“Namiq Qaraçuxurlu ilə duetimdən sonra Arif Babayevin gözünə görünmədim, demişdi ki..."

“Namiq Qaraçuxurlu ilə duetimdən sonra Arif Babayevin gözünə görünmədim, demişdi ki...

Bu gün xalq artisti, şöhrətli xanəndə Arif Babayevin 85 yaşı tamam olur. Böyük sənətkar incəsənətimizə çox böyük töhfələr verib, sənətkarlar, xanəndələr bəxş edib. Əməkdar artist, sevilən müğənni Könül Kərimova da Arif Babayevin tələbəsi olub.
Moderator.az-a açıqlama verən Könül xanım müəllimi ilə bağlı xatirələrini bizimlə bölüşüb.
“Arif Babayev mənim əziz müəllimim olub. Onu ürəkdən təbrik edirəm. Allah onu qorusun, can sağlığı versin. Fəxr edirəm ki, mənim müəllimim o olub. Arif müəllimlə sonuncu dəfə “Atv səhər” verilişinin yeni ilə həsr olunmuş buraxılışında görüşmüşdük. Cabbar Musayevlə birgə sənətkarın evinə qonaq getmişdik. Bizimlə dərsdə nə qədər ciddi idisə, bir o qədər də zarafatcıl idi. Dərsin bitməyinə az qalmış deyirdi ki, “ay Könül, bir ağız hind mahnısı oxu, gedək”. Dərsdə çox vaxt ciddi idi. Elə zənn edirdik ki, hər dərs imtahan veririk. Gülüstan Əliyeva da bizimlə birgə oxuyurdu. O vaxtı da yeni buroşkalar çıxmışdı. Saça vuranda kəpənək kimi görünürdü. Arif müəllim sinfə daxil olan kimi Gülüstan xanıma gözü sataşdı. Gördü ki, saçında kəpənək kimi bir buroşka var. O dəqiqə dedi ki, “ay Gülüstan, bir Yevlaxı tut görüm” (gülür). Gülüstan axı Yevlaxdandır. Saçındakı buroşka antena kimi görünürdü. Bütün tələbələrinin toyuna gəlib, oxuyub. Bizim toyumuzu da Arif müəllim oxuyub. O video görüntülər indiyə qədər qalmaqdadır” deyə sənətçi bildirib.
 
Əməkdar artist bildirib ki, meyxanaçı Namiq Qaraçuxurlu ilə duet oxuduğuna görə bir müddət müəlliminin gözünə görünməyib.
“Xanəndəlik sinfində oxuyurdum. Bir gün dəvət etdilər ki, bəlkə Namiq Qaraçuxurlu ilə birlikdə nəsə hazırlayasız. Mən də istədim ki, bir az fərqlilik olsun. O vaxt həm də qəribə baxırdılar. Birdən-birə muğam sinfindən çıxasan, meyxana janrına qoşulasan.. Sözün düzü çox çəkindim. Dedilər ki, narahat olma, heç nə olmaz. Mən də fikirləşirdim ki, Arif müəllim görsə biyabırçılıq olacaq. Həm də bilmirdim ki, o soruşsa nə cavab verəcəm. Musiqi hazır oldu, biz oxuduq. “Cavanlıq səhvi” duetimiz çox gözəl qəbul olundu. Qorxumdan Arif müəllimin gözünə görünə bilmirdim. Bir də gördüm ki, efirdə Arif müəllimdən müsahibə alırlar. Ondan soruşdular ki, “Arif müəllim, tələbələriniz haqda nə deyə bilərsiniz?”. Dedi ki, “heç nə, nə deyəcəm?! Tələbələrim də keçib meyxanaya” (gülür). Sonra görüşdüm, hər şeyi ona izah etdim. Arif Babayev nəinki mənim həyatımda, bir çox tələbələrinin həyatında böyük rol oynayıb. Dillərdə əzbər olan mahnıların müəllifidir. Evində qonaq olanda mənə mahnılarından ibarət bir kitab hədiyyə etdi. Mütləq şəkildə onun mahnılarından bir neçəsini oxuyacam” deyə sənətçi bildirib.






Fikirlər