AST Telmanın qardaşı həbs edildi həbs edildi

ast-telman2

Azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub.

O, iki iş adamının qətlində günahkar bilinir.

Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, Rafiq İsmayılovun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.

R.İsmayılov qətlləri törədən killer Mehman Kərimovu müşayiət edib. Əvvəlcə onlar Vladimir Savkin və Yuri Brilyov adlı sahibkarlarla yanacaqdoldurma stansiyasında görüş keçiriblər.

“Sahibkarlardan bir neçə dəqiqə əvvəl Telman İsmayılovun qardaşı oğlu Raula məxsus “Mercedes” avtomobili ora gəlib. İstintaq müəyyənləşdirib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da olub. Bunu müşahidə kameraları qeydə alıb”, – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. M. Kərimov iş adamları ilə söhbət edərkən R. İsmayılov maşından düşməyib. Sonra iş adamları öz avtomobillərinə əyləşərək vilayət istiqamətində hərəkət ediblər, killer və R. İsmayılov isə bu dəfə ayrı-ayrı maşınlarda onları izləyib.

Saat 22:40-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Novorijsk şosesinin 30-cu kilometrliyində V. Savkin və Y. Brilyovun avtomobili aşkarlanıb. Onların hər ikisinin başlarından vurularaq öldürüldüyü müəyyən olunub. Qısa müddət sonra şübhəli şəxs M. Kərimov yaxalanıb. O, günahını boynuna alıb. Müəyyən olunub ki, M. Kərimov qətldən öncə bir neçə dəfə R. İsmayılova zəng edib. O da müəyyənləşib ki, R. İsmayılovla V. Savkin arasında münaqişə var imiş. Onlar Moskvada iri biznesin şəriki olublar, həmin biznesin satışından sonra R. İsmayılov bütün pulu özünə götürüb. “O, Savkinə bir neçə milyon dollar verməli imiş və Savkin bu pulu qaytarmağa çalışırmış. Mehman Kərimov bu işdə vasitəçi rolunu oynayıb və münaqişəni həll etmək üçün iş adamları ilə danışığa gedib”, – deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Məhkəmə R. İsmayılov haqqında həbs qətimkan tədbiri seçib. O, günahını inkar etsə də, M Kərimov sahibkarlarla danışıq apardığı zaman avtomobildə olduğunu boynuna alıb.






Fikirlər