“Kelebek”də KİM NECƏ geyindi? - Gecənin ULDUZU ODUR...

“Kelebek”də kim necə geyindi?

Ötən gün Bakıda məşhur “Altın Kelebek” mükafat mərasiminə namizəd olan azərbaycanlı məşhurların konserti baş tutub. “Qafqazinfo” xəbər verir ki, gecədə xalq artisti Aygün Kazımova, Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli çıxış ediblər. 

“Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə yarışa çıxan 7 sənətçi səhnədə maraqlı şou göstərməyə çalışıb. 

Əvvəlcə gecədə Türkiyəyə gedəcək 3  finalistin adının açıqlanacağı deyilsə də, bu, baş tutmayıb. Mövzu ilə bağlı təşkilatçılar siyahının dekabrın 9-da açıqlanacağı qeyd edilib.

Əsas namizədlərdən əlavə konsertdə Murad Arif, Rauf Əhmədov və Samir Cavadzadə çıxış ediblər.  Elə özəl gecənin aparıcısı da Murad Arif olub. 

Efirlərə çıxarkən dəbli və zövqlü görürən ifaçılar nədənsə, ötən gün görünüş baxımından ulduzları parıldamayıb.  Xalq konserti ilə gecə klubunu ayırd etməyən kim, geyimi ilə el məclisini xatırladan kim... 

İlk olaraq səhnəyə xalq artisti Aygün Kazımova çıxıb.  O, ötən gün konsertində təqdim etdiyi  şounu “Kelebek” gecəsində də təkrarlayıb. Qara transparan geyimdə çıxış edən müğənni albomuna daxil olan “Toy boy” mahnısını səsləndirib. 

Kazımovadan sonra səhnəyə gənc müğənni Səmra Rəhimli gəlib. İfaçı ötən il təqdim etdiyi “Badminton” mahnısı ilə şou göstərməyə çalışıb.  Rəhimli hər zamanki kimi səhnədə cəsarətli geyimi ilə diqqət mərkəzində olub.  Elə geyimi ilə də mahnı bir-birini tamamlayıb.  Səmranın seksual rəqsləri də gecəyə rəng qatıb.  Amma onun bu obrazı tamaşaçıya yad deyil və o, konsertdə olan qonaqları elə də təəcübləndirə bilməyib.  

Klub səhnəsinə daha sonra növbəti “Eurovision”çu Dilarə Kazımova çıxıb.  Gecədə hər kəs Dilarənin “Dəm olmuşam”ı ifa edəcəyini düşünsə də, o, yeni təqdim etdiyi “Azərbaycan” mahnısını səsləndirib. 

Onun obrazı üzərində Elnur Həsənov çalışıb, qara, uzun və yarıqlı paltarını yerli dizaynerlər hazırlayıb.  Digər məşhurlar kimi onu da səhnədə rəqqaslar müşayiət edib. 

“Kelebek”in 7 namizədindən biri Günay İbrahimli də səhnəyə çıxan məşhurlardan olub.  O, tədbirə yerli dizaynerlər tərəfindən hazırlanmış ağ libasda qatılıb. Günayın ağ libası qaşlarla hazırlanmış kəmərlə tamamlansa da, bu aksessuar sənətçinin belini daha da qalın göstərib.  O, səhnədə məşhur “Kaderinle barış” mahnısını remiks versiyada təqdim edib.  Mahnı, geyim və rəqqaslar bir-birini tamamlayıb. 

Konsertdə çıxış edən digər sənətçi isə Roza Zərgərli olub. Hər kəs Rozanı dekolteli, açıq-saçıq libasda görəcəyini ümid etsə də, gözləntilər özünü doğrultmayıb.  Bəlkə də, Rozanı səhnədə çox az hallarda belə qapalı geyinən görmüsüz. Qara qapalı geyimin altında qısa şort bir qədər obraza rəng qatsa da, ötən gün Roza Roza deyildi. 

Gecədə geyimi ilə hər kəsi təəccübləndirən, diqqət çəkən ulduzu isə Aysel Əlizadədir desək yanılmarıq. Tamaşaçılar Ayseli hələ belə görmədiyini bir daha vurğulayırıq.. Qara, açıq-saçıq libasda səhnəyə çıxan ifaçı yeni nəfəs verdiyi “Yandırdın qəlbimi” mahnısını səsləndirib.  Amma geyimlə mahnı, rəqqaslar bir-birini tamamlamayıb. Dekoltedən bol Aysellə milli geyimdə olan rəqqaslar arasında vəhdət olmayıb. 

Müğənni Xatirə İslam isə digər məşhurlardan çox seçilib.  O, səhnəyə nə rəqqaslarla çıxıb, nə də oynayıb. Olduqca həyəcanlı olan Xatirənin mahnı seçimi uğurlu olub və hətta hər kəsi təəccübləndirib.  Sənətçi fenomenə çevrilən “Zülmətlərin övladıyam” bəstəsini səsləndirib.  Gövhər Həsənzadə imzalı mahnının pop-rok janrında olması konsertdə olan hər kəsin əylənməsinə şərait yaradıb. 

Xatirənin həddən artıq həyəcanlı olmasının səbəbi isə onunla bağlı verilən video-çarxdan sonra reklamın yayımlanmasıdır. O, digər məşhurlar kimi süjetdən sonra mahnı ifa etməyib.  Bu da Xatirənin acığına gəlib və əsəbini instaqram səhifəsində izləyiciləri ilə paylaşıb. 

İfaçı geyimi ilə də diqqət çəkib. Transparan, dekolte, qaşlar, tüllər, aksessuarlar... 

 





 






Fikirlər