“Qardaşımın meyitinin axtarışına 20 min pul xərclədim” - TACIR Şahmalıoğlu
“10 NƏFƏR MASKALI TOYA GİRİB, BƏYLƏ ATASINI DÖYDÜLƏR”
Müğənni Tacir Şahmalıoğlunun AzNews.az-a müsahibəsi:
- Tacir müəllim, bu yaxınlarda tamaşaçılarınıza yeni bir mahnını təqdim etdiniz. Kameraman kimi tanınan Mahir Hüseynbəyli ilə iş birliyi qurmusunuz. Necə oldu bir araya gəldiniz?
- Əslində bizim Mahir müəllimlə iş birliyimiz olub. Sadəcə olaraq, mən bu birliyə qarşı laqeyd oldum. Mahir müəllim də incidi. Çox uzun zamandan sonra bir aradayıq. Bir xanım var, şairədir, qardaşını itirib. “Yolun düşsə bu dünyaya bir də gəl” adlı şeir yazıb. Gözəl sözləri var. Mən də yaralı adam, bunu oxuyub qardaşımın müsibətini yadıma saldım. Sözlər məni yerimdən titrətdi. Oğlum bəstələdi, mən də ifa etdim. Bundan əlavə 4 mahnı yazdırdım. Onlar da yavaş-yavaş zamanla tamaşaçılara təqdim olunacaq.
- Qardaşınız Mahir Abdullayevin faciəsindən bir ildən çox vaxt keçir. O dəhşətli faciənin təsirindən neçə çıxdınız?
- Çox çətin... 3 ay evdən bayıra çıxmadım. Onda müğənni Tacir Şahmalıoğlundan əsər-əlamət belə qalmamışdı. Yas tutub, uzun saqqal saxlamışdım. Mahirin ölümü məni depressiyaya saldı. Həyat mənim üçün bitmişdi. Allah göstərməsin, o meyiti kim görsəydi, mənim kimi depressiyaya düşərdi. Yenə də dostlar sağ olsun, gəldilər evimin qarşısını kəsdirdilər. Dedilər ki, “Sənin çörəyin səhnədən çıxır. Biri öldü deyə hamını öldürmək olmaz. Bu boyda ailə, nəsil-nəcabət sənə baxır. Onlar sənin çörəyini yeyirlər. Sən səhnəyə çıxmasan onlar da korluq çəkəcəklər. Efirə çıx. Biz də sənə efirdə şərait yaradacağıq. Efirdə səsləndirəcəyik ki, bu müğənnini qınamayın”. Səhnəyə çıxmadığım ərəfədə nə boyda borca düşdüm. Toya çağırmaq istəyənlər susdular. Evlənmək istəyənlər toylarını təxirə saldılar. Hamı bilirdi ki, qardaşım dənizdə batıb. Heç kəs cürət edib mənə nəsə demirdi.
- Mərhum Mahir Abdullayevin axtarışları öz hesabınıza aparılırdı?
- Əlbəttə. Hamısını özüm edirdim. Cəsədin dənizdə axtarılması çətin bir prosesdir. O, bir adamın işi deyil. Sağ olsun dostlar, tanışlar mənə dəstək oldular. Mahir batan günü Fövqəladə Hallar Nazirliyinin bir neçə komandası gəldi. Axtarışlar 4 gün çəkdi. 4-cü gün meyit Coratdan tapıldı. Meyit çox bərbad vəziyyətdə idi. Su onu çox şişirtmişdi. Mahir tamamilə dəyişmişdi. Tanınmaz bir halda idi. Batanlar var ki, onu bir aydan sonra tapırlar. Şükürlər olsun ki, biz onu 4 gündən sonra tapdıq. O boyda nəsildə yeganə mən bildim ki, bu, mənim qardaşım Mahirdir. Ekspertizaya göndərdik. Nədən öldüyünü öyrənmək istəyirdik. Tam aydınlaşdı ki, bu, sui-qəsd deyil. Sonra dəfn elədik. Bütün əziyyət mənim çiyinlərimdə idi. Hardasa 20 mindən yuxarı borc yığıldı. Qurban olum Allaha, xalqın köməkliyi ilə bu dərdi də atlatdıq. Xalqıma təşəkkür edirəm. Məni saxlayan millətimdir.
- Hadisədən 4-5 ay sonra efirdəki çıxışınız qınağa səbəb oldu. Sizi qardaşınızın ili çıxmadan efirə çıxdığınıza görə qınadılar…
- Hə, böyük qınağa səbəb oldum. Özü də mən bunu əvvəldən bilirdim. Amma məni dostlarım xilas elədi. Tərəfimdə dayananlar çox oldu.
- Qınağın kökündə nə və kimlər dayanırdı?
- Deyirdilər ki, qardaşı ölüb, amma Tacir toya gedir. Mən də borc haqda efirdə danışmadım. O, mənə və ailəmə aid məsələdir. Amma mən neyləməliyəm? Tutaq ki, mən həkiməm. Qardaşım boğulub ölüb, işə çıxmayım? Buna nə ad qoyaq? Mən işə çıxmamağımla özümü daha da pis duruma salıram. Özümlə bərabər 15 baş ailəni də öldürürəm. Yol bu idi - səhnəyə çıxmaq. Çünki mənim basqa bir işim yoxdur. Qazancım ancaq səhnədən gəlir. Getməsəydim, oxumasaydım, indi mən də ölmüşdüm. Demək asandır, kimisə qınaq atəşinə tutmaq olar, amma borcun arxasında dayanmaq var. Bu ancaq ağzıgöyçəklərə sərf edir. İstəyirlər ki, məni daha da psixdirsinlər. Onlar belə ifadələr işlətməklə rahatlaşırlar. Belə qınağın bir məqsədi var, həm də məni sıxışdırmaq… Rəqiblər var, hər yerdə məni izləyir. Qəhərlə, dərd, kədərlə oxumaq çox çətindir. İndi mən özümü birtəhər sıxıb saxlayıram. Amma həmin anda səhnədə oxumaq çox çətin idi. Azərbaycanda ən böyük monopoliya elə bizim sənətdədir, musiqi dünyasındadır.
