“İslam müəllim çox vətənpərvər insan idi. Elini, obasını, doğmasını, ailəsini sevən, çox mülayim təbiətli bir şəxs idi. Doğulub boya-başa çatdığı Füzulinin Sərdarlı kəndi işğal olunanda çox narahatlıq keçirdi. Çox təəssüf edirəm ki, dayım xalqımızın birliyini, ordumuzun gücünü, dövlətimizin, dövlət başçımızın siyasətini görmədi. O axır gününə qədər xəstəxanada idi. Aybəniz xanım, Gülüstan Əliyeva, Ağadadaş Ağayev, Baloğlan Əşrəfov, Məhəbbət Kazımov hamısı xəstəxanada yanında idilər. Onda dedi ki, Fizuli rayonunu, el-obamızı azad görsəydim mənim dərdim olmazdı. Füzulinin Seyid Şuşinski rayona gələndə gəlib onun səsinə qulaq asır və deyir ki, gətirin onu Bakıya. İslam müəllim toylarla məşhurlaşmayıb. O vaxt qadağalar var idi. İllər keçəndən sonra fəxri adlar verirdilər. İndiki kimi hər şey asan əldə olunmurdu. İslam müəllim sənətini sevən, öz biliklərini tələbələrə, dərs dediyi uşaqlara öyrədən bir pedaqoq idi. O Muğam teatrının yaradıcılarından biri olub”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva deyib.
“İslam müəllimin doğması olaraq istərdim ki, bərpa-tikinti işlərindən sonra doğulduğu Füzuli, Sərdarlı kəndindəki küçələrdən birinə onun adı verilsin. Dövlətimiz dayıma hər zaman diqqət yetirib. Xatirəsi də öz kəndində əbədiləşdirilsəydi çox yaxşı olardı. İnşallah ki, adını daşıyan musiqi məktəbi də yaradılar. Onun qavalı da bizdədir. Dayımın yeri bu gün çox görünür. Düzdür, indi gənclərimiz yetişir, amma belə sənətkarların yeri əvəzolunmazdır. Əvəzolunmaz sözü İslam müəllimə aiddir. Arif Qazıyevin çəkdiyi “Şur” filmində 3 ifa olunur. Əlibaba Məmmədov, Arif Babayev, bir də dayım. Orada ən yüksək tonda dayım ifa edir. Onun səsi çox mülayim idi. Hər bir şeyi qayda-qanunla edirdi. Azərbaycan musiqisi notda necə yazılıbsa dayım onu olduğu kimi oxuyub. O səsdən, avazdan mən tapa bilmirəm” deyə İslam Rzayevin yaxın qohumu deyib.