NARAZILIQ: Ağdamda həkim qıtlığıdır - "Artıq insanlar adət ediblər..."

Ağdam rayonunda həkimlərin sayının az olması xəstə yaxınları ilə Mərkəzi Xəstəxananı üz-üzə qoyur. Bu barədə Yenicag.az-a Ağdam rayon sakini Elçin Quliyev məlumat verib.

Onun sözlərinə görə, yaxınları üçün təcili tibbi yardım çağırıb, ancaq həkimlər çox gec gəliblər:

“Neçənci dəfədir ki, Alıbəyli-2 qəsəbəsinə təcili tibbi yardım çağırırıq, həkimlər çox gec gəlirlər. Hətta bu gecikməyə görə halı çox pisləşənlər də olub. Artıq insanlar adət ediblər. Halı pisləşən olanda ya şəxsi maşınla, ya da taksi ilə xəstəxanaya aparırlar”.

Yenicag.az olaraq məsələni bir qədər araşdırdıq. Məlum oldu ki, bu məsələ təkcə bir qəsəbəni əhatə etmir. Bütün rayon təcili tibbi yarımın vaxtında çatmamasından şikayətçidir.

Şikayətçinin sözlərinə görə, məsələni özü araşdırıb və bunun səbəbini tapıb:

“Təcili tibbi yardım maşınlarının niyə gec gəlməsini araşdırmağa başladım. Məlum oldu ki, əhalisi çox olan Ağdam rayonunda 10-dan çox təcili tibbi yardım maşını olmasına baxmayaraq, cəmi iki həkim var. Həkimlərin saylarının az olması xəstələri çarəsiz vəziyyətə qoyur. Bizim çağırışa gələn həkimlər bildirdi ki, yolüstü bir neçə xəstəyə ilkin tibbi yardım göstərib, sonra gəliblər”.

Ağdam rayonunun əhalisinin sayını nəzərə alsaq, həkim sayının azlığının hansı fəsadlara yol aça biləcəyini düşünmək o qədər də çətin deyil.

Məsələni diqqətdə saxlayacağıq…






Fikirlər