“Çingiz məndən incimişdi, mən isə...” - Uzun illərin dostları BARIŞDI - FOTO

Əməkdar artistlər Çingiz Əhmədovla Rəhman Rəhmanov barışıb.
 
Moderator.az-a açıqlama verən Rəhman Rəhmanov bildirib ki, barışıq addımını həmkarına o atıb.
“Çingizlə xəstəxanada barışdıq. Aramızda elə də böyük inciklik olmamışdı, düşmənçilik də etmirdik. Sadəcə olaraq üzbəüz gəlmirdik ki, barışaq. Barışıq üçün bəhanə tapıldı, Çingiz əməliyyat olundu, mən də onu xəstəxanaya ziyarətə getdim. Sözün düzü xəbərim yox idi ki, əməliyyat olunacaq. Onu öpüb qucaqladım, o da mənə qarşılıq verdi. Əməliyyatı da müvəfəqiyyətlə keçib, özünü yaxşı hiss edir. Bu gün də zəng edib hal-əhvalını soruşmuşam. Dedim ki, nə lazımdır, alıb gətirim sənin üçün?! Özü də görüntülü məni yığıb. Niyə lazımdır incik qalmaq? Barışmaq lazım idi! Bu yaşda küsməyin, inciməyin mənası da yoxdur. Çingiz məndən incimişdi, mən ondan inciməmişdim. Səlahiyyətimdə olmayan bir məsələni elə bilmişdi ki, mən etmişəm. Həqiqətən də bu mənlik deyildi! Özü də müqəddəs günlər yaşayırıq, Ramazan ayıdır” deyə aktyor bildirib.
 
Rəhman Rəhmanov bildirib ki, ikisini bir layihədə görmək mümkün olacaq.
 
“Bundan sonra bizim görüşlərimiz daha tez-tez olacaq. Tamaşaçılar da bizi bir arada görmək üçün darıxıblar. İşbirliyimizi davam etdirəcəyik. Amma illər öncə ikimizin də iştirak etdiyi “Ordan-burdan”-ı yəqin ki, efirə qaytara bilməyəcəyik. Çünki yaş da o yaş deyil. Həm də biz o vaxt qadın geyimləri geyinirdik. İndi onları edə bilmərik, bizə yaraşmaz” deyə aktyor bildirib.
“Çingiz məndən incimişdi, mən isə...” - Uzun illərin dostları barışdı - FOTO + ÖZƏL






Fikirlər