“Həmin binada özümə də ev almaq istəyirdim, amma həmin pulu layihələrimə qoydum”
“Sevinirəm ki, nə yaxşı bizim belə insanlarımız var və yaxşılığı yüksək səviyyədə qiymətləndirirlər. Nə yaxşı ki, Zaur Baxşəliyev bunu bu gün də dilinə alıb deyir. Bu hər iki tərəfdən insanlara nümunədir. Həmin insanlar zamanında onlara edilən yaxşlığı itirmədiklərinə görə Allah onları daha da ucaldır. Ona görə də Zaurun bu günki gündə maşallah olsun ailəsi, ruzi-bərəkəti bol, ruhu təmizdir. Allah Zaur Baxşəliyevi də sınaqa çəkdi, evlərindən, Şuşadan didərgin düşüb Bakıya gəldilər. Öz zəhməti hesabına aparıcılıq ilə bütün uğurlarını qazandı”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan tanınmış aparıcı Zaur Baxşəliyevlə bağlı danışarkən deyib. O illər öncə Zaura ev sahibi olmasında etdiyi köməkdən də danışıb:
“Zaur mənə dedi ki, Elza, evlənmişəm, amma evim yoxdur. Səhv etmirəmsə evlənmişdi o vaxt. Allah ruhunu şad etsin, iş adamı Aydın Heydərov çox gözəl insan idi. Zauru onunla tanış etdim. Mən o binadan 8-ci mərtəbədə özümə də ev yazdırmışdım, amma mən ev ala bilmədim. Çünki pullarımı layihələrə, konsertlərə, mahnılarıma sərf edirdim. Elə indi də elədir. Anam hər zaman mənə deyir ki, sən də bəzi müğənnilər kimi özünə evlər, obyektlər al, neynirsən bu qədər pulu sənətə sərf edirsən?! Bəzən siyasətin deyə bilmədiyi sözü incəsənət çox asanlıqla deyə bilir. Zaur hər zaman məni görəndə deyir ki, bax, bu ev sənindir, nə vaxt istəsən gəl qal. Nəinki Zaur, bütün xalq məni öz evinə qonaq dəvət edir. Bu mənim üçün böyük xoşbəxtlikdir. Mən Zaurla yollarda da olmuşam, “Yağ kimi” layihəsində Çinə də səfər etmişik. O zaman Atv rəhbəri Həsən müəllim ona demişdi ki, istəyirəm “Tanıdım səni” layihəsində hansısa məşhurla rayonlara gedəsən. Hansı müğənni ilə istəyirsən? Zaur demişdi ki, mən Elza Seyidcahanla yola çıxaram. 3 il sərasər biz Azərbaycanı demək olar ki, qarış-qarış gəzdik. Bu müddət ərzində ondan özümə qarşı çox böyük hörmət, diqqət görmüşəm. O vaxtı Zaur hələ subay idi. Zaur özü yaxşı bilir ki, mən kimlərə yaxşılıq etmişəm. Halbuki o insanlar mənə nəinki yaxşılıq, hər zaman pislik ediblər. Biz yaxşılığı ona görə etmirik ki, kimsə bizə onu qaytarsın. Bizim əməllərimizin borcunu Allah özü bizə qaytarır. Yaxşını da, pisi də. Yaxşı əməllər edək ki, Allah bizə yaxşı əməllərin cavabını versin. Zaur hər zaman mənə deyirdi ki, çalış heç vaxt Elzalığından çıxma. Çünki Allah səni belə saf, düzgün yaradıb. Amma hərdən mən Elzalığımdan çıxıram, bu da lazımdır ki, həmin adamlara sözünü deyəsən”, - deyə müğənni bildirib.