- Monopoliyanın başında kim durur?
- Onu bilmirəm, amma burada bir-birini istəməyənlər çoxdur. Hamısı qalmaqal adamıdır. Mən qalmaqalı sevmirəm. Qalmaqalla gündəmə gəlmək istəmirəm. Bu, mənə və sənətimə yaraşmır. Mən səhnəyə sənətimlə gəlmişəm. Elə mənə də çox belə təkliflər və təzyiqlər olub, amma həmişə də qaçmışam.
- Məsələn…
- Cəmilə ilə qalmqal oldu. Onu qadınlığına bağışladım. Bir səhv idi etdi, özü də məndən üzr istədi. Dedi ki, “gərək bunu sizə deyəydim”. O, mənim mahnımdan “Bayatı-Şiraz”ımdan istifadə edib, bu da mənim adımla bağlıdır. Cəmilə qadın olduğu üçün mən bunu keçdim. Mənim Cəmilə ilə davam kimlərəsə ləzzət edəcəkdi, amma mən ona şərait yaratmadım. Biz onunla Moskvada görüşdük, yaxşı dostluğu-yoldaşlığı var. Münasibətimiz çox yaxşıdır. Mən sənətimlə ucalmaq istəyirəm. Kimisə acılamaq istəsəm də, onu sənətimlə edirəm. Yaxşı oxuduğuma görə mənə çox maneçilik törədirlər, “vururlar”.
- Konkret ad çəkə bilərsinizmi?
- Bilsəm deyərdim. Tək toy bazarı deyil. Dövlət tədbirləriylə bağlı da belə şeylər olur. Məni rəsmi tədbirlərdə oxumağa qoymurlar. Məni həmin tədbirə dəvət alan müğənnilər tərəfindən “vururlar”. Mən də özümü sübut etmək istəyirəm. Daha haqqımda nələr demirlər, danışmırlar, “alkaşdır”, nə bilim nədir… Dostlarım bilir ki, mən içkidən, axmaq şeylərdən uzaq adamam. Təqdimatımı pis verirlər. Mən də bu maneənin qarşısını ala bilmirəm. Bilmirəm onu kim edir? Bunu bilirsiniz niyə edirlər? Bilirlər ki, mən çox yaxşı oxuyuram. İnanıram ki, dövlətimiz nə vaxtsa o adı mənə verəcək. Çünki mən o adı qazanmışam. Toylarda, el şənliklərində məni Xalq artisti kimi qələmə verirlər. Durub deməliyəm ki, niyə belə deyirsiniz? Xalq məni belə görür. Mən o ada layiqəm. 48 dövlət mənim filmlərimə baxır, adım Qızıl Fonddadır. Mən xalq üçün can qoyuram. Sənətkara diqqət lazımdır. Diqqətsizlik bizi tez öldürür. Məsələn, bir dəfə AzTV-də idim. Mənimlə bağlı nəsə çəkəcəkdilər, amma sujet alınmırdı. Ad çəkmirəm, “Qarabağ bülbülləri” filmini çəkənlərdən biri dedi ki, “bunların biri ölsəydi, əla süjet çəkmək olardı”. Onun bu fikri məni yaraladı. Elə bildi mən eşitmədim. Dedim mən sağam süjet çəkə bilmirsiniz. Belə çıxır ki, sənin süjetinin yaxşı çıxması üçün mən ölməliyəm? Mənim ölməyim sizə heç bir ürək yanğısı vermir?
- Xalqın sizə olan sevgisinin arxasında nə dayanır?
- Çünki biz azərbaycanca oxuyuruq. Bütün oxuduqlarımız xalqa çatır. Amma yeniyetmələr çıxıb ingilis, fransız, alman dilində oxuyur. İndi “Eurovision” yarışması var, o vaxtlar bu müsabiqə Moskvada keçirilirdi. Dünyanın bütün xalqları ora yığışırdı. Orada “Qarbağ Şikəstəsi” oxuyub birinci olurduq. Xalq artisti Zeynəb Xanlarova yarışmalarda Azərbaycan mahnılarının hamısını ana dilində oxuyub.
- “Qarabağ bülbülləri” ansamblı dağıldı. Necə düşünürsünüz, onu yenidən yaradıbyaşada bilərdiniz?
- Ustadım olmasaydı fikrim var idi. Gözəl bir qrupumuz vardı, onu müharibə, qaçqınlıq pərən-pərən saldı. Həmin vaxtlar toylara pis baxırdılar. Şahidi olduğum elə dəhşətli toylar var ki… Bir dəfə 10 nəfər maskalı toya girib bəyi və bəyin atasını döydü. Qonaqlar da hamılıqla qaçdı. Bizim də vaxtımız həmin anlara düşdü. İndikilər Azərbaycan dilində oxumasalar da uğurları, nailiyyətləri bizdən üstündür.
-Ailədə davamçınız varmı?
- Oğlum bəstəkard;r. Hazırda isə hərbi xidmətdədir. Qayıdandan sonra bir yerdə işləyəcəyik.