“Sea Breeze”dəki davanın əsas iştirakçısı niyə məhkəməyə gəlmir?

sea-breezedeki-davanin-esas-istirakcisi-niye-mehkemeye-gelmir

 

Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir. “Qafqazinfo”nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində bu hadisə ilə bağlı üç cinayət işi başlanılıb.

Hadisənin təfərrüatına gəlincə, Elnur Məmmədov qohumu Vüqar Tağıyev və dostu Cavad Muradovla restoranda əyləşiblər.

Bu vaxt qonşu masada Elmir İsmayılov adlı şəxs dostları ilə birgə olub.

Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Elnur Məmmədov onun salamına nalayiq söyüşlər işlətməklə cavab verib.

Fotoda Elnur Məmmədov

Nəticədə Elmirlə Elnurun arasında mübahisə yaranıb. Vüqar Tağıyev araya girərək Elnur Məmmədovun içkili olduğunu, hərəkətlərinə, danışığına nəzarət edə bilmədiyini deməklə Elmir İsmayılovdan üzr istəyib. Bir müddət sonra Elmir İsmayılov ayıq sürücü çağırıb, bundan sonra restorandan çıxıb. Buna baxmayaraq, Elnur Məmmədov Elmir İsmayılovu təqib edərək söyüşlərini davam etdirib. Yaranmış mübahisəyə digərləri də qoşulub. 

Məlumata görə, sərxoş halda olan Elnur Məmmədov mübahisə zamanı Elmir İsmayılovu gözdən itirib və onu axtararkən qarşısına çıxanlarla da mübahisə etməyə, onlara da yumruq, təpik atmağa başlayıb. Onun bu hərəkətləri “Sea Breeze”dəki nəzarət kameralarına da düşüb və mətbuatda da yayılıb. 

Mübahisədə ara sakitləşəndən sonra Elmir İsmayılov dayanacağa gedərək özünə məxsus avtomobilə əyləşib və ayıq sürücü ilə dayanacağın çıxışına tərəf sürüb. Həmin vaxt restoranın dayanacağında sıxlıq olduğundan bir qədər ərazidə ləngiyib. Bu zaman Elnur Məmmədov Elmir İsmayılovun maşınının qarşısını kəsib, ərazidən uzaqlaşmağa çalışan Elmir İsmayılovu avtomobildən düşürüb, ona zərbələr vurub. Elmir İsmayılovun avtomobilinə də vurulan zərbələrlə yarasız hala salınıb. 

Fotoda Cavad Muradov

Mübahisənin səhəri gün Elnur Məmmədov spirtli içkinin təsirindən ayılıb və dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər görüşüb, barışıblar. 

Birinci cinayət işində Elnur Məmmədov tərəfindən təhqir edilən, avtomobili əzilən Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cü sinif şagirdi  M.Ə təqsirləndirilən şəxs, davanın səbəbkarı Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov zərərçəkən kimi tanınıblar.

İkinci cinayət işində isə Elnur Məmmədovun dostu Cavad Vahid oğlu Muradov və Şamxal İlham oğlu Məmmədov təqsirləndirilən şəxslər, Elmir Üzeyir oğlu İsmayılov, onun qardaşı Elgün Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə və Məhəmməd Natiq oğlu Həsənzadə zərərçəkəndirlər. 

İstintaqı davam edən üçüncü cinayət işində isə Elnur Leysan oğlu Məmmədov və hazırda axtarışda olan digər şəxs təqsirləndirilən şəxs statusundadır. 

Hazırda bu qalmaqallı iş üzrə 1 məhkəmə araşdırması davam edir. Elnur Məmmədovun dostu Cavad Muradovun təqsirləndirilən olduğu cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə baş tutacaq.

Elnur Məmmədovun barəsindəki cinayət dosyesi isə hələ ki, məhkəməyə göndərilməyib.

O, zərərçəkən kimi tanındığı iş üzrə məhkəmə prosesinə cəmi 1 dəfə, qardaşına məxsus “TT Fight Club”da məşq edən 15 nəfərə yaxın idmançının əhatəsində gəlib. 

Elnur Məmmədov məhkəmədə də “Sea Breeze”dəki qalmaqallı hərəkətlərini inkar etməyib. Hakimin “o videoda sizi görmürük” sualına Elnur Məmmədov “Necə mən yoxam?! Hamını vuran o köynəksiz mənəm” cavabını verib.

Sonrakı proseslərə isə qatılmayıb. O gündən sonra Elnur Məmmədov hakim Mirheydər Zeynalovun çağırışlarına baxmayaraq, məhkəməyə gəlmir. 

Təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini tələb edirlər. 

Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq  müavini Leysan Məmmədovun oğludur. Leysan Məmmədov 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib. Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında çalışır, “Sea Breeze”dəki davanın iştirakçısı olan Elnur isə Vergilər Xidmətinin inspektorudur.

Fotoda: Leysan Məmmədov

 






Fikirlər