin qarşısını almaq üçün hakimiyyət müvafiq icra orqanları ilə birlikdə kompleks tədbirlər planı hazırlamalıdır: "Mən manatın ikinci devalvasiyasından sonra fikir verirəm ki, televiziya kanalları bununla bağlı bir dənə də olsun maarifləndirici verilişlər verməyiblər. Halbuki telekanallardakı əyləncəli şou verilişlərin yerini daha çox maarifləndirici, bu çətin vəziyyətdən daha az itki ilə çıxmağın yollarını göstərən, cinayətkarlığın önünü kəsməyə hesablanmış verilişlər tutmalıdır. Burada hətta dini verilişlərin çoxalmasına, dinlərin cinayətkarlıq əleyhinə olan məqamlarının təbliğinə də çalışmaq lazımdır. Belə situasiyalarda mütləq dövlətin kompleks tədbirlər planı olmalıdır. Bura da təbliğatdan tutmuş profilaktik tədbirlərə qədər hər şey daxil edilməlidir".

 

"Ölkədə cinayətkarlıq artacaq"

 

M.Hacıyev üzümüzə gələn ay ölkədə sosial-iqtisadi vəziyyətin, buna paralel olaraq da cinayətkarlığın artacağı qənaətindədir: "Bizdə arxayınçılıq var. Məsələlərə reallıq nöqteyi-nəzərindən yanaşma yoxdur. Ölkədə ağır vəziyyət yaranıb. Hələ devalvasiyadan dərhal sonra əhali, bahalaşma olmadan bir müddət üçün ehtiyat tədbirlərini gördü. Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni illə bağlı bayram günləri oldu. Bütün bunlar yaxşı mənada adamların başını qatdı. Hələ ki, köhnədən qalan qalıqların hesabına əhalinin aztəminatlı hissəsi dolanır. Amma fikirləşmək lazımdır ki, fevralın sonunda vəziyyət bir az da ağırlaşacaq. Çünki əldə olan vəsaitlər xərclənib qurtaracaq. Çox adam işsiz qaldığı üçün maaş almayacaq".

O deyir ki, nəticədə insanların əsəb sistemi gərginləşəcək, psixoloji vəziyyəti ağırlaşacaq: "Baş verəcək cinayət hallarının önlənməsi üçün dövlət, hüquq-mühafizə orqnları, ictimai təşkilatlar, media qurumları, hətta geniş imkanları olan oliqarxlar belə, birgə müzakirələr aparmalı, müştərək tədbirlər planı hazırlamalı və onların həyata keçirilməsinə çalışmalıdır".

Mahmud Hacıyev onu da deyib ki, böhran vəziyyətlərində cinayətkarlıq halları ən çox yeniyetmələr və gənclər arasında artır: "Bu hal xüsusilə yeni ailə qurmuş gənclər arasında daha çox müşahidə edilir. Nisbətən yaşlı nəsil böhran vəziyyətlərini daha sabit keçirir. Bu, subyektiv mülahizəmdir ki, yaşlı nəsil artıq təcrübəli olduğu üçün, həyatda bərkə-boşa çox düşdüyü üçün, belə vəziyyətləri daha təmkinlə qarşılayır, dözümlü, iradəli olur. Bizdə əsas yeniyetmələr və gənclərlə işləmək lazımdır".






Fikirlər