06.09.2014- "AST TELMAN"I ÇÖKDÜRÜRLƏR

06.09.2014- "AST TELMAN"I ÇÖKDÜRÜRLƏRÇarıqlı milyoner”in çökməkdə olan biznes imperiyası - "AST Telman"

Milyonlarla borcu olan Telman İsmayılov labirintdən çıxa biləcəkmi?

“AST Telman”... İndi borc içində boğulduğu deyilən yəhudi əsilli azərbaycanlı milyarderə məşhur filmdəki “çarıqlı milyoner” də demək olar. Adı tez-tez dəbdəbəli məclislər, ziyafətlər təşkil etməkdə, dünya şöhrətli müğənnilərlə əylənməkdə hallanan T.İsmayılovun həyat yoluna qısa nəzər salaq.

Telman İsmayılov 1956-cı il oktyabrın 26-da Göyçayda anadan olub. Milliyyətcə yəhudidir. 1989-cu ildən AST (Alik (Ələkbər), Sərxan və Telman) şirkətlər qrupunun prezidentidir.
Moskvadakı “Çerkizov”, “Varşavski” bazarlarının, “Praqa” restoranının, “Qof” mehmanxanasının, AST nəşriyyatlar qrupunun sahibidir. İsmayılovlar ailəsində 12 uşaq dünyaya gəlib ki, Telman onlardan onuncusudur.
T.İsmayılov 1973-76-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra isə Moskvadakı Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib. 18 yaşında - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) birinci kursunda təhsil alarkən mağaza sahibi olub.

“Forbes” jurnalının versiyasına görə, Rusiyanın ən varlı adamları sırasında yer alır və varidatının həcmi 700 milyon dollar civarında qiymətləndirilir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin və Avrasiya Yəhudiləri Konqresinin vitse-prezidentidir.

2009-cu ildə Türkiyədə “Mardan Palace” hotelini tikdirib. Hobbisi qiymətli saat yığmaqdır. Kolleksiyasında təxminən 2 mindən çox qiymətli saat var. Evlidir, iki oğlu var.

“Çarıqlı milyoner”in kimlərəsə borclu olması xəbəri yeni deyil. Buna qədər də AST Şirkətlər Qrupuna daxil olan AST Nəşriyyatı dünya şöhrətli yazıçılarla müqavilə bağlayaraq, onların kitablarını dərc edib, amma qonorarlarını ödəməyib.

Bu tanınmış yazıçılar Stiven Kinq, Den Braun, Paulo Koelo, Con Faulz, Struqatski qardaşları, Vladimir Sorokin, Mixail Veller, Polina Daşkovadır. İsmayılovun sahibi olduğu nəşriyyatın üst-üstə 5 milyona yaxın borcu var.

Məlumata görə, bu ildən onlar AST Nəşriyyatı ilə müqaviləni birtərəfli dayandırıblar. “AST Telman” isə hələ ki borcu qaytarmağa tələsmir.

Bu da son deyil. Kipr məhkəməsində “Manqazey” qrupunun sahibi Sergey Yançukova məxsus “Sezaria LTD” şirkəti iddia qaldırıb. Şirkətin iddianaməsində Telman İsmayılovu 135 milyon dollar krediti və kredit faizlərini ödəməyə məcbur etmək tələb olunur.
İddiaçı tərəf məhkəməyə müraciətində qeyd edib ki, 2010-cu ilin sentyabrında “Sezaria LTD” şirkəti Telman İsmayılovun “Tandum LTD” şirkətinə 1 illik 10%-lə 50 milyon dollar kredit verib. 2013-cü ilin aprelində isə Telman İsmayılovla borcun ödənilməsi ilə bağlı zəmanət müqaviləsi imzalanıb.


Bu müqaviləyə əsasən, şirkət bu krediti ödəməyəcəyi təqdirdə öhdəliklər Telman İsmayılovun üzərinə düşür. Ancaq buna baxmayaraq, ödəmələr edilməyib. Əgər məhkəmə borcun ödənilməsini tələb edərsə, o zaman T.İsmayılovun əmlaklarına həbs qoyulacaq. Hələ bu nədir ki? Antalyada açdığı dəbdəbəli “Mardan Palace” hotelinə görə bu bankdan 62,5 milyon dollar kredit alaraq geri qaytarmayıb. Üstəlik, onun “Praqa” restoranını da itirmək təhlükəsi var.
Görünən budur ki, belə davam etsə, “AST Telman” bütün varidatını itirəcək...


E.SALAMOĞLU,"musavat.com"






Fikirlər