Moskvada yaşayan Afət: “Stressiz həyat hardadırsa, vətən də oradır...”

Moskvada yaşayan Afət: “Stressiz həyat hardadırsa, vətən də oradır...”

“Mən ailə qurduğum üçün Rusiyaya köçdüm, artıq işim də buradadır. Təkcə Moskvanın əhalisi 15 milyondan çoxdur, bu, ümumi Azərbaycanın əhalisindən artıqdır. Üstəgəl, mən burada elementar şeylərə əsəbləşmirəm, yerə tüpürən yoxdur, şəhərdə bir siqnal verən eşitməzsən. Azərbaycanda lüt gəzənlərdən bezmişdim, gözüm “mazol” olmuşdu, burada elə deyil”. 

Bu sözləri Yenisabah.az-a bir müddət əvvəl Rusiyaya köçən müğənni Afət Fərmanqızı deyib.

Rusiyadakı həyatından danışan sənətçi Azərbaycanla Moskvanı müqayisə edib: 

“Bakıda toya gedirsən elə bil saunaya girmisən. Hamı soyunub, Rusiyada belə şeylər yoxdur. Bakıda müğənni xanımların əksəriyyəti  bir birinə bənzəyir, dodaq nə boyda, alt dodaq yer süpürür, üst dodaq göy süpürür. Burada belə şeylər yoxdur. Mən vətənimi çox istəyən adamam, lakin belə şeylərin olduğu danılmazdır. Adi məişət problemləri də burada çox azdır. Binadan çıxanda məni tanımayan rus xanım belə gülümsəyərək salam verir, deyir necə də gözəlsiniz. İlk başlarda belə şeylər mənə çox qəribə gəlirdi, çünki Azərbaycanda belə şey görməmişdim, öyrəşməmişdim. Bizdə blokda toy libasında dayananda qonşular heç salam da vermirdi. Azərbaycanda tanımadığım adamdan kompliment eşitməmişəm. Uzağı sir-sifətlərini turşudublar, bir də dalımca baxıblar ki, görəsən, hara getdi, kiminlə getdi. 

Hər şeyi gözəl görmək lazımdır. Bakıda qalanda 4-5 dəfə üst qonşumdan şikayət etmişəm ki, uşaqlarının səsindən yata bilmirəm. Burada belə şey yoxdur. Rusiyada stressiz həyatdır. Bu həyatı görməyən adama qəribə gələ bilər. Əvvəl mən də düşünürdüm ki, Moskvada yaşamaq çətin olar, vətənindən uzaq düşürsən və s. Amma gəlib gördüm ki, stressiz həyat haradadırsa, elə vətən də oradır. Qadının vətəni ərinin yanıdır. Onsuz da ölüm-dirim də kəndimdə - Tovuzdadır, onsuz da bakılı deyildim ki, Bakıdan ötrü darıxım. İşim, ərim Tovuzda olsaydı, günü bu gün qaçıb gedərdim. Ata yurdumu - Qaraxanlı kəndini həmişə istəmişəm. Bakıda olanda da Tovuz üçün darıxırdım, amma orada evim, işim yoxdur. Yaxın illərdə Tovuzdakı ata yurdumu təmir etdirib təqaüdə çıxanda ora köçəcəm. Mən Azərbaycana qayıtsam da Tovuza gedəcəm, Bakıya yox.  Bakı mənlik deyil”.

Müğənni axtarışa verildiyi üçün Bakı gələ bilmədiyi haqda yayılan iddiaların tamamilə yanlış olduğunu qeyd edib:

“Rusiyaya köçdükdən sonra 2 dəfə Bakıya qayıtmışam. Niyə getdiyimi deməyəcəm, 2-3 günlük qayıtmışdım.

Məndən yanıqlı qalanlar bəzən yazırlar ki, Afət Fərmanqızı Bakıya gələ bilmir, sürgündədir və s. Bəzi başıboşlar da bu şayiələrə inanırlar. Bu, iki arvadın davasıdır da, arvad davası nə vaxtdan təhlükə olub? Fevral ayında açıqlama vermişdim ki, Rusiyaya köçəcəyəm, məni məhkəməyə verən qadın isə köçəndən sonra məhkəməyə verdi ki, bu şayiəni buraxsın. Məni məhkəməyə verməmişdən 1 ay öncə artıq köçmüşdüm . Kim nə istəyir desin, mənə hava xoşdur...” 






Fikirlər